Milli Kitabxanada qırğız ziyalıları ilə görüş

post-img

Manas ölkəsinin təmsilçiləri Dədə Qorqud yurdunda 

Ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində dünən Azərbaycan Milli Kitabxanasında “Azərbaycan – Qırğızıstan mədəni-humanitar dostluq əlaqələri” mövzusunda “dəyirmi masa” keçirildi. Müzakirələrdə qardaş xalqların ortaq keçmişinə nəzər salındı, ümumtürk ailəsinin mədəni tərəqqisi ilə bağlı məsələlər diqqət mərkəzində oldu.

Qırğız ziyalılarını qarşılayan Milli Kitabxananın direktoru, professor Kərim Ta­hirov onlara bu nəhəng bilik saxlancının fəa­liyyəti, xarici əlaqələri barədə məlumat verdi. Qonaqlar Milli Kitabxananın zəngin fondu ilə tanış oldular. Söhbət zamanı iki ölkənin milli kitabxanaları arasında kitab mübadiləsi, kino, teatr və mədəniyyətin digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulandı.

Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynovun və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajimaliyevin moderatorluğu ilə keçən görüş­də iki ölkənin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. 

Qırğız Diplomatlar Birliyinin sədri Ja­nıl Tumenbayeva bildirdi ki, qloballaşma çağında türk xalqları mədəniyyətini, milli dəyərlərini qorumaqla özünü dünyaya təbliğ etməlidir. O, Qırğızıstanda çoxsaylı azərbay­canlının yaşadığını və onların diaspor təşki­latının uğurla fəaliyyət göstərdiyini bildirdi. 

AMEA-nın prezidenti akademik İsa Hə­bibbəyli ölkələrimiz arasında dostluq müna­sibətlərinin daha da inkişafında Ulu öndər Heydər Əliyevin rolundan danışaraq xatırlat­dı ki, türk xalqlarının böyük oğlu 1995-ci ildə Bişkekdə “Manas” eposunun minillik yubile­yində çıxışı zamanı xalqlarımızı birliyə səslə­yib və bu gün Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir. 

Çingiz Aytmatov Fondunun rəhbəri Eldar Aytmatov atasının Azərbaycana bağlılığın­dan, buradakı dostları ilə münasibətlərindən danışıb, xatirələrini bölüşdü. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, akademiklər Dillər Universitetinin rektoru Kamal Abdulla və Azərbaycanda Atataürk mərkəzinin rəhbəri Nizami Cəfərov, tarix­çi-alim, diplomat Həsən Həsənov çıxışların­da “Manas” dastanının Azərbaycan xalqına “Dədə Qorqud” eposu qədər doğma olduğu­nu vurğuladılar.

Qırğızıstan Milli Tarix Muzeyinin direk­toru Jıldız Bakanova, qardaş ölkənin Döv­lət Filarmoniyasının direktoru Xalq artisti Kırqızbay Osmonev və Milli Konservatori­yasının rektoru Muratbek Beqaliyev, Dövlət dil siyasəti komissiyasının sədri Melis Mu­rataliyev, Qırğız Respublikası Qəhrəmanı Medetkan Şerimkulov türk xalqları ədəbiy­yatı və mədəniyyətinin qarşılıqlı təbliği­nin ölkələrimizin daha da yaxınlaşmasında müstəsna rol oynayacağını bildirdilər.

Bakıda Çingiz Aytmatovun heykəlinin qoyulmasını yüksək qiymətləndirən qonaqlar ölkələrində görkəmli Azərbaycan bəstəkar­ları Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Arif Məlikovun əsərlərinin daim səsləndiyini, “Arşın mal alan” filminə, onun səhnə versi­yasına qırğızların böyük sevgi ilə baxdıqla­rını söylədilər.

Görüşdə Azərbaycanın Vətən mühari­bəsində Qələbəsi, torpaqlarımızın çoxillik işğaldan azad edilməsi və ölkəmizin suveren­liyinin tam təmin olunmasının qırğız ictima­iyyətinin sevincinə səbəb olduğu da diqqətə çatdırıldı.

Sonda Türk Mədəniyyəti və İrsi Fondu, Qırğızıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə nəşr olunmuş “Zamandan-zamana” kitabı və digər qırğız nəşrləri Azərbaycan Milli Ki­tabxanasına hədiyyə edildi.

Ceyhun MİRZƏLİ

Mədəniyyət