Daşkənddə “Özbəkistan-Azərbaycan: Əbədi dostluq yolunda” adlı tədbir keçirilib

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsində dövlətlərimiz arasında diplomatik əlaqələr yaradılmasının 30 illiyi münasibəti ilə “Özbəkistan-Azərbaycan: Əbədi dostluq yolunda” adlı tədbir keçiriblər. 

Tədbiri Komitənin rəhbəri Qəhrəman Sarıyev açaraq Özbəkistan-Azərbaycan əlaqələrindən danışıb, rəhbərlik etdiyi komitə ilə səfirlik arasında yaranan xoş münasibətlərdən söhbət açıb, birgə tədbirlərin keçirildiyini vurğulayıb. O, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə münasibətlərdən, gələcək birgə planlardan danışıb.  

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi münasibəti ilə iştirakçıları təbrik edərək bildirib ki, Özbəkistanla Azərbaycan arasındakı möhkəm bağlar ümumi mədəniyyət, din, dil və mənəvi sərvətlərə dayanır. Bizi kökləri əsrlərin dərinliyinə-xalqlarımızım bilik, sənət və ənənələrini bir-biri ilə bölüşdüyü Böyük İpək Yolu dövrünə gedən zəngin tarixi irs birləşdirir. 

Səfir deyib ki, müstəqillik illərində dövlətlərimiz siyasi, iqtisadi və humanitar sahələrdə möhkəm əlaqələr qurublar. Dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin müntəzəm görüşləri strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm amilə çevrilib. Prezidentlərimizin dialoqu səmimi etimad, qarşılıqlı hörmət və inkişaf uğrunda birgə səylərə əsaslanır. 

H.Quliyev qeyd edib ki, bu gün Özbəkistan və Azərbaycan təcarət, nəqliyyat, energetika, loqistika, təhsil, mədəniyyət sahələrində uğurla əməkdaşlıq edir. Sənaye və kənd təsərrüfatında birgə layihələr həyata keçirilir, əmtəə dövriyyəsi yüksəlir, regionlar və işgüzar dairələr arasında əlaqələr daha da möhkəmlənir. 

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli deyib ki, Azərbaycan və Özbəkistan nümunəsində xalq diplomatiyası mədəniyyətlərarası diplomatiya, təhsil diplomatiyası, gənclər və vətəndaş cəmiyyətləri arasında diplomatiya, Türk Dövlətləri çərçivəsində regional diplomatiya və digər sahələri əhatə edir. 

O deyib ki, Azərbaycan və Özbəkistan qarşılıqlı əlaqələrində xalq diplomatiyasının əsas məqsədi yalnız imic formalaşdırmaq deyil, həm də sabit etimad və mədəni tərəfdaşlıq mühiti yaratmaqdır. Xalq diplomatiyası iki ölkə arasında münasibətlərin institusional yox, sosial və mənəvi əsaslar üzərində möhkəmlənməsinə şərait yaradır ki, bu da regional sülh, sabitlik və inkişaf üçün mühüm faktordur. 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri-tarix elmləri doktoru Azər Adıgözəlov və fəlsəfə üzrə elmlər doktoru, professor Niqina Şermuxammedovanın “Özbəkistan və Azərbaycanın diplomatik münasibətlərinin tarixi və bugünkü dövrdə əhəmiyyəti” və “Özbəkistan-Azərbaycan:tərəfdaşlıq münasibətləri” mövzularında məruzələri dinlənilib. 

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa ediblər. 

Qulu Kəngərli,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd









Mədəniyyət