Fantastik kambek

post-img

“Qarabağ”ın sensasiyalı geridönüşü, həqiqətən, möhtəşəm idi

Çərşənbə axşamı “Goal” portalında UEFA Çempionlar liqasının favoritləri sırasında Kataloniyanın “Barselona” klubunun adını görmək mənim üçün xoş oldu, çünki gənc yaşlarımdan bu futbol sehrbazlarının azarkeşiyəm. Amma görəndə ki, Çempionlar liqasının əsas mərhələsindəki 36 klub arasında doğma “Qarabağ” klubunun adı son pillədə yer alıb, doğrusu, bu, olduqca heysiyyətimə toxundu. Nə qədər olmasa, “Qarabağ” klubu milli komandamızdan fərqli olaraq Avropa meydanlarında artıq sözünü demiş, özünü tanıtmış bir klubdur, belə yanaşma heç ürəyimcə deyildi.

Bu ərəfədə də liqanın ilk oyunlarının startı verilirdi və “Qarabağ”ın qismətinə ilk matçında futbolun kifayət qədər populyar olduğu Portuqaliyanın “Benfika” klubu ilə mübarizəyə başlamaq düşmüşdü. Üstəlik, elə o portalda bu cütlüyün şəksiz qalibi kimi məhz “Benfika” klubu göstərilirdi. Bukmeykerlər portuqaliyalıların “köhlən atlar”ımızı çox asanlıqla məğlub edəcəklərini proqnozlaşdırmaqda bəlkə də haqlı idilər. Çünki Avropanın adlı-sanlı klubu sayılan “Benfika” kvalifikasiya turnirində əvvəlcə Fransanın “Nitsa” klubunun müqavimətini qıraraq ümumi hesabda ona 4:0 qalib gəlib, sonra isə Joze Mauriniyonun çalışdırdığı Türkiyənin “Fənərbaxça” klubunu mübarizədən kənarlaşdıraraq Çempionlar liqasının əsas mərhələsinə adlayıb.

Digər tərəfdən, “qartallar”ın heyətində tanınmış, məşhur futbolçular var və onlar doğma meydanda son oyunlarında nəinki uduzublar, qapılarından heç bir top belə buraxmayıblar. Ona görə də “Benfika”nın “Qarabağı” üstələyəcəyi ilə bağlı proqnozlar reallığa söykənirdi deyə, razılaşdımsa da, bir az məyus oldum. Lakin ən güclü futbol mütəxəssislərinin dediyi aşağıdakı ifadə məni bir qədər ümidləndirirdi: “Bu futboldur, burada hər şey mümkündür”.

Qurban Qurbanovun yetirmələrinin Portuqaliya klubuna asanlıqla məğlub olmayacağına və Bruna Laqenin yetirmələrinə başağrısı olacağına əsla şübhəm yox idi. Lakin “Benfika” ilə oyun, həqiqətən, çətin olacaqdı, çünki “qartallar” doğma meydanda çox güclü oyun nümayiş etdirirlər. Digər tərəfdən də ilk dövrədə motivasiya bütün komandalar üçün hədsiz dərəcədə yüksək olur. Hətta heç-heçənin belə “Qarabağ” üçün böyük sürpriz və bayram olacağını düşünürdüm.

Ağdam təmsilçilərinin azarkeşlərini ümidləndirən bir məqam da nəzərimdən qaçmamışdı. Belə ki, həm “Benfika”, həm də “Qarabağ” Çempionlar liqasının ümumi mərhələsinə vəsiqə qazanmaq üçün bu yay seçmə mərhələni keçməli olublar. “Benfika” iki, “Qarabağ” üç turdan qalib ayrılıb. Amma bu oyun bir başqa oyun olacaqdı.

Matç çox sürətli başladı. “Qarabağ” ilk dəqiqələrdən çəkinmədən rəqibin cərimə meydançasının önündən pessinqə başladı. Qarşılaşmanın 3-cü dəqiqəsində ağdamlıların qapısından 32 metr aralıda müdafiəçimiz rəqibin ukraynalı legioneri və matçın ən fəal oyunçularından biri Sudakovun ayaqlarına ağrılı zərbə endirdi. Qapıya birbaşa zərbə üçün ən əlverişli nöqtə deyildi. Amma Rios cəhd etdi və onun güclü zərbəsindən sonra top ağdamlı futbolçulardan birinə dəyib sol cinahdan meydanı tərk etdi.

Birinci hissənin ilk dəqiqələrindən “Benfika” hücumlarını qurarkən maksimum aqressivlik göstərir, sadəcə, ”Qarabağ”ın müdafiəsində zəif nöqtələri tapmağa çalışırdı. 5-ci dəqiqədə “Qarabağ” sağ cinahda ilk əks-hücuma cəhd etdi və kolumbiyalı Duran cərimə meydançasına keçmək istəsə də, bu cəhdin qarşısı alındı. Növbə lissabonlulara çatdı və onlar 6-cı dəqiqədə sol cinahdan künc zərbəsi qazandılar. Sudakov soldan qapı önünə əla ötürmə etdi və Barreneçea başla topu tora göndərdi. Bir gözü Riosda olan Kadi onu saxlaya bilmədi və “qartallar” erkən qolla hesabı açdılar – 1:0. Bu məqamda Qurban Qurbanovun yetirmələri müdafiədə zəif təsir bağışladılar.

“Qarabağ”ın erkən qol buraxması narahatlıq yaradırdı, amma belə bir vəziyyətdə Qurban Qurbanovun həmişə ehtiyat üçün “B” planı olur deyə, özümə təsəlli verdim. Təslim olmaq və oyunçuların burunlarını sallaması hələ çox tez idi.

Bundan sonra meydan sahibləri özlərinə aid hissədə çox rahat şəkildə ötürmələr etməyə başladılar. “Qarabağ” isə pressinqinə bir qədər ara verib müdafiədə səflərini bərkitməyə başladı. Lissabonlular qoldan sonra daha rahat oynamağa və bir-birinin ardınca kəskin hücumlar təşkil etməyə üstünlük verdilər. 12-ci dəqiqədə yenə həmin Sudakov rəqibin cərimə meydançasına incə şaquli ötürmə etdi, lakin ağdamlı müdafiəçilər onun qarşısını kəsə bildilər. 13-cü dəqiqədə Barreneçea yenidən səhnəyə çıxdı. Bu oğlanı həqiqətən “qartallar”ın heyətində qarşılaşmanın ən yaxşı oyunçusu adlandırmaq olardı. Berreneçea ağdamlıların cərimə meydançasının kənarından güclü zərbə vuraraq dubl etməyə yaxın oldu, lakin “Qarabağ”ın cəsur müdafiəçisi Kevin Medina zərbənin qarşısını alıb onun qapımıza yolunu bağladı. Nəhayət, matçın 17-ci dəqiqəsində meydan sahiblərinin yunan legioneri Vangelis Pavlidis əla oyunu ilə özünü göstərdi. Ukraynalı Sudakov ağdamlıların cərimə meydançasındakı Pavlidisə dəqiq şaquli ötürmə etdi. Medina zərbəni dəf edərkən top Mustafazadəyə dəyib qapıçımız ilə üz-üzə dayanan Pavlidisin qarşısına düşdü. Bu qoleador nadir hallarda belə anları boşa çıxarır. Bu dəfə də belə oldu. Qol – 2:0. İnanırdım ki, mənim kimi minlərlə Azərbaycan azarkeşi də bu qoldan sonra “Qarabağ” üçün bu oyunun taleyinin bitdiyini düşünürdü. Amma belə olmadı.

Deyəsən, Qurban Qurbanovun və onun əzmkar yetirmələrinin bu qarşılaşmada yaranan vəziyyətə öz fikirləri və yanaşmaları var idi. Meydanda hər yerdə peyda olan Kadi və mənim böyük hörmət bəslədiyin Yankoviç yavaş-yavaş özlərinə gəlir və meydanın mərkəzində dirijorluq funksiyalarını bərpa edirdilər. Digər oyunçularımız da “Benfika”nın müdafiəsi ilə bağlı bəzi şübhələrini sınamağa başlamışdılar. Məhz matçın 30-cu dəqiqəsində lissabonluların argentinalı dünya çempionu Otomendinin rəhbərlik etdiyi müdafiəsi çat verdi. Kapitanımız Zubir Kamilo Durana ötürmə etdi. Bu epizoda qədər heç nə ilə yadda qalmayan Leandro Androade ötürməni qəbul edib, güclü zərbə ilə topu sağ küncə vurdu. “Qooool”. Əmin idim ki, bu təkcə mənim yox, həmin gecə Azərbaycanda və ondan kənarda televiziya ekranları qarşısında oturub bu matçı həyəcanla izləyən minlərlə azərbaycanlının hayqırtısı idi. Düşündüm ki, bundan sonra “Qarabağ” məğlub olsa belə, bu mənə o qədər təsir etməz, nə qədər olmasa, bu qol ona yuxarıdan aşağa baxanlara çox əla cavab idi. Amma “Qarabağ” məğlub olana oxşamırdı.

Birinci hissənin qalan vaxtında “köhlən atlar” qoldan sonra bir-birinin ardınca “qartallar”ın qapısına kəskin hücumlar təşkil etdilər. Komanda sanki oyunun ilk 20 dəqiqəsində 0:2 hesabı ilə uduzan komanda deyildi. 34-cü dəqiqədə Kadi qapı önünə əla ötürmə etdi və Kamilo Duran başı ilə az qala komandasının ikinci qolunu Trubinin qoruduğu çərçivədən keçirəcəkdi.

35-ci dəqiqədə Kadi rəqibini cərimə meydançası xəttində məharətlə keçərək sol ayağı ilə Azərbaycan millisinin son qarşılaşmasında Emin Mahmudovun 11 metrlik zərbəsindən sonra qapısında qol görmüş Trubinin qoruduğu qapının sağ küncünə zərbə endirdi. Qapı dirəyi “Benfika”nın tərəfində oldu. Amma meydan sahiblərinin qapısına hücum davam edirdi. İndi Yankoviç müdafiəçilərin arasından 11 metrdən qapıya güclü zərbə vurmağı bacardı, lakin Trubin möcüzəvi şəkildə reaksiya verdi və topu yan tərəfə qaytardı.

“Qartallar”ın baş məşqçisi Bruna Laqe özünü itirmişdi və nə baş verdiyini anlamaqda çətinlik çəkirdi. İlk hissənin sonu, demək olar ki, Azərbaycan klubunun aramsız əks-hücumları ilə yadda qaldı. Meydan sahibləri də kəskin hücumlar təşkil etməkdə idilər, lakin ağdamlılar indi daha ayıq oynayırdılar. Xüsusilə Kevin Medina, Antonio Silva, Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə “Benfika”nın qarşısında keçilməz bir səddə çevrilmişdilər.

İkinci hissədə “Qarabağ” klubu sanki meydana qələbə üçün çıxmışdı. Komandada mübarizə əzmi o qədər güclü idi ki, indi onlar nə desən, etməyə hazır idilər ki, təki qələbə qazansınlar.

İkinci hissənin başlamasından heç 3 dəqiqə keçməmiş “Benfika” qapısında qol gördü. 48-ci dəqiqədə Yankoviç meydanın özlərinə aid hissəsindən rəqibin cərimə meydançasının sol kənarına Kamila Durana gözəl ötürmə etdi. Duran isə sözün əsl mənasında, bir o qədər gözəl şəkildə qapının uzaq küncünə möhtəşəm zərbə endirdi. Top dirəyə dəyib tora düşdü. Yenə hayqırdım və küçədən də qulağıma “qol” sədası gəldi. “Qarabağ” hesabı bərabərləşdirdi.

Oyunun başa çatmasına kifayət qədər vaxt qalsa da, əmin idim ki, “köhlən atlar” bu hesabı əldən verməyəcəklər. “Benfika” cidd-cəhdlərlə hücumlar təşkil etsə də, “Qarabağ” artıq özünü inamlı hiss edir və müdafiədə itkilərə yol vermirdi. Hətta oyunun 66-cı dəqiqəsində qarabağlılar Bəhlul Mustafazadənin başla vurduğu 3-cü qolla irəli çıxdılar, lakin qol hesaba alınmadı. Müdafiəçimiz qolu oyundankənar vəziyyətdən vurmuşdu.

Gərgin anlar yaşayan “Benfika”nın baş məşqçisi ard-arda bir neçə əvəzetmə etsə də, bunun bir faydası olmadı. Amma Qurban Qurbanovun 78-ci dəqiqədə etdiyi ikili strateji əvəzetmə özünü çox gözlətmədi. Meydana çıxan Toral Bayramov və Aleksey Kaşçuk oyuna əla qoşuldular. Heç 10 dəqiqə keçməmiş “Qarabağ” lissabonlulara – həm meydandakı futbolçulara, həm də tribunadakı tamaşaçılara şok yaşatdı. Bu dəfə Azərbaycan klubunun ukraynalı legioneri Aleksey Kaşçuk diqqət mərkəzinə düşdü. Kaşçuk rəqibin cərimə meydançasının sağ kənarına daxil olub, Zubirə qısa ötürmə etdi. Kapitandan təkrar ötürmə alan Kaşçuk dönüb düz qapının yaxın alt küncünə zərbə endirdi. Trubin həmyerlisinin bu zərbəsinə, sadəcə, reaksiya verə bilmədi. Qool! 2:3. Qarabağın möhtəşəm kambeki, həqiqətən, fantastika idi. Rəqib meydançasında, futbol ölkəsində belə möhtəşəm geridönüş edən “Qarabağ” klubuna yalnız əhsən demək düşürdü. İki top fərqi ilə udan “Benfika”nı doğma Estadio da Luzdakı məğlubiyyətlə cəzalandırmaq üçün güc tapan əzmkar "Qarabağ"ın səfərdə sensasiyalı qələbəsini, yəqin ki, lissabonlular uzun müddət unuda bilməyəcəklər. Biz də komandamızın fantastikaya bənzər mötəşəm qələbəsini.

Kaş bir gün Azərbaycan himninin sədaları altında meydana girən milli komandamızın da belə əzmkar, fədakar və fantastik qələbəsinə sevinək. Əhsən “Qarabağ”, sən azarkeş sevgisinə və dəstəyinə layiqsən!

İlqar RÜSTƏMOV
XQ



İdman