Bir sıra ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb

post-img

2025-2026-cı tədris ilində bir sıra ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb. Yeni təmayül tədris modelinin məqsədi X–XI sinif şagirdlərinə istədikləri istiqamətdə dərin öyrənmə imkanı yaratmaq, müəllimlərə təmayül siniflərində uyğun tədris şəraiti təmin etməkdir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaydığı məlumatda bildirilir ki, layihə ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Siyəzən, İmişli, Sabirabad, Beyləqan, Xaçmaz, Goranboy, Neftçala, Quba, Şəki və Lənkəran şəhərlərində seçilmiş ümumi təhsil müəssisələrində tətbiq edilir.

Yeni tədris modelinə uyğun olaraq təmayül siniflərdə sertifikatlaşdırma imtahanında minimum 51 bal, müəllimlərin işə qəbulu imtahanı üzrə minimum 81 bal (sertifikatlaşdırmaya cəlb olunmamış müəllimlərə münasibətdə) toplamış və 3 ildən artıq pedaqoji təcrübəyə malik olan müəllimlər tədris prosesinə cəlb olunurlar.

Qeyd edək ki, yeni tədris modelinin tətbiqi şagirdlərin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirməyə, eləcə də ümumi təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmağa xidmət edəcək.

Mustafa Kamal
XQ

Təhsil