Qırğız Mədəniyyəti Günləri xalqlarımızın birlik rəmzidir

post-img

Heydər Əliyev Mərkəzində qardaşlıq bayramının açılış mərasimi bu gerçəyin təntənəli təsdiqi oldu. 

İştirakçılar öncə qardaş ölkənin de­korativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksi­yası və milli mətbəx nümunələri ilə tanış oldular. İlkin təəssürat bu oldu ki, xalq de­korativ-tətbiqi və təsviri sənəti sahəsində əsrlərdən bəri yaradılan əl işləri müştərək tariximizin yaddaşından silinməyən izlər buraxaraq əbədi ömür qazanıb və bu sənət indi də layiqincə yaşadılır. Qırğız sənətkarların da xalçaçılıq, bədii tikmə, dulusçuluq, eləcə də rəssamlıq sahəsin­də örnək nümunələri heyranlıq yaradır. 

Sonra Mədəniyyət naziri Adil Kərimli Azərbaycanla Qırğızıstan arasında çe­şidli sahələr üzrə əlaqələrin get-gedə daha da dərinləşdiyini vurğuladı. O, iki ölkənin liderlərinin səmimi dostluq müna­sibətlərinin xalqlarımızın birliyinə güclü stimul verdiyini dedi. Nazir dövlət baş­çılarının Bakıda keçirilən görüşlərini və müxtəlif sahələr üzrə imzalanan sənəd­ləri, paytaxtımızın mərkəzi prospektlərin­dən birində dünya şöhrətli böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışını buna misal olaraq göstədi. 

Bildirildi ki, Azərbaycan Prezidenti bir gün əvvəl Çingiz Aytmatovu Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğlu, eləcə də Azərbayca­nın yaxın dostu adlandırdı. Prezident Qır­ğızıstanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdiyini xatırladı, dünya şöhrətli ədibin Bakıdakı abidəsinin birli­yimizin, dostluğumuzun qardaşlığımızın daha bir rəmzinə çevriləcəyini söylədi.

Qırğızıstan rəhbəri Sadır Japarov isə ölkəsinə və Çingiz Aytmatova olan eh­tirama görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirdi, böyük ya­zıçının Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini məmnunluqla yada saldı. Qonaq bu abidənin ucaldılmasını Çin­giz Aytmatovun yaradıcılığının hamımızı gözəllik, müdriklik və ahəngdarlıq uğrun­dakı vahid məqsəd ətrafında birləşdirdi­yinin təcəssümü olduğunu vurğuladı. O, Ulu öndərin “Manas” dastanının 1000 illik yubileyində söylədiyi “Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük” kəlamını da yada saldı. 

...Qardaş ölkə günlərinin açılış mə­rasimində Qırğız Respublikasının mə­dəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov dedi: “Mədəniyyət bizə ata-babalarımızdan qalan mirasdır. Biz bu mirası gələcək nə­sillərə ötürməliyik. Bugünkü əməkdaşlıq gələcəyə nikbin baxmağa şərait yaradır”.

Mərasimdə çıxışlardan sonra Tür­küstan ölkəsinin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olundu. Qırğızıstan ifaçılarının musiqi çələngi – mahnı və rəqslər alqışlarla qarşılandı. 

Eyni zamanda, Bakıda Qırğız kino günləri də keçirilir. “Cənnət anaların ayaqları altındadır” və “XƏTA#404” film­ləri tamaşaçıların böyük marağına səbəb olub. Dünən isə Azərbaycan Milli Kitabxanasında hər iki ölkənin elm və yaradıcı adamlarının görüşü gerçəkləşib. Bütün bu tədbirlərlə yanaşı, Qırğızıstanda ke­çiriləcək Azərbaycan Mədəniyyəti Günlə­rinə hazırlıq gedir.

Prezidentlərin dünənki Qarabağ səfə­ri zamanı qonaqlar Füzulidə işğalçıların dağıtdığı yerlərə baxıb, şəhərin Baş planı ilə tanış oldular. Ağdam rayonunda Pə­nahəli xanın mülkü olan İmarət komplek­si ziyarət edildi. Cümə məscidinin bərpa­dan sonra birgə açılışı keçirildi, ardınca Qırğızıstan tərəfindən tikilən orta məktəb binasının təməli qoyuldu. Bu tədbirlərin hər biri xalqlarımızın həyatında unudul­maz mədəni hadisədir. 

Xatırladaq ki, ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri aprelin 26-da başa çatacaq və qardaşlıq tariximizin parlaq səhifəsini təşkil edəcək.

Ə.ƏLİYEV
XQ



Mədəniyyət