Erməni tiryəki – “Vardangeyt”

post-img

Millətçi-separatçılar cinayətkar milyarderin “milli əzabkeş”, “qəhrəman” obrazını yaradaraq, onu Nobel sülh mükafatı ilə “xilas” etmək xülyasına düşüblər

Bu, hayların və haypərəstlərin növbəti anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. “Xalq qəzeti” redaksiyasında keçirilən növbəti “dəyirmi masa” bu məsələyə həsr olunub. “Dəyirmi masa”nın qonaqları “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov idi.

“Dəyirmi masa” müzakirəsini giriş sözü ilə açan XQ-nin baş redaktoru Əflatun Amaşov bildirdi ki, “Nobelçilə­rin” prosesinə dünyanın bir sıra məş­hur piar şirkətləri cəlb olunub. Onların məqsədi 2022-ci ilin sentyabrında Qa­rabağa “desant atılmış”, Xankəndidəki xunta rejiminin “dövlət naziri” təyin edil­miş, indi Bakıda istintaq təcridxanasında separatçı kimi cəzasını gözləyən, “çirkli pulların yuyulması” üzrə beynəlxalq miqyaslı fırıldaqçı Ruben Vardanyanın “şəxsiyyətinin” kultlaşdırılması, onun “qəhrəman obrazını” yaratmaq yolu ilə Azərbaycana siyasi təzyiq göstərməkdir. Əgər hayların “beynəlmiləl” təbliğat ma­şını dünyanın gözü qarşısında ermənilə­rin Vardanyan tiryəkindən beyni duman­lanmış ədalət tərəzisinin gözünü əyirsə, onu qəhrəmana çevirmək avantürasını ictimai rəyə sırıyırsa, deməli, dünya da pozulub, onun bəşəri dəyərləri də. Ci­nayət Məcəlləsinin 3 maddəsi (terrorçu­luğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəa­liyyətində iştirak etmə, Azərbaycan Res­publikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) ilə ittiham olunan Ruben Vardanyanla bağlı Qərbdə növbəti təbli­ğat kampaniyası başlanıb. “Çirkli pulla­rın yuyulması” ilə sərvət toplamış krimi­nal ünsür, terrorçuluğu maliyyələşdirən şəxs olan R.Vardanyanın, hətta, Nobel sülh mükafatına namizədliyinin irəli sü­rülməsi barədə mediada məlumatlar yayılıb. Bunun ardınca isə onun, guya, aclıq aksiyasına başlaması barədə xə­bərlər tirajlanıb. Paralel olaraq oğlu Da­vidin “CNN” telekanalında müsahibəsi təşkil olunub.

Baş redaktor daha sonra qeyd etdi ki, zaman-zaman müxtəlif beynəlxalq dairələrin anti-Azərbaycan fəaliyyətin­dəki ayrı-ayrı məqamları görmüşük. Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” postunu tutmuş Ruben Vardanyanla bağlı təbliğat da, əslin­də, buna hesablanıb. Məlum olduğu kimi, prosesə dünyanın bir sıra məş­hur PR şirkətləri də qoşulub. Məqsəd onun “şəxsiyyətinin” kultlaşdırılması ilə Azərbaycanın nüfuzunu zədələməkdir. Vardanyan, əslində, böyük oyundakı bir “peşka”dır. Görünür, onun azadlığa buraxılması, “qəhrəmanlaşdırılması” ət­rafında ajiotaj gücləndikcə, mövcud is­tiqamətdəki anti-Azərbaycan təbliğat da genişlənəcəkdir.

Dünyada ikili standartlar siyasəti hə­yata keçirilir. Ölkəmiz müstəqillik illərində bu siyasətin müxtəlif təzahür formaları ilə üzləşib. Separatçı Vardanyanın Nobel sülh mükafatına namizəd kimi göstəril­məsi də, onun ailə üzvlərinin CNN kimi qlobal media platformalarında, ABŞ me­diasında görünmələri də prinsip etibarilə həmin siyasətin tərkib hissəsidir. Məqsəd təkcə Rubenin azadlığa çıxmasına nail olmaq deyil. Başlıca məsələ onun fövqə­ladə təbliğatı və bu təbliğatın yaradacağı fon ilə Azərbaycana qarşı çıxmaqdır.

Vardanyan nə edib? Qarabağa qa­nunsuz gəlib, terrorçu rejimdə təmsil olunub, silah-sursat alınmasında işti­rak edib, Azərbaycanın ünvanına hə­də-qorxu bəyanatları səsləndirib. Heç şübhəsiz, cəzasını layiqincə alacaq. Başlıca məsələlələrdən biri də budur ki, bəzi beynəlxalq dairələr reallıqlara mey­dan oxuyurlar. Çox təəssüf ki, belələrinin öz çirkin məqsədlərinə nail olmaları üçün meydan var. Çox təəssüf ki, reallıqlar kimlərsə tərəfindən heç bir mənəvi sıxıntı keçirmədən təhrif edilə bilir. Bu hal təkcə Azərbaycana zərbə vurmaq cəhdi deyil, eyni zamanda, bəşəri prinsip və normala­ra meydan oxumaqdır. Vardanyan Nobel sülh mükafatına namizəd kimi göstərilir­sə, üstəlik, mövcud istiqamətdə geniş­miqyaslı iş aparılırsa, deməli, dünyanın ədalət tərəzisi əyilib.

Əminəm ki, bugünkü toplantımızın iş­tirakçıları qeyd etdiyimiz istiqamətlər üzrə fikirlərini bölüşəcək, ümumən məsələyə daha geniş prizmadan yanaşacaqlar. Ən əsası isə Azərbaycan ictimaiyyətinin qəti və prinsipial mövqeyinin dünyada eşidil­məsi üçün hansı tədbirlər görülməsinin vacibliyinə diqqət yetirəcəklər.

Əliməmməd NURİYEV:

– Müzakirə olunan məsələ son gün­lərin ən aktual mövzularından biridir. Ru­ben Vardanyanın “çirkli pulların yuyulma­sı”, digər qanunsuz əməllərdə iştirakı ilə bağlı kifayət qədər məlumat var. Nobel sülh mükafatının verilməsi üçün tələblər mövcuddur. Vardanyan bu tələblərin heç birinə cavab vermir. Məsələni ilk növbə­də bu nöqteyi-nəzərdən qiymətləndirmək lazımdır. Digər tərəfdən, onun təbliğatı ilə məşğul olan şirkətlərə baxmaq lazımdır. Həmin şirkətlərin indiyədək hansı fəaliy­yətləri olub? Onların, xüsusilə ABŞ-nin “EDELMAN” piar şirkətinin fəaliyyətin­də Vardanyanın iştirakını araşdırmaq lazımdır. Onun USAID-lə, şəxsən er­mənipərəst Samanta Pauerlə şübhəli əlaqələrini də nəzərdən qaçırmaq olmaz. Bundan əlavə, düşünürəm ki, biz Ukray­na ilə bu məsələdə yaxından əməkdaşlıq etməliyik. Çünki Vardanyan Luqansk və Donetskdə separatçılara maliyyə yardı­mının verilməsində birbaşa iştirak etmiş adamdır. Həm ukraynalı parlamentarilər­lə, ekspertlərlə işləmək, həm də onların fikirlərini dünya mediasına çatdırmağa çalışmalıyıq.

Digər tərəfdən, 2019-cu ilin martın­da Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Vardan­yana və “Troyka Dialoq”un “offşor siste­mi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zərurili­yini bildirmişdilər. Məktubu Böyük Brita­niya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 deputat imzalamışdı. Ən vacib məsələlərdən biri yenidən həmin parlamentarilərlə əlaqə qurmaqdır. Ame­rikalı konqresmenlərlə də bu istiqamətdə iş aparmaq lazımdır. Çünki onlar hazır­da Ukraynanı daha çox müdafiə edirlər. Məsələyə bu prizmadan da yanaşmaq və obyektiv reallığı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır.

Zənnimcə, burada kollektiv fəaliyyət­lə yanaşı, fərdi qaydada da müraciətlər olmalıdır. Nobel sülh mükafatını almış şəxslərə müraciət etməliyik. Onlar Var­danyan kimi bir adamı öz sıralarında görmək istəyirlərmi? Mənə elə gəlir ki, onların da bu istiqamətdə öz mövqelərini ortaya qoymaları ümumi işimiz üçün fay­dalı olardı.

Rubenin Qarabağda etdiyi çıxışları ingilis dilinə tərcümə edib yaymalıyıq. Onun əsas fikri bundan ibarət idi ki, azər­baycanlılar heç bir halda Qarabağa qayı­da bilməzlər. Vardanyan bu fikri səslən­dirməklə açıq-aşkar xalqlararası ədavəti qızışdırıb, irqi ayrı-seçkilik edib. Bu dü­şüncədə olan adam sülh mükafatına la­yiq görülə bilməz. Prosesə dostlarımızı da cəlb etməliyik. Nizami Gəncəvi Bey­nəlxalq Mərkəzinin üzvlərindən dəstək istəməliyik. Norveç parlamentarilərinə də müraciət etməliyik.

Umud MİRZƏYEV:

– Mən Nobel sülh mükafatı ilə bağlı ajiotaj yaranmasının qəti şəkildə əley­hinəyəm. Çünki ajiotajın yaranması onun xilasına hesablanmış məsələdir. Mükafa­ta namizədlərin təqdim olunması prose­si yanvarın sonunadəkdir. Vardanyanın namizədliyi ilə bağlı məsələnin iki ay sonra ortaya çıxması mürəkkəb proses­lərdən xəbər verir. Ola bilsin ki, təqdim olunub. Amma o bağışlanması mümkün olmayan əməllərin sahibidir. Onun törət­diyi əməllər təkcə Azərbaycan xalqına deyil, bütövlükdə, insanlığa qarşıdır. O, insanlıq suçu işləmiş birisidir. Biz onun əsl obrazını cəmiyyətə təqdim etməliyik. Bu məqamları qabartmalıyıq. Burada ən müxtəlif üsullardan istifadə olunmalıdır.

Vardanyan bu gün geriyə yolunun olmadığı bir yerdədir. Onun xilas olma­sı üçün, necə deyərlər, işıq ucu yoxdur. Çünki işlətdiyi kifayət qədər cinayət var: Azərbaycanda separatizmi dəstəkləmə­si, Qarabağa qanunsuz gəlişi, terrorçu rejimdə təmsil olunması, silah-sursat alınmasında iştirakı, ölkəmizin ünvanına hədə-qorxu bəyanatları və sair. Ona görə də qarşı tərəf indi bu üsuldan istifadə edir. Vardanyan özü Qarabağda olanda da bu cür kampaniya təşkil etmişdi. İndi isə onun azadlığa buraxılması və “qəhrə­manlaşdırılması” istiqamətində kampani­yaya başlanılıb.

Eyni zamanda, Vardanyanın pulu müqabilində bu gün “CNN” kimi telekanal onu “qəhrəman” obrazında təqdim edir. PR şirkətləri də onun pulu hesabına bu işləri görürlər. Mən fikir verdim ki, onun oğlu “CNN”-də çıxış edərkən atasının, guya, aclıq aksiyası keçirməsi, digər məsələlər haqqında danışdı. Ancaq mü­sahibə zamanı Nobel mükafatı ilə bağlı məsələ bir kəlmə də yox idi. Görünür, ön­cədən danışılıb ki, bu məsələ müsahibə zamanı gündəmə gətirilməsin.

Mən də hesab edirəm ki, Vardan­yanla bağlı Ermənistan mediasındakı materialların incələnməsinə böyük ehti­yac var. Ermənistan hökuməti onu qəti şəkildə qəbul etmir. Sizi əmin edirəm ki, Ermənistanda ona qarşı aqressiya biz­dəkindən az deyil. Qarabağı tərk edən ermənilər ondan ciddi şəkildə acıqlıdır­lar. Çünki Ruben ora ticarətə, alverə gəlmişdi. Moskvanı buraxıb daha böyük pullar qazanmaq, Luqansk–Donetsk təcrübəsindən burada da yararlanmağı düşünürdü. Bu da alınmadı. O mənada mənə elə gəlir ki, biz burada həm özümü­zün beynəlxalq əlaqələrimizi işə salmalı, həm də Ukraynanın vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq etməliyik. Bu, təkcə Vardanyanla bağlı məsələ ol­mamalıdır. Bu, bizim konsepsiyamıza çevrilməlidir. Başqa yolumuz yoxdur. Biz, vətəndaş cəmiyyətinin bir parçası olub Azərbaycan cəmiyyətinə, xalqına töhfə vermək, xidmət etmək istəyiriksə, bütöv­lükdə prosesləri izləməli və mütəmadi fəaliyyət göstərməliyik. Ona görə ki, bu gün Azərbaycanın iqtisadi yüksəlişini, hərbi qüdrətini, torpaqlarını azad etmə­sini dünyanın bir çox ölkələri həzm edə bilmir. Biz dünyada dostlarımızın sayını çoxaltmalıyıq.

İradə RİZAZADƏ:

– Mən Vardanyanın həm rus, həm də erməni dilində olan çıxışlarını dinlə­mişəm. Onun məqsədinin nə olduğunu yaxşı bilirik. Ancaq Qarabağda özünü xilaskar kimi göstərmək istəyirdi. Guya, gəlib oradakı ermənilərə canıyananlıq edəcəkdi. Amma bir dəfə demişdi ki, mən intiqam alacam. Bu, daşnaklardan qay­naqlanan bir yanaşmadır.

Vardanyan tək deyil. Onun ətrafı da var. Burada təkcə pul məsələsi deyil. Ru­ben onların yaratdığı ideologiyanı daşı­yırdı. Burada Qərbin yanaşması suallar doğurur. Əgər onlar Vardanyana Nobel mükafatı vermək istəyirsə, o zaman onun Ukraynada etdikləri hara yazılacaq?

Ermənilərin özünün Vardanyana mü­nasibətinin necə olduğunu onu müdafiə edənlərin diqqətinə çatdırmaq lazımdır. Düşünürəm ki, fərdi qaydada müraciət­lər etməliyik. Hər işi kütləvi şəkildə gör­mək düzgün çıxmır. Zənnimcə, biz həm Avropa Parlamentinin, həm Ukrayna Ali Radasının deputatlarına, həm də Norveç Nobel Komitəsinin rəhbərliyinə və üzvlə­rinə müraciətlər etməliyik.

Mən özüm Qərbi Azərbaycandanam. Bu gün iki ölkə arasında sülhün əldə edil­məsində çox maraqlıyam. Amma Ruben sülhə qarşı çıxan adamdır. İndi Qərb sülhə qarşı olan adamı müdafiə edir. Hazırda Qərbdə ölkəmizə qarşı çox güc­lü kampaniya aparılır. Terrorizmi maliy­yələşdirən şəxsin dəstəklənməsi göstərir ki, artıq ayrı yol seçilib. Bu üsulla da ölkə­mizə təzyiq göstərmək istəyirlər.

Zaur İBRAHİMLİ:

– Məsələyə bir neçə aspektdən ya­naşmaq istəyirəm. Biz hadisələrin xrono­logiyasına baxmalı və indiki reallıqlardan retrospektiv təhlil aparmalıyıq. “Forbes” jurnalının 2020-ci il araşdırmasına görə, Ruben Vardanyan dünya milyarderləri arasında 116-cı yeri tutur. Kifayət qədər zəngin insandır. Onun 2022-ci ildə qə­fildən Rusiya vətəndaşlığından imtina edərək Ermənistan vətəndaşlığını qəbul edib Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi cinayətkar separatçılığa açıq dəstəkdir.

Vardanyan Qarabağa Azərbaycanın ərazi bütövlüyünə qəsd planını həyata keçirmək missiyası ilə gəlmişdi. O istə­yirdi ki, qondarma “Artsax respublikası” beynəlxalq münasibətlərin subyektinə çevrilsin. Odur ki, Vardanyan bu hər­bi xunta rejimində məsul vəzifə tutaraq ölkəmizə qarşı cinayətkar fəaliyyətini genişləndirdi. Onun Qarabağda çirkli biz­nes maraqları da var idi. Azərbaycanın zəngin dağ-mədən yataqları onun biznes fırıldaqlarının növbəti obyekti idi.

Vardanyanın hərbi-siyasi manevrləri Qarabağdakı səhra komandirlərinin və Ermənistan rəhbərliyinin dəstəyini qa­zanmadığından o, “vəzifəsini” itirdi və “Artsaxın xilası cəbhəsi”ni yaratdı. Belə bir terror təşkilatını qurmaqla fırıldaq­çı milyarder Qarabağda məskunlaşmış erməniləri girova çevirdi. Məkrli Ruben Azərbaycanın ərazi bütövlüyünə və su­verenliyinə qarşı terror əməliyyatlarını maliyyələşdirməklə cinayət bataqlığına daxil oldu. O, “X” səhifəsində 2022-ci ilin sentyabr ayında Monte Melkonyanın fotosunu paylaşaraq bildirmişdi ki, “hər birimiz ondan nümunə götürməliyik”. Xatırladaq ki, Monte Melkonyan ASALA terror təşkilatının liderlərindən biri olub, Türkiyəyə və Azərbaycana qarşı çoxsaylı qanlı cinayətlər törədib.

Bundan başqa, Ruben Vardanyan dəfələrlə azərbaycanlılara qarşı kütlə­vi qırğınlara rəvac verən çağırışlar da edib. O, Azərbaycan dövlətinə qarşı açıq qəsdlərin, ölkəmizin suverenliyinə qarşı silahlı müqavimətin ideoloqu, təşkilatçısı və maliyyələşdiricisi rollarında çıxış edib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin 2019-cu ildə Ruben Vardanyanla bağlı araşdırması var. Onun rəhbərlik etdiyi “Troyka dialoq” firması dünyanın ən iri bankları cəlb olunmaqla çirkli pulların yuyulması üzrə beynəlxalq cinayətkar şəbəkə yaradıb. 

2023-cü ildə Ukrayna prezidenti Volo­dimir Zelenski Ruben Vardanyanın “qara siyahıya” salınması ilə bağlı qərar qəbul edib. Ukrayna Milli Təhlükəsizlik Xidməti isə Vardanyanın “Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına dərhal təhvil verilməsi” haqda qərar çıxa­rıb. 2019-cu ildə Avropa Parlamentinin 22 deputatı Vardanyanı Kreml ilə əmək­daşlığa görə sanksiyalar siyahısına daxil etmək təşəbbüsü ilə çıxış edib. Bundan başqa, Brüsselin nüfuzlu dövri nəşrlərin­dən biri olan “EUReporter” 2023-cü ildə Ruben Vardanyanı Avropa İttifaqı və bü­tün Qərb üçün təhlükə adlandırıb. O za­man jurnal yazmışdı: “Vardanyana qarşı nəinki sanksiya tətbiq edilməli, o, həm də İnterpol və digər Qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb edilməlidir”.

Bu qədər aşkar, qorxunc və irimiqyas­lı cinayətlər törətmiş beynəlxalq fırıldaq­çının Nobel sülh mükafatına namizəd­liyinə yazılı və ya şifahi razılıq verən şəxslərin əxlaqi keyfiyyətlərindən əlavə, hüquqi davranışları da araşdırılmalı və ciddi ittiham olunmalıdır. Mən belə düşü­nürəm ki, QHT-lər, araşdırma mərkəzləri Ruben Vardanyan haqqında ingilis dilin­də sənədli film çəkməlidirlər. Azərbayca­nın belə təcrübəsi var: Xocalı faciəsi ilə bağlı sənədli filmlər çəkmişik və yaxşı əks-səda verib. Bundan başqa, QHT-lər, araşdırma mərkəzləri “Ruben Vardanyan dosyesi” adlı müxtəlif hesabatlar nəşr et­dirməli və müvafiq beynəlxalq təşkilatlara göndərməlidirlər. 

Könül BEHBUDOVA:

– Ruben Vardanyanı terrorizmi ma­liyyələşdirən şəxs kimi tanıyırıq. Onun barəsində kifayət qədər material yayım­lanıb. “Xeyriyyəçi” libasını geyinmək­lə Vardanyan Qarabağa daha böyük məqsədlər arxasınca gəlmişdi. Elə ilk günlərdən bilinirdi ki, o, bəzi dairələrin geosiyasi layihəsidir.

Onun beynəlxalq hüquq normaları­nı tapdalayaraq Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşması və suve­renliyimizə qarşı mübarizənin təşkilatçısı olması hamıya məlumdur. Ona görə də hazırda layiq olduğu yerdədir.

Bilirsiniz ki, Birinci Qarabağ müha­ribəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə hələ də ay­dınlıq gətirilməyib. 30 ildir gözləri yolda qalan ata-analarımız övladlarının şəkil­lərini bağırlarına basaraq dünyasını də­yişiblər. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azər­baycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. Bu günə kimi itkin düşmüş soydaşlarımızın tapılmaması və qarşılaşdığımız mina təhlükəsində Ru­ben Vardanyan kimi terrorçuların əli var. Bundan başqa, Vardanyan Azərbaycana məxsus qızıl, mis və molibden mədənlə­rini talayırdı. 

Buna görə də, “Qarabağ İtkin Ailələri” İctimai Birliyi olaraq biz Azərbaycana qar­şı çoxsaylı cinayətlər törətmiş Vardanya­nın Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsini hiddətlə pisləyirik. 

Azər ALLAHVERƏNOV:

– Ruben Vardanyan obrazının yeni bir satira teatrının tərkib hissəsi olaraq dövriyyəyə buraxıldığının şahidi oluruq. Ən azı, ona görə ki, Nobel sülh müka­fatı təşkilat komitəsində təmsil olunan insanlar sülh mükafatının hansı prinsip­lərə görə verildiyini gözəl bilirlər. Lakin bu təqdimatın arxasında siyasi məqamlar da ola bilər, hansısa dövlətlərin müdaxiləsi də mümkündür. Belə dairələr bilməlidirlər ki, Ruben Vardanyan nəinki Azərbaycana qarşı, eləcə də insanlıq əleyhinə fəaliy­yətlə məşğul olub. 

Rubenin maliyyə fırıldaqçılığı, çirkli pulların yuyulması və s. ilə məşğul olması danılmaz faktlardır. Bununla yanaşı, Var­danyanın qanunsuz silahlı birləşmələri maliyyələşdirməsi də gizli deyil. Vaxtilə Moskvada erməni kilsəsinin xeyir-duası ilə yaradılmış “Arbat” (“Armyanskiy ba­talyon”- red.) adlı batalyon Ukraynanın Luqansk və Donetsk vilayətlərində ge­dən hərbi əməliyyatlarda iştirak etmiş­dilər. Bu batalyonun maliyyələşdirilməsi də Vardanyana məxsus şirkətlər üzərin­dən həyata keçirilmişdi. Bütün bunlar bir daha təsdiqləyir ki, Vardanyan terror kimi bəşəri cinayəti maliyyələşdirən kriminal personadır.

Vardanyan həm də Cənubi Qafqaz regionunda böyük bir layihənin tərkib hissəsi idi. Onun Qarabağa gəlməsi təkcə faydalı qazıntı yataqlarının ta­lanması deyildi. Əsas məqsəd Nikol Paşinyanı devirmək və hakimiyyəti ələ keçirmək idi. Buna görə də rəsmi İrəvan Vardanyan kartına dəstək ver­mədi.

Törətdiyi konkret və təkzibedil­məz əməllərə görə Vardanyan hazır­da Bakıda həbsxanadadır və onunla bağlı zəruri istintaq tədbirləri həyata keçirilir. Təbii ki, məhkəmə qarşısına çıxarılacaq və təqsiri sübuta yetirilə­cək. Vardanyanın Nobel sülh müka­fatına namizədliyinin irəli sürülməsi məhkəməyədək yalançı bir qəhrəman obrazı yaratmaq, dünyanın gözü qar­şısında Azərbaycanı insan hüquqla­rını pozan ölkə kimi qələmə vermək məqsədi daşıyır.

Vardanyanın beynəlxalq sülh mü­kafatı kimi nüfuzlu bir nominasiyaya namizədliyinin irəli sürülməsi ilə bağlı müraciətdə qeyd olunub ki, guya, o, “Artsax xalqını humanitar böhrandan xilas edib”. Əvvəla, beynəlxalq siya­si leksikonda “Artsax xalqı” anlayışı yoxdur. İkincisi, 2023-cü il sentyabr antiterror tədbirlərindən sonra Ruben Vardanyanın anbarlarında gizlədilmiş, istifadə olunmamış xeyli ərzaq aşkar­lanmışdı. Yəni, bu fakt onu göstərir ki, o, “xilaskar” deyil, əksinə, süni humani­tar böhran yaradıb. Bölgəyə Azərbay­candan göndərilən ərzaq yardımlarının qarşısını kəsən, süni humanitar böhran yaratmağa çalışan Vardanyan bununla beynəlxalq ictimaiyyətin diqqətini se­paratçı rejimin müdafiəsinə yönəltmək istəyirdi. 

Vardanyan həm də maliyyə pirami­dasına malik şəxs və böyük güclərin çirkli maraqlarını ifadə edən oyuncaq bir fiqurdur. Məhz həmin güclərin hesa­bına onun oğlu CNN-də efirə çıxarılır. Eyni zamanda, Ruben Vardanyan çox­şaxəli və müxtəlif cəbhələrlə işləyən bir şəxs olub. Bəzi hallarda Qərb üçün belə adamlar lazımdır. Yəni, onun bir ayağı Moskvada olub, bir ayağı Qərb­də. Bir çox hallarda da Vardanyanın şirkətləri üzərindən ciddi iqtisadi ci­nayətlər həyata keçirilib. Buna görə də onunla bağlı dövriyyəyə buraxılmış “sülh mükafatı” oyunu Vardanyanın əsl simasını pərdələməyə xidmət edir. Qərbdə elə dairələr və mərkəzlər var ki, onlar Azərbaycana qarşı fəaliyyət zamanı müxtəlif vasitələrdən istifadə edirlər. Vardanyan da belə oyuncaq alətlərdən biridir. 

Terrorçuluqla məşğul olan, separa­tizmi dəstəkləyən bir şəxsin beynəlxalq sülh mükafatına namizədliyinin irəli sü­rülməsi heç bir əxlaqa və hüquqi nor­maya sığmır.

Səbuhi MƏMMƏDOV,
Səxavət HƏMİD,
Elşən AĞALAR (foto)
XQ















Siyasət