FHN-nin strukturlarında 18 oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd edilib

post-img

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında və regional mərkəzlərində 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdən əvvəl Nazirliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda Ümummilli Liderin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti tərəfindən “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsinin tarixi hadisə olduğunu vurğulayıblar. Bildirilib ki, 70 illik əsarətdən sonra müstəqillik əldə olunsa da həmin dövrdə təcrübəsiz rəhbərlərin səriştəsiz idarəçiliyi nəticəsində dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə - 1993-cü il iyunun 9-da Dahi Rəhbər xalqın təkidi və tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Ümummilli Liderin siyasi qətiyyəti, dəmir iradəsi və misilsiz idarəçilik bacarığı sayəsində ölkəmizdə xaosa son qoyuldu, dövlət məhv olmaq təhlükəsindən xilas edildi, tərəqqi və çiçəklənmə dövrü başlandı.

Tədbirlərdə Ümummilli Liderin Azərbaycan Respublikasının beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi, böhrandan davamlı inkişaf yoluna çıxarılması istiqamətində titanik fəaliyyətindən, xalqımız qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs edilib.

Qeyd olunub ki, Dahi Rəhbər Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş genişmiqyaslı islahatlar və məqsədyönlü fəaliyyət nəticəsində ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycan regionun lider dövlətinə və dünya birliyinin layiqli üzvünə çevrilib.

Tədbirlərdə Ümummilli Liderin dövlət müstəqilliyimizin bərpasındakı misilsiz xidmətlərindən bəhs edən film nümayiş olunub.





























Sosial həyat