Daşkənddə Türk Universitetlər Birliyinin 8-ci Baş Məclisi keçirilib

post-img

Daşkənd Beynəlxalq Universitetinin sədrliyi ilə Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin (TUB) 8-ci Baş Məclisi keçirilib.

Tədbirdə Türk Dövlətləri Təşkilatı və TÜRKSOY-un, Özbəkistan Ali Təhsil, Elm və İnnovasiyalar NazirliyininŞ Türk Akademiyasının, həmçinin TUB-un üzvü olan ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak edib.

Məclisə Azərbaycandan 8, Türkiyədən 28, Qazaxıstandan 9, Qırğızıstandan 5, Macarıstandan 2, Şimali Kiprdən 2 və Özbəkistandan 11 universitet, ümumilikdə 69 universitetdən 200-ə yaxın rektor, prorektor və kafedra müdiri qatılıb.  

Özbəkistan Ali təhsil, elm və innovasiyalar naziri Konqratbay Şaripov qonaqları salamlayaraq bu mötəbər tədbirin Özbəkistanda keçirilməsindən məmnun olduğunu bildirib, məclisin işinə uğurlar arzulayıb. 

Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Omurəliyev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev çalışdıqları qurumların fəaliyyətindən danışıb, gələcək planlar haqqında məlumat veriblər. 

Tədbirdə TUB-ə yeni universitetlərin üzvlüyü ilə bağlı müraciətlər, TUB-un daimi katibliyin və xüsusi proqram fondunun yaradılması məsələləri, Birliyin daha da gücləndirilməsi, Mübadilə Proqramı ilə bağlı təkliflər, İnnovasiyalar və digər məsələlər müzakirə edilib.

Özbəkistan Prezidentinin təklif etdiyi “Türk Elm və İnnovasiya Günləri”nin keçirilməsi məsələləri də müzakirə olunub. 

Tədbir çərçivəsində Türk Akademiyası 2024-2025-ci illər üçün “TürkBarometr” elmi layihəsinin nəticələrini  təqdim edib.

Tədbirin ikinci günü Daşkənd Dövlət Şərqşünaslıq Universitetində “Qaraxanilər - Alp Ər Tonqanın nəsli: Qaraxanlılar dövründə türk və İslam dünyası” mövzusunda beynəlxalq elmi konfrans  keçirilib.

Qulu Kəngərli,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

 

Təhsil