Avropa siyasətçiləri Nikol Paşinyanın yanında olacaqlarını belə nümayiş etdirirlər
Ermənistan maraqlı və mövcud iqtidarın opponentləri tərəfindən birmənalı qəbul edilməyən hadisə ərəfəsindədir. Avropa İttifaqının Avropa Siyasi Birliyinin 8-ci sammiti İrəvanda keçiriləcək. “Qoca qitə”nin siyasi isteblişmentinin məhz parlament seçkilərinə bir ay qalmış İrəvanda toplaşmasının təsadüf olmadığı siyasətdən uzaq diletanta da məlumdur. Hazırda erməni mediası hadisəyə ən müxtəlif rakurslardan şərh verməklə məşğuldur.
Avropa Siyasi Birliyinin “Gələcəyin formalaşdırılması: Avropada birlik və sabitlik” mövzusunda İrəvanda keçiriləcək iclasına Aİ Şurasının sədri Antonio Kosta və Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edəcəklər. Hazırlıq və təşkilatı işlərə dövlət büdcəsindən təxminən 1 milyard dram (2,6 milyon dollardan çox) vəsaitin ayırdığı VIII sammiti hay mediasının bir qismi “Ermənistan üçün tarixi mərhələ”, “Brüssel və İrəvan arasında münasibətlərdə dönüş nöqtəsi”, “ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Cənubi Qafqazda sülhün, əlaqənin və iqtisadi inkişafın möhkəmləndirilməsi” kimi dəyərləndirir. Müxalifyönlü digər qisim isə bu sammiti Ermənistan üçün keyfiyyətcə irəliləyiş deyil, hökumətə xarici siyasət dəstəyi göstərmək cəhdi kimi tənqid atəşinə tutub.
ASB-ın İrəvan sammitinə 50-yə yaxın dövlətin prezidenti, yaxud baş naziri dəvət olunub. Onların sırasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da adı var. Ankara hələlik dəvətə rəsmi cavab verməsə də, dövlət başçısının bu toplantıya qatılacağı böyük sual işarəsi altındadır. Avropa ölkələri arasında strateji yaxınlıq, əməkdaşlıq, dialoq və koordinasiyanı inkişaf etdirmək məqsədilə yaradılan Avropa Siyasi Birliyinin (ASB) toplantısına dəvəti qiymətləndirərkən rəsmi Ankaranın Bakının mövqeyini nəzərə alacağı birmənalıdır.
ARAYIŞ: Türkiyə Fransa Prezidenti Makronun təşəbbüsü ilə yaradılan ASB-nin 6 oktyabr 2022-ci ildə Çexiyanın Praqa şəhərində keçirilən ilk toplantısında iştirak edib. Türkiyə Prezidenti R.T.Ərdoğan ASB-nin 7 noyabr 2024-cü il Budapeşt və 16 may 2025-ci il Tirana sammitlərinə də qatılıb. Amma 2023-cü ildə İspaniya və Moldovada, 2024-cü ildə Böyük Britaniyada, ötən il Danimarkada düzənlənən görüşlərə dəvət almasına baxmayaraq, iştirak etməyib.
Aİ Avropa Siyasi Birliyinin qarşıdakı sammiti ərəfəsində Ermənistan müxalifətinin indiki iqtidarın ünvanına tənqidləri daha da kəskinləşib. “Avropa Siyasi Birliyinin 8-ci sammitinin İrəvanda keçirilməsi Ermənistanın baş naziri Nikol Paşinyana birbaşa dəstəkdir”. Bu sözləri dünən jurnalistlərlə görüşündə Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib. O, dediyini belə izah edib ki, bu formatda görüşlər adətən əvvəlcə Avropa ölkəsində, daha sonra isə Avropa İttifaqına üzv olmayan ölkədə keçirilir. Erməni müxalif siyasətçi hesab edir ki, sammitin ünvanı kimi Ermənistan heç də bu prinsipə görə seçilməyib. “Onlar məhz bu günlərdə gəlmək qərarına gəliblər ki, Ermənistanın xəyanətkar rejiminə dəstəklərini göstərsinlər. Bu, Avropa Siyasi Birliyinin İrəvandakı əsas mesajıdır və bu, qəbuledilməzdir”, - deyə Aşotyan bildirib.
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini bu xüsusda müqayisə də aparıb: “Avropa ictimaiyyətinin başqa ölkələri, məsələn, Rusiyanı Moldovadakı seçkilərə müdaxiləyə görə, yaxud Türkiyəni Balkan ölkələrindəki seçkilərə “müdaxiləyə” görə tənqid etdiyi məsələləri indi Ermənistanda Avropa İttifaqı özü edir”. ASB-nin İrəvan sammitinin artıq öz loqosu var və orada iki dairə təsvir olunub. Aşotyan loqo üçün Ermənistan Respublikaçılar Partiyası tərəfindən hazırlanmış variantı təqdim etdiklərini, orada həmin dairələrin qandal şəklində göstərildiyini deyib: “Biz ona daha doğru təsvir verdik. Axı Ermənistanda bu dəyərlər, sadəcə, dairə deyil, zəncirlərdir. Avropalılar bura demokratiyanı təşviq etməyə yox, riyakarlığı təşviq etmək üçün gəlirlər. Çağırışımız budur: riyakarlığı dayandırın və demokratiyanı qoruyun”.
* * *
Ermənistanın “HayaQue” milli vətəndaş birliyi Avropa İttifaqına üzv dövlətlərə, onların hökumətlərinə, Avropa Şurasının, Avropa Komissiyasının və Avropa Parlamentinin rəhbərlərinə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında iştiraklarını yenidən nəzərdən keçirmək üçün rəsmi məktub göndərib. Erməni mediasının yazdığına görə, məktubda deyilir ki, iyun ayında Ermənistanda keçiriləcək növbəti parlament seçkilərindən əvvəl keçiriləcək bu sammitdə mövcud hakimiyyətə, şəxsən baş nazir Nikol Paşinyana birbaşa siyasi dəstək elementləri var. Qeyd olunur ki, belə bir yanaşma Ermənistanda fəaliyyət göstərən digər siyasi qüvvələr üçün qeyri-bərabər şərait yaradacaq: “Ermənistan hazırda dərin daxili qütbləşmə və ciddi xarici təhlükəsizlik problemləri ilə üzləşir, buna görə də beynəlxalq aktorların daxili siyasi tarazlığın qorunmasına birbaşa təsir kimi şərh edilə biləcək hər hansı bir addımdan çəkinməsi vacibdir”.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov Avropa Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsinin müəyyən məqsədlər güddüyünü dedi. Politoloq bu məqsədlərin məhz rəsmi İrəvanın istəyi ilə üst-üstə düşdüyünü vurğuladı: “Nikol Paşinyan iqtidarının hazırda əsas məqsədi parlament seçkilərində qalib gəlmək və hakimiyyəti öz əlində saxlamaqdır. Rəmi İrəvanın düşüncəsinə görə, Avropanın aparıcı dövlət başçılarının, nüfuzlu xadimlərin Ermənistana gəlməsi, onlar tərəfindən dəstəyin nümayiş etdirilməsi, hətta ola bilsin ki, bəzi ölkələrlə yeni sazişlərin imzalanması hakimiyyətin siyasi nüfuzuna və kapitalına töhfə sayılacaq. Bəli, bu toplantının Paşinyanın nüfuzuna, müəyyən dərəcədə, müsbət təsir göstərəcəyini istisna etmək olmaz. Avropa İttifaqının Ermənistandakı mülki missiyasının timsalında mövcud dəstəyinə daha birinin – parlament seçkisi ilə bağlı Ermənistan Respublikasında Avropa İttifaqı Tərəfdaşlıq Missiyası çərçivəsində qrupun təşrif buyurması əlavə birbaşa praktiki yardım mənasında qəbul oluna bilər. İki ölkə atrasında sərhədin demarkasiya prosesi uğurla davam etdiyindən Aİ-nin birinci mülki missiyasının fəaliyyətinə lüzum qalmasa da, getməyə hazırlaşmır, əksinə, yeni missiya iki il Ermənistanda iş aparacaq”.
Aİ-nin Avropa Siyasi Birliyinin növbəti toplantısının İrəvanda keçirilməsinin Azərbaycanın maraqları ilə ziddiyyət təşkil etmədiyini düşündüyünü bildirən F.Sadıxov həmin tədbirdə özkəmizin ünvanına hansısa xoşagəlməz ifadələrin səsləndiriləcəyinə inanmadığını da dilə gətirdi: “Hazırda Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri normal məcrada davam edir. Burada söhbət Avropa Parlamentinin anti-Azərbaycan ritorikasından, qərəzli bəyanat və qətnamələrindən gedə bilər. Artıq həm Aİ-nin prezidenti Koşta, həm də birliyin xarici siyasət məsələləri üzrə komissarı Kallas Bakı oldular, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdülər. Eyni zamanda, mövcud geosiyasi vəziyyət fonunda Avropa Siyasi Birliyinin özünün də Azərbaycana ehtiyacı var. Əgər onlar parlament seçkiləri ərəfəsində Nikol Paşinyana siyasi dəstək nümayiş etdirirlərsə, qoy etsinlər. Hər halda bizi Ermənistanın indiki hakimiyyəti daha çox qane edir, nəinki Koçaryan-Sarkisyan klanı, yaxud kənardan “desant” göndərilən milyarder oliqarxlar. Ehtimal edirəm ki, ASB-nin İrəvan sammiti Azərbaycanın maraqlarına zidd olmayan bir tədbir olacaq. Həm də düşünürəm ki, Ermənistana gələcək Avropanın aparıcı dövlətlərinin başçıları iki ölkə arasında münasibətlərin normallaşmaya doğru getməsini təqdir edəcək və yüksək qiymətləndirəcəklər. Çünki reallıq bundan ibarətdir və onu heç kəs inkar edə bilməz”.
İmran BƏDİRXANLI
XQ


