“Əzəl-axır söz qalacaq dünyada”

post-img

Azərbaycan Yazıçılar Birliyi (AYB) Mingəçevir bölməsinin təşkilatçılığı ilə mərhum şair Fəxrəddin Əzizin anadan olmasının 70 illiyi Energetiklər qəsəbəsinin mədəniyyət evində sözlü-nəğməli yubiley gecəsi ilə qeyd olunub. 

Sözümə pay eləmişəm

İllərin şirin vaxtını.

Vallah, şair olmasaydım,

Almazdım şeirin vaxtını.

Bu misraların müəllifi Fəxrəddin Əzi­zin yubiley tədbiri kövrək-həzin notla­ra köklənmişdi. Şairin sağlığında nəşr olunan kitablarının sərgisi, monitorda video-görüntülər, onun öz ifasında səs­lənən lent yazıları hər kəsə qeyri-adi təsir bağışladı. 

Gecədə çıxış edənlər Fəxrəddin Əzizlə bağlı xatirələrini dilə gətirdilər, onu istedadlı qələm sahibi və səmimi bir insan kimi xarakterizə etdilər. Məclisin aparıcısı, AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə, şəhər icra haki­miyyətinin məsul işçisi Elşən Əliyev, ta­nınmış şair, Prezident mükafatçısı Elşən Əzim Fəxrəddin Əzizin müxtəlif mövzulu şeirlərinə münasibətlərini bildirdilər, onun sənət amalını müxtəlif rakurslardan təhlil etdilər. Aşıq Qoşqar, gənc müğənni Ca­vad Hüseynov, şair Əhməd Əfsun, mə­dəniyyət evinin işçisi Sevda Təhməzova, telejurnalist, ədəbiyyat sevdalısı İnqi­lab Şirinli, istedadlı gənc yazarlar Valeh Qoca, Elçin Məhərrəm və Nicat Hunalp, mərhumun nəvələri Zibeydə və Zəhra da ürək sözlərini söylədilər, bədii nümunələr səsləndirdilər. Fəxrəddin Əzizin böyük qardaşı Ramiz Əzizov, oğlu Orxan Əzi­zov gecənin təşkilatçılarına minnətdar­lıqlarını bildirdilər. 

Çıxışlar bir-birini əvəz etdikcə məra­sim iştirakçıları Ağdaşın Qoşaqovaq kən­dində doğulmuş, 2 il öncə isə dünyasını dəyişmiş şairin hər sözün üstündə necə əsdiyinin, hər zaman bənzərsiz ifadələr işlətməyə çalışdığının və buna çox vaxt nail olduğunun fərqinə vardılar. Həm də nəsr sahəsində qələmini sınamış Fəxrəddin Əzizin əsərlərinin zamanın sınağından uğurla çıxacağına əminlik yarandı. Şairin özü də şeirlərinin birində sanki buna işarə edərək yazıb: 

Zaman yolu ayaqlanıb gedəcək,

Əyri gedib düz qalacaq dünyada.

Neçə dastan, neçə nağıl bitəcək,

Əzəl-axır söz qalacaq dünyada.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət