“Azərbaycan Arbitraj Günləri”

post-img

Dünən Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq toplantı işə başlayıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, bir sıra dövlət və hökumət nümayəndələri, müxtəlif ölkələrdən gələn qonaqlar iştirak ediblər.

Azərbaycan Arbitraj Assosiasiyası­nın sədri Kəmalə Mehdiyeva bildirib ki, ölkəmiz arbitraj bütün tərəflərin iştirakı ilə inkişaf edəcək. Azərbaycan beynəlxalq və yerli arbitraja şərait yaradan məkana çevriləcək. Bütün bunlar ölkənin iqtisadiy­yatına müsbət təsir göstərəcək.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov isə qeyd edib ki, sahibkarlıq iqtisadi inkişafın təməl daşı kimi dayanıqlı iqtisadi sistemin qu­rulmasına və iqtisadi tərəqqiyə təkan verməklə yanaşı, həm də sosial rifahın yüksəldilməsində mühüm rol oynayır. Kommersiya məhkəmələrinin yaradıl­ması isə sahibkarların hüquqlarının mü­dafiəsinin gücləndirilməsi və nəticədə ölkəmizdə biznes və investisiya iqliminin daha da yaxşılaşdırılması istiqamətində önəmli mərhələ olub. Ötən il Azərbaycan­da “Arbitraj haqqında” Qanunun qəbul edilməsi ilə arbitraj institutunun inkişafı istiqamətində irəliyə doğru addım atılıb. Yeni Qanun Beynəlxalq Kommersiya Ar­bitrajı haqqında BMT-nin Model Qanunu əsasında hazırlanıb. 

Azərbaycan Sahibkarlar Konfedera­siyasının prezidenti Məmməd Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə so­sial-iqtisadi və məhkəmə-hüquq sahələ­rində də ardıcıl islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, bunların məntiqi nəticəsi olaraq Azərbay­canda dayanıqlı və sabit iqtisadi sistem formalaşmaqdadır. 

Beynəlxalq Ticarət Palatasının Arbit­raj Məhkəməsinin keçmiş sədri Aleksis Mourre hazırda iqlim dəyişmələrinin dün­yanı narahat edən əsas məsələlərdən biri olduğunu və bununla bağlı mübahisələrin sayının artdığını diqqətə çatdırıb.

Toplantı panel müzakirələrlə davam edib. “Azərbaycan Arbitraj Günləri”nin diskussiyaları bu gün yekunlaşacaq.

XQ

Son xəbərlər