Astronomlar yanlış “partnyor” seçən ulduzun fəlakətli nəticəsini müşahidə ediblər. Onlar nəhəng ulduzun uzun müddət ətrafında fırlandığı qara dəliyi udmağa çalışdığı zaman baş verən ulduz partlayışları yeni bir fövqəlnova növü kimi qeydə alıblar.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, kütləsi Günəşdən ən azı 10 dəfə böyük olan ulduz və eyni kütləyə malik olan qara dəlik ikili sistem adlanan fəzada bir-birinə cazibə qüvvəsi ilə bağlı olub. Lakin onları bir-birindən ayıran məsafə getdikcə daralıb, qara dəliyin nəhəng cazibə qüvvəsi ulduzu təhrif edib və onu sferik formasından uzaqlaşdırıb.
Massaçusets Texnologiya İnstitutunda yerləşən ABŞ Milli Elm Fondunun Süni İntellekt və Fundamental Qarşılıqlı Əlaqələr İnstitutundan astrofizik Aleksandr Qaqliano bu həftə “Astrophysical Journal”da dərc olunan araşdırmasında qeyd edib: “Biz qara dəliklə ölümcül “tanqoda” kilidlənmiş nəhəng bir ulduzu tapdıq. Qara dəliklə ölüm spiralında illər boyu kütləsi tökülən nəhəng ulduz partlayaraq yox oldu. O, bir saniyədə Günəşin bütün mövcudluğu boyu əldə etdiyi enerjidən daha çox enerji buraxdı”.
Partlayış Yerdən təxminən 700 milyon işıq ili uzaqlıqda baş verib. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrə bərabərdir.
Kütləsi Günəşdən azı səkkiz dəfə böyük olan ulduzlar mövcudluğunu fövqəlnova ilə bitirir. Günəşdən azı 20 dəfə böyük olanlar isə partlayışdan sonra qara dəlik əmələ gətirir.
Kosmosda qeyri-adi partlayışları real vaxt rejimində skan etmək üçün nəzərdə tutulmuş süni intellekt alqoritmi ilk dəfə partlayışın başlanğıcını aşkar edib və astronomlara dərhal sonrakı müşahidələri həyata keçirməyə imkan verən xəbərdarlıq göndərib. Partlayış başa çatdıqda, onun köməyi ilə bu kosmik hadisə çoxsaylı Yer və kosmos teleskopu tərəfindən müşahidə edilib.