Qərbin “Vardanyan kartı” və Nobel sülh mükafatına yönələn erməni damğası

post-img

Yaxud riyakarlıq səhnələrində separatizm etüdləri

Qarabağdakı keçmiş separatçı rejimdə “dövlət naziri” kimi oyuncaq post tutmuş Ruben Vardanyanın Nobel sülh mükafatına namizəd irəli sürülməsi istiqamətində qurulan oyunlar dünyanın məkr və riyakarlıq pəncərəsinin açıq olduğunun təsdiqidir. Diqqət yetirək: Hazırda CNN, bütövlükdə Qərb mediası Vardanyan mövzusuna geniş yer ayırır – separatçının ailə üzvləri efirlərə çıxıb danışır, sentimental “zəngulələri” vururlar və s. Sanki təriflədikləri, qəhrəmana çevirdikləri şəxs böyük simadır, ötən il BBC-nin “Hard Talk” proqramında rüsvay duruma düşmüş birisi deyil... 

Yada salaq ki, bir vaxtlar Qərb me­diası Vardanyanı açıq şəkildə hədəfə götürmüşdü. Ona görə ki, bu məxluqu Qarabağdakı separatçı rejimin Rusiya qanadının təmsilçisi qismində görürdü. Ruben də dinc dayanmır, Qərbin adamı olan Ermənistanın baş naziri Nikol Pa­şinyanı hədəfə alırdı. Vardanyanın “döv­lət naziri” postunu tutduğu vaxt Nikola ünvanlanmış fikirlərinə diqqət yetirək: “Fikrimcə, Nikol Paşinyan hökumətinin davam etdirdiyi yanlış siyasətdə biz özü­müzü mənfi ssenarilərdən birində tapa­cağıq: yararsızlaşacağıq, arxaikləşəcə­yik, sanksiyalara məruz qalacağıq və ya hətta suverenliyimizi itirəcəyik”.

Bəli, həmin vaxt R.Vardanyan Er­mənistanın faktiki dövlət suverenliyinin itirilməsi təhlükəsindən söz açmış, “döv­lət naziri” postu ilə vidalaşdıqdan son­ra isə ictimai hərəkat yaratmışdı. Ötən il İrəvan meriyasına keçirilmiş seçkilər zamanı açıq şəkildə erməni iqtidarına qarşı çıxmışdı. Elə təəssürat yaranmış­dı ki, Ruben siyasi təşkilat formalaşdıra­raq hakim “Vətəndaş sazişi” partiyasını sıradan çıxaracaq. 

Vardanyan onu da bildirmişdi ki, Er­mənistanın hazırkı rəhbərliyi hansısa yad, xarici ssenarilərin həyata keçiril­məsi səbəbindən iqtidardadır. Bu şəra­itdə heç bir plan yoxdur. Uğurlu Ermə­nistan böyük və çətin işdir. Məqsədə çatmaq üçün, sən demə, Ermənistanı Qərb, Rusiya və İran arasında körpü etmək lazımdır və bunun üçün Qaraba­ğı erməni qiyafəsində saxlamaq şərt imiş. Bu da Rubenin Qərbin adamı olan Nikola münasibətdəki növbəti siyasi demarşı olub. 

Yada salaq ki, R.Vardanyanın vəzifə­sindən qovulması Rusiya ermənipərəst­ləri arasında bədbinlik doğurmuşdu. Bu baxımdan ölkənin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr komitəsi səd­rinin birinci müavini Konstantin Zatuli­nin məyusluğu xüsusi vurğulanmalıdır. K.Zatulin bildirmişdi ki, Vardanyanın “postundan” uzaqlaşdırılması Azərbay­canın yalnız ona və qondarma, artıq canını tapşırmış “Dağlıq Qarabağ Res­publikasına” deyil, həm də prinsip eti­barilə, Ermənistana göstərdiyi təzyiqin nəticəsidir. 

Əlbəttə, Zatulin və onun kimi ermə­nipərəstlərin R.Vardanyanın gedişinin şərhinə dair fikirlərinin ayrıntıları o qə­dər də önəmli sayıla bilməz. Ancaq bu düşüncələrdən irəli gələn bir qənaət var idi ki, o da Rusiyanın bəzi dairələrinin 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi re­allıqlara adekvat situasiya formalaşdır­maq niyyətinin puça çıxmasıdır. Yəni, məsələ heç də Zatulinin bildirdiyi kimi, Vardanyanın nədəsə səhv etməsində deyildi. Başqa sözlə desək, böyük an­lamda səhvi edən Ruben yox, onu böl­gəyə göndərənlər idi. 

Bir çox siyasi ekspertlər bildirirlər ki, Rusiyanın müəyyən dairələri 2018-ci il inqilabından sonra Ermənistanda iti­rilmiş mövqelərin bərpasına müxtəlif cəhdlər göstərsələr də, buna nail ola bil­məmişdilər. Nəticədə Qarabağdakı er­məni maraqları üzərinə oynamaq qəra­rına gəlmiş və bölgədə R.Vardanyanın əli ilə, bir növ, mikro Ermənistan qurmaq istəmişdilər ki, yekunda onu İrəvana qarşı alternativ qismində irəli sürsünlər. Bu yerdə vaxtilə Koçaryan – Sarkisyan Qarabağ klanının Ermənistanda haki­miyyəti ələ keçirdiyinə və uzun müddət iqtidarda qaldığına diqqət çəkməliyik. Deməli, eyni plan yenə işləyirmiş.

Bəli, R.Vardanyan Ermənistanda edilməsi mümkün olmayanın Qarabağ­da gerçəkləşdirmək istəyinin zay məh­suludur. O, bölgədəki separatçı hakimiy­yətdə, müəyyən mənada, çevriliş etmək fikrində idi. Nəzərə alaq ki, Vardanya­nın Qarabağa heç bir aidiyyatı yoxdur. Bu aidiyyatsızlıq onu göstərir ki, hədəf böyük ölçüdə Qarabağ yox, ümumən, ərazinin, bütövlükdə isə regionun ermə­ni faktorudur. Bu hədəfə köklənənləri Qarabağ ermənilərinin taleyi, vəziyyəti, düşdükləri çətinliklər maraqlandırmırdı. Sonra baş verənlər də göstərdi ki, böl­gənin erməni sakinlərinin ləyaqətli ya­şam haqqı heç kəsi düşündürmür. Yəni, sözümüz ondadır ki, Nobel sülh müka­fatındakı başlıca motiv insan faktoruna söykənirsə, R.Vardanyan Qarabağ er­mənilərini düşünənlərdən deyildi. O da, əhalini siyasi məqsədlər naminə alətə çevirirdi, Nikol da. Yaşananlar göstərdi ki, bu mənada ikinci daha çox iş görüb. Daha dəqiq desək, Vardanyan milyard­larından Qarabağın erməni sakinləri üçün xərcləmədiyi halda, Paşinyan ha­zırda onların təminatı sahəsində planla­rı reallaşdırır. 

Bəli, Qarabağ ermənilərinə ən bö­yük zərbəni vuran elə Vardanyanın özü­dür. Onun tutduğu mövqe nəticəsində həmin ermənilərin Azərbaycana inteq­rasiyası kimi ölkəmizin rəhbərliyi tərə­findən qaldırılmış xoşməramlı təşəbbüs heçə sayıldı. Bütün bunları diqqətə çat­dırmaqda məqsədimiz əvvəldə də bildir­diyimiz kimi, R.Vardanyanla bağlı hazır­da aparılan təbliğatın məkrli və riyakar məntiqini vurğulamaqdır. Ruspərəst, Paşinyana qarşı çıxan, bu mövqeyinə görə biabırçı şəkildə tənqidə məruz qa­lan Vardanyan hazırda Qərb dairələri üçün şirin olursa, məsələyə başqa cür yanaşmaq mümkünsüzdür. 

R.Vardanyanın Nobel sülh müka­fatına namizədliyi məsələsində apa­rılan piar bir daha onu göstərir ki, Qərbin anti-Azərbaycan mövqe tutan dairələri məqsədlərinə çatmaq, ölkəmizi ləkələmək üçün əllərinə düşən hər im­kandan istifadəyə baş vuracaq qədər acizdirlər. Mahiyyətcə Ruben böyük oyundakı “peşka”dır. Görünür, onun azadlığa buraxılması, “qəhrəmanlaşdı­rılması” ətrafında ajiotaj gücləndikcə, anti-Azərbaycan təbliğat da genişlənə­cək. 

Sonda onu da bildirək ki, bu gün Bakı həbsxanasında miskin duruma düşmüş Vardanyan Qarabağa qa­nunsuz gəlib, terrorçu rejimdə təmsil olunaraq silah-sursat alınmasında rol oynayıb, Azərbaycanın ünvanına hə­də-qorxu dolu bəyanatlar verib. Bir söz­lə, o, aktiv şəkildə sülhü təhdid edib. Bu yerdə XX əsrin dünyaca tanınmış fikir adamlarından olan alman filosofu Hans-Georq Hadamerin “tarix bizə aid deyil, biz tarixə aidik” fikrini də yada salaq və bildirək ki, üzərindən illər keçdikdən sonra Vardanyanın tarixə aidliyi məşhur “12 stul” qəhrəmanı Ostap Bender kimi olacaq. Yəni, atın altına düşməsindən sevinc hissi keçirən obrazında xatırla­nacaq. Qərb dünyası, buyursun belə bir obrazı “Nobel” kimi yüksək ödüllə müka­fatlandırıb özünün alçaqlığını göstərsin, tapdalamağa adət etdiyi bəşəri dəyərləri bir daha ayaqlar altına atsın. 

R.ƏVƏZ
XQ

Siyasət