Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Regional təlim mərkəzlərinin regional əlaqəliliyin gücləndirilməsində rolu” mövzusunda beynəlxalq seminar keçirilib.
Bu barədə XQ-yə DGK-dən məlumat verilib.
Bildirilib ki, Ümumdünya Gömrük Təşkilatının Aşqabad şəhərində yeni Regional Təlim Mərkəzinin açılışı münasibətilə təşkil olunan seminarda Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Yaponiya və Macarıstanın gömrük xidmətlərinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Seminar çərçivəsində ÜGT-nin regional təlim mərkəzlərinin potensialın gücləndirilməsində rolu, təlim və peşəkar inkişaf sistemlərinin müasirləşdirilməsi, regional əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübənin paylaşılması məsələləri müzakirə olunub.
Həmçinin regional təlim mərkəzlərinin institusional imkanlarının genişləndirilməsi, təlim proqramlarının yenilənməsi, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, eləcə də fəaliyyətlərin regional səviyyədə əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, ÜGT-nin yanaşmaları, regional təlim modelləri və milli təcrübələrə dair təqdimatlar nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycan və Türkmənistan gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki qurum arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı fəaliyyətin daha sistemli əsasda inkişaf etdirilməsi, həmçinin əvvəlcədən məlumatların verilməsi əsasında sürətli keçidin təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.



