Fransanin paytaxtı Paris şəhərinin mərkəzində yerləşən və dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvrda bu gün qarət baş verib. Ölkənin daxili işlər naziri Loran Nunezin verdiyi məlumata görə, 3-4 şübhəli şəxs yük maşınına yerləşdirilmiş qaldırıcı vasitəsilə muzeyin ərazisinə daxil olub, cəmi 7 dəqiqə ərzində dəyəri ölçülməyəcək qədər böyük olan zinət əşyalarını oğurlayıb və motosikletlərlə oradan qaçıblar.
AZƏRTAC xəbər verir ki, rəsmi məlumatlara əsasən, qarət saat 09:30 radələrində, muzeyin qapılarının ziyarətçilər üçün açıldığı vaxt baş verib. Oğrular pəncərəni sındıraraq içəri daxil olub və Luvrun Apollon qalereyasını hədəf alıblar. Onlar bir neçə vitrindəki qiymətli zinət əşyalarını götürüb qaçıblar.
Daxili işlər naziri bildirib ki, oğurlanan əşyalar arasında İmperatriça Evgeniyanın tacı da olub. Bu tac 1,354 almaz və 56 zümrüddən ibarət olmaqla, Fransanın imperiya dövrünə aid ən qiymətli irs nümunələrindəndir. Tac hadisə yerinə yaxın ərazidə zədələnmiş şəkildə tapılıb.
Hadisə baş verəndən sonra Luvr muzeyi ziyarətçilər üçün bağlanıb. Muzey rəhbərliyi təhlükəsizlik səbəbi ilə bütün biletlərin geri qaytarılacağını elan edib.
Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı araşdırmalar başlayıb, cinayətkarları tapmaq üçün bütün imkanlar səfərbər olunub.