“Xüsusi icra məmurları haqqında” Qanun: Azərbaycanın hüquq sistemində vacib institusional islahat

post-img

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu milli hüquq sistemində yeni institusional modelin formalaşdırılmasına xidmət edən fundamental normativ-hüquqi aktdır. İllərdir yalnız dövlət icra məmurları tərəfindən həyata keçirilən icra prosesləri artan iş yükü, inzibati prosedurların ləngliyi və effektivlik problemləri səbəbindən islahat zərurəti yaradırdı. Yeni qanun bu boşluğu doldurmaq məqsədilə xüsusi icra məmurları institutunu təsis edir və icra prosesinə özəl peşəkar mexanizmlərin cəlbini təmin edir. Qanun məhkəmə qərarlarının və digər icra sənədlərinin yerinə yetirilməsi prosesində dövlət icra orqanlarının fəaliyyətini tamamlayan və paralel funksionallığa malik xüsusi icra məmurları institutunu təsis etməklə, icra mexanizmlərinin effektivliyinin artırılmasını, icra prosesində peşəkarlığın və şəffaflığın təmin edilməsini hədəfləyir.

Xüsusi icra məmurları dövlət qulluqçusu statusuna malik olmadan məcburi icra səlahiyyətlərini həyata keçirən fiziki şəxslərdir. Onların fəaliyyətinin hüquqi əsası Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, “İcra haqqında” Qanun, müvafiq beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlardan ibarətdir. Qanunverici xüsusi icra məmurlarının fəaliyyətini qanunçuluq, ədalətlilik, obyektivlik, şəffaflıq, qərəzsizlik, icra sənədlərinin icrasının məcburiliyi və əcburi icra tədbirlərinin mütənasibliyi prinsipləri üzərində qurur. Bu prinsiplər, icra məmurunun hərəkətlərinin hüquqi legitimliyini təmin etməklə yanaşı, icra prosesində iştirakçıların hüquq və qanuni mənafelərinin qorunmasına da təminat verir.

Qanunla müəyyən edilmiş idarəetmə modeli iki paralel elementdən ibarətdir. Dövlət icra orqanları xüsusi icra məmurlarının qeydiyyata alınmasını, atributlarının (şəhadətnamə, möhür, geyim forması) təsdiqini, elektron icra sistemlərinə inteqrasiyasını və fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Bununla yanaşı, xüsusi icra məmurlarının peşəkar özünüidarə orqanı qismində Palata yaradılır ki, bu qurum peşə etikası qaydalarını tətbiq edir, ixtisasartırma tədbirlərini təşkil edir, intizam icraatını aparır və peşə fəaliyyətinin inkişafına dair tədbirlər həyata keçirir. Beləliklə, qanunverici dövlət nəzarətinin möhkəmliyini qoruyaraq, icra məmurlarının peşəkar müstəqilliyini də təmin edir.

Maliyyə-hüquqi tənzimləmə çərçivəsində xüsusi icra məmurlarının peşə məsuliyyətinin icbari sığortası minimum əmək haqqının 200 misli məbləğində müəyyən edilmişdir. İcra haqlarının hesablanması, avans ödənişlərinin tətbiqi, maliyyə uçotu və hesabatlılıq qaydaları normativ şəkildə tənzimlənmişdir. Eyni zamanda, fəaliyyət zamanı qanun pozuntularına yol verilməsi inzibati, intizam və hüquqi məsuliyyət tədbirlərinin tətbiqi ilə nəticələnir ki, bu da icra prosesində qanunçuluğun təminat mexanizmi kimi çıxış edir.

Qanun, icra mexanizmlərinin səmərəliliyini artırmaqla yanaşı, məhkəmə qərarlarının icra səviyyəsini yüksəltməyi, icra prosesində tərəflərin hüquqlarının müdafiəsini gücləndirməyi və nəticə etibarilə hüquqi dövlət prinsipinin reallaşmasına töhfə verməyi nəzərdə tutur. Lakin nəzərdə tutulan hüquqi institutun effektiv fəaliyyəti yalnız qanunvericilikdə müəyyən edilmiş prinsiplərin praktikada tam və ardıcıl tətbiqi  ilə mümkündür.

Beləliklə, “Xüsusi icra məmurları haqqında” Qanun milli hüquq sistemində icra sahəsinin modernləşdirilməsi istiqamətində kompleks və sistemli yanaşmanı əks etdirir. Onun real təsir gücü tətbiq mexanizmlərinin işləkliyi və hüquqi təminatların effektivliyindən asılı olacaqdır.

Əziz QASIMOV

Naxçıvan MR Ali Məclisinin deputatı

Sosial həyat