“Riyazül-qüds”ün yeni əlifbada nəşri

post-img

AMEA-nın Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə XIX əsr görkəmli Azərbaycan maarifçisi, yazıçı, şair, ensiklopedik zəka sahibi Abbasqulu Ağa Bakıxanovun “Riyazül-qüds” əsəri müasir əlifbada nəşr olunub.

“Riyazül-qüds” Abbasqulu ağa Ba­kıxanovun ana dilində yazdığı irihəcmli bədii əsərlərindən biridir. Əsasən, nəsrlə qələmə alınan, məqtəl nümunəsi olan bu əsərdə ərəb, fars və türk dillərində yazıl­mış nəzm parçaları da verilib ki, onların çoxu A.Bakıxanovun ilk qələm təcrübə­sidir.

Kitabı əski əlifbadan transfonelite­rasiya edib nəşrə hazırlayan institutun sabiq əməkdaşı, görkəmli əlyazmaşünas və tərcüməçi Arif Ramazanovdur. Əsərin transfoneliterasiyasından əlavə, kitaba “Riyazül-qüds”ün əlyazma nüsxəsinin fo­tofaksimilesi və tədqiqatçı, jurnalist Səa­dət Qarabağlının “Riyazül-qüds” əsərlə­rinin əlyazma katibi Məşədi Ocaqverdi oğlu Mirzə Haqverdi Qarabaği haqqında məlumat” adlı məqaləsi də daxil edilib.

Yeni nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, “Ön söz”ün müəllifi akademik Möhsün Nağı­soyludur. Kitabın cildində qeyd olunmuş ərəb qrafikalı yazılar Hacı Mustafa Mai­loğlu yazıb.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət