Keniya qəzeti Vaşinqton Bəyannaməsinin Azərbaycanda keçiriləcək qlobal tədbirlərə təsiri haqqında yazıb

post-img

Keniyanın ən nüfuzlu mətbuat orqanlarından biri “The Standart” qəzetində Azərbaycan haqqında məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin gələn il mayın 17-dən 22-dək ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) əsas müzakirə mövzularından birinin əlçatan mənzillərin inşası olduğu, bu məsələnin isə Keniya üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyannamənin WUF 13-ün əhatə dairəsi və təsir imkanlarının genişlənməsi üçün ciddi imkanlar yaradacağı bildirilib.

Yazıda Azərbaycanın 30 illik erməni işğalından azad etdiyi ərazilərdə apardığı irimiqyaslı bərpa və yenidənqurma işləri, sürətlə inkişaf etdirilən nəqliyyat-kommunikasiya xətləri ilə regionda sülh və əməkdaşlığa verdiyi töhfə də qeyd olunub.

Həmçinin qeyd olunub ki, 2002-ci ildə ilk Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmiş Keniya bu sahədə qlobal meyarların WUF13 çərçivəsində yüksək səviyyədə müzakirəsinə xüsusi əhəmiyyət verir. 2024-cü ildə COP29-a ev sahibliyi edən Azərbaycan tərəfindən dayanıqlı urban inkişafı və iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri ilə bağlı təşəbbüslərinə xüsusi diqqət yetirməsi WUF13-ün hədəf və məqsədləri üçün mühüm fürsətlər yaradır.

Bundan əlavə, məqalədə ölkəmizin 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcəyi və bu tədbirin qlobal iqlim fəaliyyəti üçün vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, Keniya ilə Azərbaycan arasında inkişaf edən əməkdaşlığın müsbət dinamikası nəzərdən keçirilərək ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün aparılan işlər, bu istiqamətdə baş tutan bir sıra mühüm səfərlər və tərəfdaşlıq təşəbbüsləri vurğulanıb.



Siyasət