Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya işləyən 52 hərbçini ifşa edib

post-img

Ukrayna Təhlükəsizlik Xidməti genişmiqyaslı müharibə başlayandan bəri Rusiyaya işləyən 52 hərbçini ifşa edib və düşmənin bir neçə kəşfiyyat şəbəkəsini dağıdıb.

Bu barədə AZƏRTAC Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bəyanatına istinadla xəbər verir.

Bəyanatda deyilir: “Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməyi ilə sistemli şəkildə Rusiya agentlərini ifşa edir, dövlətimizin Təhlükəsizlik və Müdafiə Qüvvələrində cinayətkar sxemlərin kökünü kəsir”.

Təkcə SBU Hərbi Əks-kəşfiyyat İdarəsinin əməkdaşları müharibənin başlamasından bəri Ukraynanın Müdafiə Qüvvələri və hərbi obyektləri haqqında məlumat toplayan Rusiya xüsusi xidmət orqanlarının 207 agentini ifşa ediblər: onlardan 52-si fəal hərbi qulluqçu olub, 44 xain artıq 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilib.

2025-ci ildə SBU hərbi əks-kəşfiyyatı düşmənin üç kəşfiyyat şəbəkəsini məhv edib.

Xüsusən, bu ilin avqustunda Zaporojyedə orduya səfərbər edilmiş şəxsin və yerli pravoslav kilsəsi keşişinin daxil olduğu Rusiya kəşfiyyat xidmətinin agentura şəbəkəsi ifşa edilib. Cinayəti törədənlər Rusiya hava bombalarını Müdafiə Qüvvələrinin yerləşdiyi ərazilərə yönəldir və düşmən hücrəsinə yeni agentləri cəlb edirdilər.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya