ABŞ nədən narahatdır: insan hüquqlarından, yoxsa erməni ordusunun çöküşündən?

post-img

Birləşmiş Ştatların Ermənistanla bağlı hesabatına sözardı

Ermənistanda insan hüquq və azadlıqları pozulur. Bu, Cənubi Qafqazda “demokratiya qalası” kimi təqdim edilən ölkədəki mövcud iqtidarın həyata keçirdiyi avtoritar və repressiv siyasətinin nəticəsidir. Hazırda Ermənistan həbsxanaları hakimiyyətdən narazılığını ifadə edən şəxslərlə doludur. Lakin beynəlxalq ictimaiyyət məsələyə diqqət yetirmir, baş nazir Nikol Paşinyan administrasiyasının total siyasi diskriminasiyaya hesablanmış addımlarının üzərindən sükutla keçir. 

Çox güman, başqa cür mümkün də deyil. Çünki Qərb dairələrinin başı Er­mənistanı Cənubi Qafqazda avantürizm yaratmaq planlarında “təcrübə dovşanı” kimi istifadəyə qarışıb. Daha bir reallıq isə budur ki, hazırkı dövrdə insan hüquq və azadlıqları böyük planların yanında heç nədir, qlobal siyasət üçün vasitədir. Məsələyə mövcud prizmadan yanaşsaq, ABŞ Dövlət Departamentinin hesabatın­da açıqlanan faktlar, müəyyən mənada, təəccüblü qarşılana bilər. Ancaq fikrimiz­cə, təəccüblənəcək heç nə yoxdur. Çünki Ağ Evin bildirdikləri Ermənistanda bəşə­ri dəyər və prinsiplərə münasibətdəki həqarətin yalnız kiçik fraqmentidir. Yəni, daha böyük mətləblər var. Elə departa­mentin hesabatında da, həmçinin. Həmin böyük mətləbi, daha doğrusu, məqsədi yazımızın sonunda diqqətə çatdıracağıq. Hələlik isə... 

Beləliklə, insan haqları ilə bağlı qey­ri-hökumət təşkilatları Ermənistan or­dusunda hərbi əməliyyatların getmədiyi dövrdə baş vermiş ölüm hallarından və bunun yerli hüquq-mühafizə orqanlarının araşdırmasındakı ayrı-ayrı məqamlardan narahatdır. Bu fikir ABŞ Dövlət Depar­tamentinin 2023-cü ildə “İnsan haqları təcrübələri üzrə ölkə hesabatları: Ermə­nistan” adlı illik hesabatında yer alıb. He­sabatdakı ilk məqam orduda qeyri-döyüş şəraitində ölüm faktlarının səbəblərinin müəyyənləşdirilməsi prosesinin etibarlı olmadığının açıqlanmasıdır. 

Sənəddə qeyd edilib ki, vətəndaş cəmiyyəti təşkilatlarının və qurbanların ailələrinin fikrincə, araşdırmalarda bir çox qeyri-döyüş şəraitindən ölümlərin intihar kimi etiketlənməsi praktikası sui-istifa­də hallarının üzə çıxarılması ehtimalını azaldır. Mövcud istiqamətdəki ən böyük maneə isə həm hərbi komandanlıq (daxi­li araşdırmalar zamanı), həm də iş üzrə çalışan xüsusi istintaq orqanı tərəfindən əsas sübutların ört-basdır edilməsi və ya qorunmamasıdır. 

İnsan haqları sahəsindəki qeyri-hö­kumət təşkilatlarının bildirdiklərinə görə, hökumətin istər döyüş, istərsə də qey­ri-döyüş şəraitində hərbi ölümlər barədə hesabatında şəffaflığın olmaması icti­maiyyətin mövcud sahədəki rəsmi mə­lumatlara inamsızlığını doğurur. Yəni, hesabatda bu məqam da diqqətə çatdı­rılır və rəsmi İrəvan müqəssir qismində göstərilir. 

Məlum olduğu kimi, Ermənistan in­diyədək 44 günlük müharibədə həlak olmuş əsgər və zabitlərin siyahısını açıqlamayıb. ABŞ Dövlət Departamen­tinin hesabatında buna da toxunulub. Bildirilib ki, hüquq-mühafizə orqanları və prokurorluq Ermənistanın baş naziri tərə­findən 2020-ci ildə yaradılmış işçi qru­punun fəaliyyətinin nəticələrinin tədqiqi istiqamətində heç bir konkret addım at­mayıb. Eyni zamanda, müharibədən son­rakı eskalasiyalar müddətində yaşanmış ölüm faktları ilə bağlı da cəmiyyətdə inam yaradacaq gerçək iş görülməyib.

“Lakin rəsmi məlumata görə, müstən­tiqlər işlərdən birində iki nəfəri axtarışa veriblər. Fevralın 17-də işçi qrupunun tərkibində olan hüquq müdafiəçisi və qurbanların qohumları ölümlərin ört-bas­dır edilməsində əli olduğuna inandıqları onlarca hazırkı və keçmiş ədliyyə sekto­runun rəsmilərinin siyahısını açıqlayıblar. Aprelin 25-də Avropa İnsan Haqları Məh­kəməsi hökumətin orduda ölüm faktları­na dair təhqiqatlarında ciddi nöqsanların olduğunu müəyyənləşdirərək, hökuməti Tiqran Ohancanyanın (araşdırılan beş işdən biri) anasına 50 min avro (54,1 min dollar) təzminat ödəməyə məcbur edib”,– deyə Birləşmiş Ştatların əsas xarici si­yasət orqanının hesabatında vurğulanıb. 

Ancaq ABŞ Dövlət Departamentinin hesabatında müəyyən anlaşılmazlıqlar da var. Qurum bir tərəfdən, guya, Ermə­nistan hakimiyyətini orduda ölüm faktları ilə əlaqədar təqsirləndirir, digər yandan isə açıqladığı sənəddə istinad edilmiş ölüm faktı, belə demək mümkünsə, köh­nədir. İş burasındadır ki, orada misal kimi gətirilmiş Ohancanyanın ölümü 2007-ci ildə baş verib və onun hazırkı erməni iqti­darına heç bir aidiyyatı yoxdur. O zaman sual yaranır: nəyə görə fakt hesabata daxil edilib? Hər halda, Dövlət Depar­tamenti onun üzərində boş yerə dayan­maz. Deməli, Ohancanyanın ölümünün izahının inandırıcı və qənaətbəxş olma­masının bildirilməsində hansısa başqa məqsəd var. 

Bəli, belə nəticəyə gəlmək mümkün­dür ki, Ohancanyanın ölüm faktının gün­dəmə gətirilməsi daha çox Paşinyanın komandasına, necə deyərlər, pas ötür­məyə oxşayır. Nəzərə alaq ki, 2007-ci ildə Ermənistana Robert Koçaryan rəh­bərlik edirdi. Ölkənin müdafiə naziri isə daha bir eks-prezident Serj Sarkisyan idi. O Sarkisyan ki, 2008-ci ildə Ermənis­tanın dövlət başçısı oldu. “Pas ötürmə” məntiqinə gəlincə, hazırda ABŞ Dövlət Departamentinin hesabatında Ohancan­yan məsələsinin vurğulanması Paşinyan hakimiyyətinə keçmişə baxmaq üçün şə­rait yaradacaq. Onsuz da Nikol eksləri sıradan çıxarmaq istiqamətində müxtəlif variantlar düşünməkdədir. Şübhəsiz, he­sabat onun məsələyə baxışını bir qədər də qətiləşdirəcək. 

Haqqında söz açdığımız hesabatda bildirilir ki, ötən il ərzində hökumət və ya onun agentlərinin özbaşına və ya qeyri-qanuni qətllər, o cümlədən, məh­kəmədənkənar qətllər törətməsi barədə heç bir məlumat daxil olmayıb. Hesab edək ki, məlumat daxil olmayıb, bəs bu məqam nə üçün vurğulanır? Əslində, deyim subliminal mesaj şəklində diqqəti əvvəlki illərin “təcrübəsinə” yönəltmək məqsədini daşıyır. Axı ekslərin zama­nında qeyd edilən hallar tam adi xarak­ter almışdı.

Sonda ABŞ Dövlət Departamentinin hesabatı məsələsindəki daha bir vacib məqama diqqət yetirək. Sual yaranır: Nəyə görə Ermənistanla bağlı ancaq ordu amili üzərində dayanılır? Yəni, ölkədə insan hüquq və azadlıqlar başqa sahələrdə pozulmurmu? Əlbəttə pozu­lur və bunu əvvəldə vurğuladıq. Məsələ bundadır ki, Paşinyan nə qədər çalışsa da, ordunu düzəldə bilmir. Hərbi birləş­mələrin tərkibində keçmişin qalıqları üstünlük təşkil edir. Onları təmizləmək müşkül məsələyə çevrilib. Deməli, Birləş­miş Ştatların Dövlət Departamentinin he­sabatı bu təmizlənmənin gerçəkləşməsi naminə edilən çağırışdır. Belə bir çağırış Paşinyan üçün stimuldur. Ermənistanda bəşəri prinsiplərə aşkar etinasızlıqlara gəldikdə, vəziyyətin acınacaqlı spektri, görünür, heç kəsi düşündürmür. Birləş­miş Ştatları da, həmçinin. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət