“Yaşıl dünyamız gözlərə nur verən elmin işığında”

post-img

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası Qadınlar Şurasının və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş elmi konfans keçirilib.

Tədbiri AMEA-nın prezidenti akade­mik İsa Həbibbəyli açaraq 2023-cü ildə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin, Biologiya və Tibb Elmləri Böl­məsinin və Səhiyyə Nazirliyinin birgə təş­kilatçılığı və ölkə ictimaiyyətinin iştirakı ilə görkəmli oftalmoloq alimə həsr olunmuş silsilə konfransların keçirildiyini, nəşrlərin ərsəyə gətirildiyini söyləyib. Qeyd olunub ki, həmin tədbirlər və monoqrafik tədqiqat­larla akademik Zərifə Əliyevanın misilsiz xidmətləri Azərbaycan cəmiyyətinə və dünya oftalmologiya elmi ictimaiyyətinə yenidən tanıdılıb. Həmçinin Mərkəzi Elmi Kitabxana tərəfindən akademik Zərifə Əliyevanın biblioqrafiyası hazırlanıb, Bio­logiya və Tibb Elmləri Bölməsinin “Həyat elmləri və biotibb” jurnalının akademik Zərifə Əliyevaya həsr edilmiş xüsusi bu­raxılışı dərc olunub.

AMEA rəhbəri Zərifə xanım Əliyeva­nın elmi və ictimai fəaliyyəti ilə yanaşı, ulu öndər Heydər Əliyevin vəfalı və sə­daqətli ömür-gün yoldaşı kimi daim onun yanında olduğunu, Azərbaycan xalqına XXI əsrin dünya liderlərindən biri olan, xalqımıza misilsiz qələbələr qazandırmış və ərazi bütövlüyümüzü tam bərpa et­miş Prezident, Ali Baş Komandan İlham Əliyevi bəxş etdiyini söyləyib.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA-nın vitse-pre­zidenti vəzifələrini icra edən akademik Gövhər Baxşəliyeva, AMEA Qadınlar Şu­rasının sədri professor Rəna Mirzəzadə çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin əsa­sını qoymuş elm korifeyi və mərhəmətli həkim, əməlləri insan adına şərəf gətirən parlaq şəxsiyyət olduğunu vurğulayıblar.

Tədbirdə Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovanın, Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru Səy­yarə İbadullayevanın və başqalarının məruzələri dinlənilib.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər