2025-ci il Enactus Azərbaycan Milli Yarışı başa çatıb

post-img

Avqustun 15-də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilən 2025-ci il Enactus Azərbaycan Milli Yarışı uğurla yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən Milli Yarışın final gününün açılış mərasiminə Enactus proqramının ölkə üzrə rəhbəri Rəşad Zeynalovun çıxışı ilə start verilib. Proqramın ölkə üzrə rəhbəri çıxışında 2022, 2023, 2024 və 2025-ci illərdə görülən işlər, komandaların il boyunca hazırlıq prosesi və qarşıdan gələn Enactus Dünya Kuboku haqqında danışıb.

Sonra “Enactus Azərbaycan” İdarə Heyətinin üzvləri çıxış ediblər. Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev açılış nitqi ilə çıxış edərək bildirib ki, Fond olaraq Enactus Azərbaycan təşəbbüsünə dəstək uzun müddətdir dəstək göstərilir. Bu platforma gənclərə öz bacarıqlarını nümayiş etdirmək, şəxsi inkişaflarını təmin etmək və özlərini sübut etmək üçün mühüm imkan yaradır.

Digər çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətində gənclərin təhsilli və savadlı yetişməsinin əsas istiqamətlərdən biri olduğunu vurğulayaraq təhsil sisteminin təkmilləşdirilməsi və müasir dövrün çağırışlarına cavab verməsi məqsədilə ölkəmizdə həyata keçirilən islahatların əhəmiyyətini diqqətə çatdırıblar. Enactus kimi layihələrin tələbə gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət etdiyi bildirilib.

Avqustun 12-də 2025 Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsində hakimlərin qiymətləndirilməsi nəticəsində 24 komanda arasında final mərhələsinə vəsiqə qazanan Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin Enactus komandaları tədbir boyunca layihələrini təqdim edib, münsiflər heyətinin suallarını cavablandırıblar.

“Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə Qarabağ Universitetinin Enactus komandası 2025 Enactus Azərbaycan Milli Yarışının qalibi elan edilərək sentyabrın 25-28-də Tailandda keçiriləcək Enactus Dünya Kubokunda ölkəmizi təmsil etmək hüququnu qazanıblar. Qeyd edək ki, qalib komanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Kubokunda iştirak edəcək. Münsiflər heyətinin müvafiq qərarına əsasən Naxçıvan Dövlət Universitetinin Enactus komandası 2-ci, Bakı Ali Neft Məktəbinin Enactus komandası isə 3-cü yerə layiq görülüb.

Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.

Qeyd edək ki, Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir. Enactus Proqramı 1975-ci ildə ABŞ-da yaradılıb. Ölkəmizdə proqramı Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təmsil edir.

Sosial həyat