İrəvana son şans

post-img

Xarici ekspertlər Cənubi Qafqaz xalqlarının problemləri özlərinin çözməyə qadir olduqlarına inanırlar 

Son üç il yarımda Azərbaycanın re­gionda yaratdığı yeni reallıq Cənubi Qafqazda dincliyin və inkişafın bu re­allıqdan kənarda mümkün olmayaca­ğını bütün çalarları ilə ortaya qoydu. Ermənistan hakimiyyəti Qazaxın 4 kən­di məsələsində olduğu kimi, sülh sazi­şinin mətnində öz əkisini tapmış digər məsələlərin də “tet-a-tet” formatlı danış­lar yolu ilə həlli üçün özündə təpər tapıb, real və konkret addımlar atmalıdır. 

Doğrudur, sərhədin delimitasiyasının baş­lanması və Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması ikitərəfli əməkdaş­lığın müsbət nəticəsi sayıla bilər. Bəli, Bakı və İrəvan istənilən xarici oyunçunun “vasitəçilik xidmətindən” yararlanmadan öz aralarında razılığıa gəlməyi bacardılar. Bəs, Bakının, Ankaranın, Tehranın və Moskvanın dəstəklə­diyi “3+3” formatının, Prezident İlham Əliye­vin irəli sürdüyü “Qafqaz evi” ideyasının tam şəkildə gerçəkləşməsinə zəmin yaradacaq və eyni zamanda, buna mane ola biləcək amillər hansılardır? Ermənistan və Azərbaycan baş nazirləri müavinlərinin aprelin 19-da imzala­dıqları ikitərəfli razılaşma aktının nəticələrini və gələcək perspektivini xarici və yerli eks­pertlər necə dəyərləndirirlər?

Fransa siyasi meydanda tək qalıb

Rusiyalı politoloq Aleksandr Ryab­sovun fikrincə, Fransa başqa olmaqla Av­ropa İtifaqının üzvləri bu günlərdə Cənubi Qafqazla bağlı mövqelərini nümayiş etdirir­lər: “Amma Fransa reaksiya verməyə tələs­mir. Səbəbi odur ki, Paris indi Azərbaycan­la Ermənistan arasında sülhün və qarşılıqlı anlaşmanın bərqərar olmasından son dərəcə narahatdır və bunu Cənubi Qafqazla bağlı planlarının iflasa uğraması ehtimalı kimi qə­bul edir. Ona görə də, Fransa Bakı ilə İrəvan arasında bağlanan müqavilələrdən narahat olub. Üstəgəl, Fransanın bölgədə gücləndir­məyə çalışdığı mövqeyinin ciddi sarsıntıya məruz qalması, demək olar ki, onu meydanda tək qoyub. Aİ və ABŞ-nin Brüsseldə İrəvanla gizli sövdələşməyə getməsi ona dəlalət edir ki, rəsmi Parisin “Qafqaz missiyası” fiaskoya uğramaq üzrədir. Aİ–ABŞ “ikiliy”i Brüssel Sammitində Ermənistanın silahlandırılması təşəbbüsü ilə çıxış edib. Hazırda Parisin Cə­nubi Qafqazda möhkəmlənmək üçün qurdu­ğu möhtəşəm planları, əslində, “ikiliy”in Er­mənistanla sövdələşmə fonunda aktuallığını itirib”. 

Amma burada bir “əmma”nın da olduğu­nu vurğulayan A.Ryabsovun fikrincə, Qərbin güc mərkəzləri Fransadan fərqli olaraq, Cə­nubi Qafqazda “uzun oyun” oynamağa qə­tiyyən meyilli deyillər: “Əgər onların bölgə ölkələrini bir-birinə qarşı qoymaq, yeni mü­naqişə ocağını alovlandırmaq cəhdləri uğurla sonuclanmasa, tez də yox olacaqlar. Amma bütün bunların arxasından açıq-aşkar bir müsbət cəhət boylanır: Fransa bu mərhələdə “oyundan kənarda” qaldı”. Rusiyalı politoloq nə qədər öz ölkəsinin maraqlarından çıxış etsə də, onun Qərbin Qafqaz siyasətinin Bakı üçün də neqativ sayıla biləcək nüanslarına sağlam yanaşdığı görünür. 

Sonrakı peşmançılıq... 

İrlandiyalı politoloq və tarixçi Patrik Uolşun fikrincə, sərhədin demarkasiyası və 4 kəndin qaytarılması ilə bağlı əldə olunan ikitərəfli razılaşma ümidverici hadisədir: “Bu müqavilənin çox böyük əhəmiyyəti var. Mən bu hadisəni aprelin 5-də Brüsseldə baş verən zəhərli geosiyasi manevrlər fonunda ümid işığı adlandırardım. Deməli, ermənilər və azərbaycanlılar regionda sülh və sabitli­yin yaranması naminə qarşılıqlı dialoq apar­mağa hazırdırlar. Bu, göz qabağında olan faktdır. Ümumiyyətlə, mən hesab edirəm ki, Cənubi Qafqaz xalqları öz aralarındakı fikir ayrılıqlarını, tarixi narazılıqlarını özləri həll etməlidirlər. Bu, qarşılıqlı inam və anlaşma mühitinə nail olmağın yeganə yoludur. Əs­lində, belə vicdanlı yanaşma, hazırda Qərbin bölgə strategiyasında gördüyümüz kimi, bu və ya digər tərəfə üstünlük verməklə “böyük güclər”in öz maraqlarını regiona idxal etmək cəhdləri ilə diametral şəkildə ziddiyyət təşkil edir. Amma bu cəhdlər nəinki ölkələr arasın­da münasibətlərin normallaşmasına, qarşılıq­lı etimadın yaranmasına mənfi təsir göstərir, həm də tarixən fəlakətə gətirib çıxardığını sübut edib”. 

Tarixçi P.Uolş tamamilə haqlı olaraq İrə­vanı keçmişin acı təcrübəsindən ibrət dərsləri almağa çağırır: “Ermənilərin 1890-cı illərdən 1921-ci ilə qədər Qərbin himayədarlığını əldə etmək cəhdləri hara apardı? Rusiyanın hər yerdə və həmişə onların arxasında divar kimi dayanacağına inamları nəyə gətirib çıxardı? Sonda uğursuzluq və məğlubiyyətlə başa çatdı. Yeganə həll yolu problemlərin birgə həlli üçün qonşularla açıq və ikitərəfli danışıqlardır”.

Müsbət dinamikadan yaranan ümidlər

“İşğal altında olan kəndlərin geri qay­tarılması, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin bərpa edilməsi danışıqlar prosesinin müsbət dinamikasını xarakterizə edən əla xəbərdir”. Qazaxıstanlı politoloq, siyasi elmlər namizədi, Qazaxıstan Pre­zidenti yanında Milli Kurultayın üzvü Talqat Kaliyevin fikrincə, ikitərəfli dialoqun müsbət dinamikası uzun müddət davam edən və son dərəcə ağrılı Ermənistan–Azərbaycan münaqişəsinin həlli üçün yeni imkanlar açır: “Aydındır ki, problemləri Azərbaycan və Ermənistan özləri, heç bir kənar vasitəçiyə, başqa oyunçulara ehtiyac duymadan üzbəüz danışaraq həll etməlidirlər. Düşünürəm ki, Ermənistan sülhə aparan konkret addımlarıı ilə özünü xəyal ağrılarından qurtarmalı, Azər­baycanla, eləcə də Türkiyə ilə sülh müqavilə­sinin bağlanması ilə yeni perspektivlər üçün açılan imkanları düzgün qiymətləndirməlidir. Bunun üçün İrəvan, ilk növbədə, qonşuları ilə diplomatik əlaqələr qurmalıdır. Həmin qonşular onun güclü iqtisadi tərəfdaşına çev­rilə, Ermənistan iqtisadiyyatını keyfiyyətcə yeni səviyyəyə qaldıra və əhalisinin rifah ha­lını yüksəldə bilər”.

“Qafqaz evi”nin sakinləri arasında gələ­cək uğurlu əməkdaşlıqdan danışan qazaxıs­tanlı politoloq, eyni zamanda, hesab edir ki, Ermənistan Zəngəzur dəhlizi vasitəsilə Tür­kiyəyə keçəcək Transxəzər nəqliyyat dəhlizi layihəsindən kənarda qalmamalıdır: “Bu hal­da Ermənistan da bu dəhlizlə daim artan yük axınından faydalanacaq. Qazaxıstan həmişə münaqişənin sülh yolu ilə nizamlanmasının və qarşılqılı razılaşmaların əldə olunmasının tərəfdarı olub. Biz bu müsbət dinamikaya böyük ümidlə baxırıq və Cənubi Qafqazda çoxdan gözlənilən sülhün, nəhayət, bərqərar olacağına inanırıq”. 

“Qafqaz evi” real layihədir

“Atlas” Araşdırmalar Mərkəzinin rəh­bəri, siyasi şərhçi Elxan Şahinoğlu “3+3” formatını bölgədə sülhün əldə edilməsi və inkişafı üçün faydalı hesab etsə də, burada bir neçə problemin olduğuna diqqəti çəkdi: “Birinci problem bu formatda Gürcüstanın iştirak etməməsidir. Bunun da obyektiv sə­bəbləri var. Rusiya Abxaziyada, Osetiyada separatçı rejimləri tanıyıb. Tbilisi məhz buna görə “altılar”ın görüşündən yayınır. İkinci problem İranın yürütdüyü siyasətlə bağlıdır. Əlbəttə, Azərbaycan İranla normal münasi­bətlərin tərəfdarı kimi çıxış edir, amma cə­nub qonşumuzun bəzi siyasi dairələri hələ də anti–Azərbaycan bəyanatlar verir, təxri­batçı açıqlamalarla çıxış edirlər. Ölkəmizin Tehrandakı səfirliyinə silahlı hücumla bağlı məhkəmə çəkişməsi davam edir. Bəzən Azər­baycan vətəndaşları İranda saxlanılır, onlara qarşı saxta ittihamlar irəli sürülür. Yəni, bu kimi səbəblər Bakının Tehranla eyni format­da iştirakını çətinləşdirir. Amma Azərbaycan regional əməkdaşlığın əsas tərəfdarlarından biridir”. 

Prezident İlham Əliyevin keçən il Tbi­lisidə irəli sürdüyü “Qafqaz evi” ideyasına toxunan E.Şahinoğlu bu ideyanın “3+3” formatının tərkib hissəsi hesab edir: “Əgər mövcud problemlər ucbatından “altılar”ın formatı alınmırsa, “Qafqaz evi” real layihə­dir. Ona görə realdır ki, artıq Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar in­tensivləşib, sərhədin delimitasiyası ilə bağlı ilkin razılaşma əldə edilib. Hətta, Azərbaycan Prezidenti Ermənistanla əməkdaşlıq üçün bir sıra təkliflərin irəli sürüb. Fəqət bunun üçün gərək əvvəlcə sülh sazişi imzalansın. Ondan sonra biz Ermənistana elektrik enerjisi, qaz sata bilərik. Məhz sülhə nail olduqdan sonra Gürcüstanın da iştirakı ilə “Qafqaz evi” ide­yasının reallaşması baş tutacaq”.

Yeni qurumun, faktiki olaraq, Avropa İt­tifaqına bənzər struktur kimi perspektivindən danışan siyasi şərhçi bunun üçün İrəvanın kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmasını və konstitusiyasında dəyişiklilər etməsini əsas şərtlər hesab edir: “O zaman Ermənistan nəin­ki Azərbaycanla, eləcə də Türkiyə ilə əmək­daşlığa zəmin yaratmış olacaq. Bu baxımdan “Qafqaz evi” ideyası heç də “3+3” formatına zidd deyil. Əslində, bu ideyanın gerçəkləşməsi yolunda heç bir maneə yoxdur”. 

İrəvan şansını dəyərləndirəcəkmi?

Prezident İlham Əliyev Bakı və İrəvanın sülhə heç vaxt olmadığı qədər yaxın olduqla­rını, indi sadəcə, hər iki tərəfin vaxta ehtiyac duyduğunu da nəzərə çatdırıb. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan son addımlar, nəhayət, Cənubi Qafqaza sülhün və əmin-amanlığın gələcəyinə ümidləri xeyli artırıb. Özünə kə­nardan dəstəkçi axtarışları kimi əbəs cəhd­lərdən əl çəkməli olan İrəvan reallıqdan çıxışedərək, praqmatik addımlar atmaq üçün özündə siyasi iradə tapmalıdır. 

İlham Əliyevin ADA Forumundakı çıxı­şından yadda qalan ən vacib məqamlardan biri də “Qafqaz evi”nin sakini kimi, Ermənis­tanın da Azərbaycan qazının alıcısı ola bilə­cəyi barədə fikirləri idi. Dövlətimizin başçısı Azərbaycanın ixrac imkanlarını genişləndir­məsi çərçivəsində elektrik verilişi xətlərindən birinin, hətta qaz kəmərinin Ermənistandan keçməsini real perspektiv olaraq gördüyünü bəyan etdi. Nikol Paşinyan rəsmi Bakının ilk dəfə səsləndirdiyi bu planı düzgün qiy­mətləndirməli, yalançı vədlərdən və köhnə silahlardan başqa ona heç nə verməyən Qər­bin ətəyini buraxmalıdır. Yaranmış şəraitin Ermənistan üçün bir şans olduğunu qeyd edən Prezident İlham Əliyev bunu birməna­lı şəkildə rəsmi İrəvanın diqqətinə çatdırdı: “Əgər onlar bu dəfə də yersiz xülyalardan əl çəkməsələr, daha ağır durumla üz-üzə qala­caqlar”.

İmran BƏDİRXANLI
XQ









Siyasət