Ermənilərin Moskva terroru – 1977

post-img

Tarixdə bəzən elə faciələr yaşanır ki, onların nəticələri müxtəlif səbəbdən ört-basdır edilərək unudulur. Belə hadisələrdən biri də ermənilərin 1977-ci ildə Moskva şəhərində törətdikləri terror aktıdır. Həmin qanlı akt kustar üsulla hazırlanmış bombalarla həyata keçirilmişdi. Şəhərin ayrı-ayrı yerlərində törədilən 3 partlayış nəticəsində 7 nəfər həlak olmuş, 44 nəfər ağır yaralanmış və yüzlərlə şəhər sakini psixi travma almışdı. 

Erməni terrorunun rus qurbanları 

Xalqlar dostluğunun parlaq çağında, sosializm bərabərliyinin, kommunist qar­daşlığının romantik dövründə imperiyanın paytaxtında qətliam törətmək kimlərin marağına xidmət edirdi? Ermənilərin bu xəyanətinin arxasında hansı məqsədlər dayanırdı? 

Suallar olduğu kimi versiyalar da çox idi...

İlk terror aktı 1977-ci ilin 8 yanvarında baş verir. Axşamçağı saat 17:33-də met­ronun “Pervomayskaya” ilə “İzmailovska­ya” stansiyaları arasında, qatar vaqonla­rının birində bomba partlayır. Partlayışın günahsız qurbanları əsasən yeni il şənli­yindən evlərinə qayıdan uşaqlar və onla­rın valideynləri olur. 

Qanlı hadisədən yarım saat sonra ikinci bomba Baumanskdakı 15 saylı ərzaq mağazasını, 5 dəqiqədən sonra üçüncü bomba DTK binasının yaxınlı­ğındakı 5 saylı ərzaq mağazasını dağı­dır. Moskva əhalisi heç vaxt belə bir olay görməmişdi. Ölkə rəhbəri Brejnevin, DTK sədri Andropov və daxili işlər naziri Şelo­kov da şok yaşadıqlarını dilə gətirirlər. 

İzlər Ermənistana aparmışdı 

500 nəfərdən çox şahid dindirilir, ölənlərin və yaralananların bədənindən partlayıcı qurğulara məxsus xırda hissə­ciklər aşkar edilərək istintaq ekspertinə götürülür. Terror qurbanlarından birinin cəsədində bombaya məxsus kiçicik bir metal hissəsi aşkar edilir. Məhz, bu de­tal müəmmalı cinayətin kələfinin ucu olur. Araşdırma zamanı məlum olur ki, partlayı­cı TNT sovet istehsalı olan “ördək” çuqun qazanın içərisinə qoyulmuş, qapağı isə qazanın özünə qaynaq edilibmiş.

SSRİ-də “ördək” qazanları istehsal edən müəssisələrin sayı çox deyildi. Part­layıcıların qalıqları və qaynaq elektrodla­rının tərkibi dəqiqliyilə analiz edildikdən sonra izlər əməliyyatçıları düz İrəvana aparıb çıxarır. 

Terror hadisəsini araşdıran rus jur­nalisti belə yazırdı: “Ermənistanın döv­lət təhlükəsizlik xidmətinin əməkdaşları moskvalı həmkarlarının gəlişinə qətiyyən sevinmədilər. Bu səbəbdən də Ermə­nistan polisi terrorçuların tapılmasına kömək etmək istəmirdi”. 

Silsilə faciə planları 

Rusiyalı kriminalistlər İrəvanda araş­dırma apararkən, həmin vaxt bombaların ikinci partiyası Moskvaya yaxınlaşırdı. Bu dəfə hədəf Kursk stansiyası seçilmişdi. Lakin xoşbəxtlikdən işlər plana uyğun getmir. Terrorçu stansiyada sənədləri yoxlayan polisdən qorxaraq ehtiyatsızlı­ğa yol verir və bombanı oradaca qoyub qaçır. Polis dərhal hərəkətə keçərək isti izlərlə Stepanyan və Baqdasaryan so­yadlı Ermənistan vətəndaşlarını Gürcüs­tan–Ermənistan sərhədində yaxalayır. Tutulan terrorçular onlara tapşırıq verən şəxsin kimliyini müstəntiqlərə açıqlamaq məcburiyyətində qalırlar. 

İstintaq məlumatına görə, terror aktla­rının əsas təşkilatçısı və rəhbəri Stepan Zatikyan, terroru həyata keçirənlər isə Zavet Baqdasaryan və Akop Stepanyan soyadlı ermənilər olmuşdu. Dindirilmələr zamanı Baqdasaryan və Stepanyan de­mişdilər ki, millətçilik ideyalarının əsirinə çevrilmiş Zatikyan hər fürsətdə hamını “ermənləri əzdikləri üçün” ruslardan in­tiqam almağa çağırır. 

Məlum olub ki, antisovet fəaliyyətinə görə bir dəfə həbs olunan Zatikyan İrə­vanda gizli təşkilat yaradaraq “Ermənis­tanın SSRİ-dən ayrılması” istiqamətində fəal təbliğat aparanlardan imiş. 

Cinayətin üstü açılan kimi ənənəvi erməni həmrəyliyi terrorçuların müdafiə­si üçün fəaliyyətə keçir. Hadisəni ermə­nilərdən yan tutmaq üçün Ermənistanın birinci katibi Dəmirçiyan Andropovun bi­rinci müavini Sviqun ilə birləşərək həbs olunmuş erməni terrorçuların azadlığa buraxılmasına çalışır. Cinayət işini apa­ran istintaq qrupunun rəhbəri terrorçuları zərərsizləşdirərkən ələ keçirilən 18 ədəd əldə düzəldilmiş bombanı yüksək rütbə­li şəxslərin masası üzərinə düzməsəydi, çox güman ki, terrorçular azadlığa buraxı­lacaqdı. 

İrəvan mətbuatı isə susmuşdu 

“Bombaçılar” əməliyyatı 60 cildlik is­tintaq materialları ilə başa çatır. İki il çəkən istintaq prosesindən sonra cinayətkarlara SSRİ Ali Məhkəməsində 16–20 yanvar 1979-cu il tarixlərində məhkəmə qurulur. Yanvarın 24-də isə məhkəmənin qərarı ilə hər üç müttəhim güllələnmə cəzasına la­yiq görülür. Hökm elan olunduqdan 5 gün sonra cinayətkarlar edam edilirlər. 

Rusiyanın ordu generalı Bobkov bu dəhşətli terror aktı haqqında danışarkən belə deyib: “Ermənistan rəhbərliyi bu qanlı cinayəti respublika əhalisindən giz­lətməyə çalışırdı. Erməni dilində çıxan qəzetlərin heç biri bu terror aktı ilə bağlı xəbər dərc etmədi...” 

Bəli, türk torpaqlarından zor-xoş qo­pardaraq ona ölkə yaradıb dövlət quran bir xalqa – rus xalqına xəyanət edən erməni­dən hər namərdlik gözlənilir. Bunu kim bil­məsə də, biz azərbaycanlılar yaxşı bilirik! 

Murad KÖHNƏQALA

Siyasət