Birləşmiş Ştatlar bəşəri dəyərlərlə manipulyasiya xəttinə “sadiqdir”
İsa peyğəmbərlə (ə.) bağlı söylənilən bir hadisə var. Peyğəmbər əxlaqsızlıqla məşğul olduğu bildirilən qadının bir meydanda dövrəyə alındığını görür. Meydandakılar Peyğəmbərdən məsələyə münasibət bildirməsini istəyirlər. Qadını daşa basaraq linç etmək niyyətlərini açıqlayırlar. İsa peyğəmbərin (ə.) cavabı ibrətamizdir: Daşı günahı olmayan atsın. Güman edirik ki, dəyərli oxucularımız nə üçün yazımıza belə başladığımızın fərqinə varacaqlar.
Beləliklə, ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabatını açıqlayıb. Əlbəttə, Birləşmiş Ştatların hansı haqla dünyada mövcud istiqamətdəki vəziyyəti dəyərləndirməsindən danışıb bunun bütün mənalarda yolverilməzliyini vurğulamaq niyyətindən uzağıq. Çünki məsələ barədə söz açmağın heç bir mənası yoxdur. Yəni, ABŞ-nin özü üçün müstəsna səlahiyyətlər və vəzifələr uydurması adidən də adi haldır.
Ölkə öz qanunvericiliyində həmin səlahiyyət və vəzifələrin icrasını leqallaşdırmaq yönündə müddəalar qondarır. Daşımağa iddialı olduğu fövqəladə missiyanı əldə bayrağa çevirib siyasi məqsədlər reallaşdırır.
ABŞ kollektiv Qərbin digər aktorları kimi, insan hüquq və azadlıqlarını qlobal siyasi məqsədlərin gerçəkləşdirilməsi naminə başlıca vasitəyə, alətə çevirir. Bu, artıq tendensiya halını alıb. Ortada maraqlı və ziddiyyətli durum var. Bütün dünya yaxşı anlayır ki, Vaşinqton manipulyasiyalara yol verir, ancaq ona qarşı hansısa ictimai müqavimət formalaşmır. Necə deyərlər, elə bil dünyanı zombiləşdirib.
Əlbəttə, ABŞ qlobal gücdür, hamı durumu yaxşı dərk edir, Bu, öz yerində. Amma bu amil hələ hər şey demək deyil. Güclü olmaq Birləşmiş Ştatlara belə bir imtiyaz qazandırmır ki, dünyada fundamental dəyərlər xüsusunda söz sahibi olsun, həmin dəyərlər üzərində manipulyasiya yolu tutsun. Çünki belə yanaşma quldarlıq dövrünün təfəkkür tərzindən başqa bir şey deyil. Təəssüf ki, dünyaya demokratiya dərsi deyən bir ölkədə kalloabolosionist yanaşma hələ də aktuallığını saxlamaqdadır.
Artıq dünyada ABŞ Dövlət Departamentinin insan haqlarına dair hesabatlarına ciddi yanaşmırlar. Hər kəs yaxşı anlayır ki, həmin hesabatlar ayrı-ayrı sosial şəbəkə profillərində yazılanlar, gerçək faktoloji əsası olmayan bilgilər əsasında tərtib olunur, ayrı-ayrı dövlətlərə təzyiq vasitəsi kimi istifadə edilir. Yaxud da qərəzli olduğu aşkar bilinən mənbələrin məlumatları heç bir araşdırma, dəqiqləşdirmə aparılmadan sənədlərə daxil edilir. Fikrimizi təsdiqləmək üçün misallar yetərincədir. Onların üzərində dayanmağa lüzum görmürük. Həm də ona görə ki, bu barədə kifayət qədər çox yazılıb da, deyilib də. Amma çifayda...
Birləşmiş Ştatların bəşəri dəyərlər məsələsində müstəsna “təəssübkeşlik örnəyi” var. Bu “örnək” sübut edir ki, ölkə öz maraqları naminə hər cür qorxunc ssenariləri həyata keçirmək iqtidarındadır. ABŞ-nin İraqa hərbi təcavüzünü götürək. Guya ki, İraqda kimyəvi silah var idi. Onun axtarışı ilə Birləşmiş Ştatlar ölkənin altını üstünə çevirib xarabazarlıq yaratdı, minlərlə insan həyatını itirdi. Sonda nə oldu? Məlum oldu ki, İraqda heç bir kimyəvi silah yoxdur. Əslində, bu, ABŞ üçün utanc, rəzalət anı olmalı idi. Lakin Ağ Ev özünü heç nə olmamış kimi apardı. Sanki İraqda qırılanlar insanlar yox, qarışqalar imiş.
Ümumən, ABŞ-ın hazırda Qəzza hadisaləri barədə susması, vaxtilə İraqla yanaşı, Əfqanıstanda törətdiyi cinayətlər kimi heç bir əndazəyə sığmır. Yəni, ortada dünya təəssübkeşliyinə iddialı ölkə adına belə dəhşətli faktlar varkən, Dövlət Departamenti yenə də öz “ampluasındadır”. Necə deyərlər, utanmasan, oynamağa nə var ki?
Əvvəldə diqqətə çatdırdığımız məqama qayıdaq. Bəli, “daşı günahı olmayan atmalıdır” məsələsinə. Yazımızda ABŞ-ın saysız-hesabsız günahlarından yalnız kiçik fraqmentləri xatırlatdıq. Ancaq Birləşmiş Ştatlar insan hüquqları sahəsində ən böyük günahlardan birini elə öz daxilində edir. Bu gün də ölkənin müxtəlif yerlərində irqi ayrı-seçkilik halları var, qeyri-tolerant mühiti at oynadır. Bu gün də ölkədə qaraların (qara dərili vətəndaşların – Ə.C.) daxil ola bilmədiyi məkanlar fəaliyyət göstərir. Bu gün də ABŞ-da elə yerlər var ki, orada insan qətli toyuq başı kəsmək kimi bir şeydir, adi olay qismində qarşılanır, cinayətkarlar nəinki məsuliyyətə cəlb olunmur, hətta əllərini-qollarını sallayaraq rahat şəkildə küçələrdə gəzirlər. Görünür, Birləşmiş Ştatlarda insan azadlığı ilə bağlı deyimlərin qəbulolunma göstəriciləri sadaladıqlarımızdır.
Bəli, ABŞ özünü insan hüquq və azadlıqlarına nəzarətçi qismində görürsə, bunlara diqqət yetirməlidir. Nəzərə alaq ki, ölkədə rasizm, islamofobiya, miqrantların hüquqlarının pozulması, həbsxanalarda dözülməz şərait və rəftar, eləcə də digər qorxunc hallar da baş alıb getməkdədir. Görəsən, Dövlət Departamenti nəyə görə hesabatında bu barədə danışmır. Məgər sadaladıqlarımız günah deyil? Amma düşünürük ki, günah ABŞ-da baş verən hüquq pozuntularını xarakterizə etmək üçün, əslində, çox yumşaq ifadədir.
Sonda onu da deyək ki, BMT, dünya dövlətləri bir araya gəlməli, Birləşmiş Ştatlarda insan haqlarının vəziyyətinə diqqət yetirməlidirlər. Mövcud sahədəki acınacaqlı durumun müxtəlif təzahür formaları ilə bağlı hesabatlar hazırlamaq mümkündür. Ancaq, təəssüf ki, dünyanın bu işləri gerçəkləşdirmək üçün təpəri yoxdur. Təpər olmadıqca, Birləşmiş Ştatların şər-böhtan üzərinə qurulmuş hegemonluğu davam edəcək. İnsan haqları, demokratiya, azad söz, fikir plüralizmi kimi dəyərlər isə ABŞ-nin dünya hegemonluğu qarşısında aciz durumda qalacaq, obrazlı desək, həmin dəyərlər Amerika kovboylarının atlarının arxasında əli-qolu bağlı vəziyyətdə sürünəcəklər.
Ə.CAHANGİROĞLU
XQ