İlmə-ilmə toxunanlar ilim-ilim itməsin!

post-img

– Anam və atam Şəkidə xalq yaradıcılığı sahəsində ən məşhur müəllimlər idilər. Onlar Şəkidə 8 və 19 nömrəli məktəblərdə əmək, rəsm və rəsmxət müəllimi kimi uzun illər işləyiblər. Anam şəhər pionerlər evində yaradılan xalq yaradıcılığı məktəbində təkəlduz sənətini öyrədən dərnəyə rəhbərlik edirdi. Məktəbdə fəaliyyət göstərən həmin dərnək çox böyük işlər görürdü və orta məktəbin bütöv bir mərtəbəsi tələbələrin əl işləri, keramika, boyakarlıq, meyvə toxumları ilə hazırlanmış tablolardan ibarət sərgi salonunu, muzeyi xatırladırdı. O vaxt Şəkiyə gələn əcnəbi qonaqların demək olar ki, hamısına həmin əl işlərini göstərərdilər, - deyə təkəlduz ustası Mehriban Xəlilzadə deyib.

O, Şəkidə sənətkarlar ailəsi kimi tanınan Əl­mahir Əliyev və Arifə Məmmədovların ocağın­da dünyaya göz açıb. Atası Ə.Əzimzadə adına Rəssamlı məktəbini bitirmişdi, anası Arifə xanım isə tikməçi idi. Belə bir ailədə doğulan Mehriba­nın lap erkən yaşlarından sənətə böyük məhəb­bəti yaranıb. Arifə xanım iynəni yerə qoyan kimi o götürür, yavaş-yavaş bədii tikmə sənətinə yiyələnirdi. O, ilk işlərini ərsəyə gətirəndə 9 yaşı tamam olmamışdı.

“Anam 1994-cü ildə UNESCO-nun Pakistan­da keçirdiyi İslam ölkələrinin incəsənət festiva­lında öz tikmələri ilə iştirak edib, tikmələri Tür­kiyə, ABŞ, Niderland, Macarıstan, Pakistan, İran və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş olunub. “Nyu-York tayms” qəzetində haqqında məqalə və 2000-ci ildə ABŞ-da incəsənət əsər­lərinin qlobal kolleksiya kataloqunda əl işləri dərc olunub. Onun yüzdən çox tələbəsi var idi. Bu gün Şəkidə təkəlduzla məşğul olanlar ya ana­mın tələbəsi, ya da tələbəsinin öyrətdikləri və ya övladlarıdır. Onun tələbələrindən biri də mən ol­muşam”, - deyə Mehriban Xəlilzadə bildirib.

Zərif sənətin izinə düşən tikməçi rəssam bu işin çox böyük zəhmət, diqqət, həssaslıq və sə­bir tələb etdiyini söyləyir: “Tikmə eskizin çəkil­məsindən başlayır. Bundan sonra ucu qarmaq formasında olan iynə ilə naxışın ipək, pambıq, yun, atlas və digər saplarla parçaya köçürülməsi mərhələsi gəlir. İş prosesi 2-3 ay, bəzən materi­al zərif olanda həcmdən asılı olaraq daha uzun müddət də davam edə bilər. Təkəlduzun bütün növlərində işlərim, tikmələrim var. Miniatür iş­ləməyi çox sevirəm. İpək saplarla işlənən əsərlər daha keyfiyyətlidir, muncuqla işlənənlər isə gözə daha xoş gəlir”.

Nəbati və həndəsi naxışları al-əlvan parça­ların üzərinə köçürən Mehriban xanımın verdiyi məlumata görə, materialına və işlənmə texnika­sına görə bədii tikmənin 13 növü var: “Güləbətin, muncuqlu, pilək, tortikmə, məxmərtel, iynədaba­nı, quşgözü - onu bəzən cülmə və ya cinağı tikmə də adlandırırlar, sırımatikmə, doldurma, sanama və oturtma tikmə. Onların hər birinin öz tikilmə texnikası var. Məsələn, qızılı saplarla işlənilən güləbətin tikmədən daha çox saraylarda, əsasən geyimlərin yaxalığında və qolunda, kürək və çi­yinlərində istifadə olunur, sanamadan süfrələrdə, doldurma tikmələrdən balış üzü, pərdə və məişət əşyalarının bəzədilməsində istifadə olunub”.

Onun dediyinə görə, bunlardan başqa rəngli parçaların müxtəlif üsullarla bir-birinə tikilməsin­dən də istifadə olunur və buna qurama deyilir.

“Bu tikmə növünün bir sıra özəllikləri var. İlk növbədə bu tikmə növündə eskiz parçanın arxasından çəkilir. İynə arxadan batırılmalı və arxadan çıxarılmalıdır ki, ön tərəfdə saplarla qabarıq ilmələr əks oluna bilsin. Eskizin köçürül­məsi və tikilməsi prosesini bir növ güzgü effekti ilə müqayisə edə bilərik. Digər bir özəlliyi ondan ibarətdir ki, tikiləndən sonra qarşı tərəfdə xaotik mənzərə əmələ gəlir. Növbəti mərhələdə xaotik, qarmaqarışıq vəziyyətdə olan ilmələri maqqaşla bir-bir səliqəyə salmaq və öz yerinə oturtmaq la­zım gəlir. İlmələr nəinki bir, hətta yarım millimetr yerini dəyişərsə, onda cizgi və elementlər istə­diyin mənzərəni yaratmır. Bir millimetr kvadrata 9 ilmə yerləşdirmək mümkündür, işin xarakterin­dən asılı olaraq hətta 12 ilmə də yerləşdirmək olar. Təəssüf ki, bu tikmə növünün təlimi və təd­risi haqqında müasir incəsənətdə heç bir məlu­mat yoxdur”, - deyə Mehriban xanım bildirir.

Qeyd edək ki, o, məxmərtel üsulu ilə 30-dan artıq nadir tikmə hazırlayıb. Həmin təsvirləri bə­dii tikmənin bu növündə ilk və nadir işlər hesab etmək olar.

Portret, miniatür və mənzərə janrlarında əsərlər yaradan tikməçi rəssam bu sənətin tədris olunmamasından da narahatlıq ifadə edir: “Necə olur ki, indi qobelen sənəti öyrədilir, tədris edilir, amma yüz illər boyu nənələrimizin məşğul oldu­ğu bədii tikmə sənəti unudulur? İndi bu qədim sənətlə barmaqla sayılacaq qədər məşğul olan var. Nənələrimizin ilmə-ilmə toxuyub bu günə qədər gətirdikləri bədii tikmə sənəti indi ilim-ilim itmək təhlükəsi ilə üz-üzədir”.

Təkəlduzun müxtəlif növlərində 200-dək əsəri olan Mehriban Xəlilzadə “Neyron” tədris mərkəzində həftənin iki günü bu sahəyə maraq göstərən gənclərə sənətin sirlərini öyrədir, onları müxtəlif sərgilərə, muzeylərə apararaq bədii tik­mə nümunələri ilə tanış edir. Təəssüf ki, onların arasında öz taleyini bu sənətə bağlayanlar olma­sa da, həvəskar səviyyədə davam etdirənlər olur.

Mehriban xanım deyir: “Bizə mütləq daimi bir məkan lazımdır. Vaxtilə Binəqədi rayonun­da yaradıcılıq emalatxanası verilmişdi və orada daimi ekspozisiyamız var idi. O vaxt bu sənət­lə maraqlananlarla orada görüşür, sərgilərdə iştirak edirdik, lakin həmin bina 2017-ci ildə söküldüyünə görə oradakı emalatxanada da sıradan çıxdı. İndi xeyli çətinliklərlə üz-üzəyik. Mən bu tikmə növünü təbliğ etmək, yaşatmaq, gələcək nəsillərə ötürmək istəyirəm. Bununla əlaqədar son vaxtlar “tekalduz.com” saytı yarat­mışam və orada bədii tikmənin tarixi, növləri, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı sənətkarlar haqqında olan materialları alman və ingilis dil­lərinə tərcümə edib yerləşdirəcəyik. Ölkəmizdə Bədii Tikmə Muzeyi yaratmaq istəyirəm. Belə bir mərkəzin yaranması tikmənin saxlanılması, qorunması və gələcək nəsillərə ötürülməsini tə­min edərdi. Muzeydə tədrislə də məşğul olmaq, master-klaslar təşkil etmək olar”.

Süleyman QARADAĞLI

Sosial həyat