Azərbaycan–Türkiyə–Rusiya: Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya

post-img

II MƏQALƏ

I məqalənin yekun tezisi Cənubi Qafqazda postmüharibə dövrünün ilk mərhələsinin başa çatması fonunda yeni konstruktiv geosiyasi konfiqurasiyanın formalaşmasına ehtiyacın yaranması kontekstində idi. Bu prosesdə Azərbay­canın aparıcı rol oynayacağı proqnostik tezisi irəli sürülmüşdü. Həmin iddianın ciddi əsasları vardır. Onların üzərində geniş dayanaq. 

Xarici siyasətdə “multiregionallıq” 

Öncə onu vurğulayaq ki, Azərbayca­nın xarici siyasəti tam olaraq Prezidentin kreativ siyasi zəkasına əsaslanır. Avra­siya məkanında Azərbaycan Prezidenti səviyyəsində geniş siyasi-diplomatik ma­nevrlər fonunda yeni siyasi və geosiyasi təşəbbüslər irəli sürən liderə rast gəlinmir. Bunun nəticəsidir ki, xarici siyasətimizdə “multiregionallıq” adlanan maraqlı bir əlamətdən bəhs edirlər. Bu termin Azər­baycanın xarici siyasətdə regionlararası geosiyasi məkanda əməkdaşlıq, təhlükə­sizlik və qarşılıqlı faydalı olan layihələrin həyata keçirilməsi istiqamətində davamlı fəaliyyətini ifadə edir. Onun kifayət qədər əlamətləri mövcuddur. 

O cümlədən, ayrıca Rusiya ilə mü­nasibətlərdə multiregionallığın xüsusi məzmunu formalaşmışdır. Burada həm Rusiya Federasiyasının ayrı-ayrı region­ları ilə bütöv Rusiya dövlətinin tərkib his­sələri kimi əlaqələri gücləndirmək xətti, həm də bu münasibətlərin ümumi ruhunu rəsmi Moskvanın maraqları ilə uzlaşdır­maq əzmi vardır. Hətta, onu deyərdim ki, Rusiya rəhbərliyi Azərbaycan rəhbərliyi­nin multiregionallıq konseptindən yarar­lanmalıdır. Çünki bir sıra rus diplomatla­rının Azərbaycanın bölgələrində rus dili və mədəniyyətinin daha üstün olduğu haqqında təəssürat yaratmaq cəhdləri də məlumdur. 

Məsələn, Azərbaycanda bir sıra etnik mənsublar üçün rus dilinin əsas ünsiyyət dili olması ilə bağlı uydurmaları eşidirik. Bunlar strateji müttəfiqliklə yanaşı, müa­sir dövlətçilik prinsiplərinə sayğı baxımın­dan da qəbuledilməzdir. Azərbaycanda bütün vətəndaşların bir ünsiyyət vasitəsi vardır – Azərbaycan dili! O ayrı məsələ­dir ki, müxtəlif etnik qruplar öz aralarında ana dillərində ünsiyyətdə omaqda tam sərbəstdirlər və bu dövlətin titul milləti olan azərbaycanlılar bunu çox normal qarşılayırlar. Ancaq həmin etnik qrupların ana dili və dövlət dilindən başqa dili ün­siyyət vasitəsi kimi görməsi artıq Kons­titusiyaya uyğun deyildir. Xüsusilə, o, xaricdən təhrik olunursa, dövlətin daxili işlərinə qarışmaqdır. 

Güman etmirik ki, Kreml bəzi rus siyasilərinin bu cür çıxışlarına haqq qa­zandırır. Çünki rəsmi Bakı kifayət qədər səliqə, diqqət və məsuliyyətlə Rusiya Federasiyasının daxili işlərinə müdaxilə etmir. Heç zaman etməyəcək də. 

Azərbaycanın multiregionallıq aspek­tindən Rusiya siyasətinin başqa maraq­lı özəlliyi müxtəlif regionlarla əlaqələri Moskvanın maraqlarına zidd olmayan istiqamətdə inkişaf etdirməsidir. İki nü­munə göstərə bilərik. 

Birincisi, Qoşulmama Hərəkatı çər­çivəsində Azərbaycan müxtəlif region­lardan olan dövlətlərlə münasibətlərini Rusiyanın maraqlarına zidd heç bir as­pektdə qurmur. Əksinə, Moskva üçün də əhəmiyyətli olan kontekstdə həmin münasibəltəri məzmunlaşdırır. Nümunə olaraq Fransanın müstəmləkə siyasəti­nin iç üzünü açmaqla bağlı Qoşulmama Hərəkatı üzvlərinin fəaliyyətinin təşkilini göstərmək olar. Rəsmi Moskva da bu təşəbbüsü tam dəstəkləyir və əmək­daşlıq edir. Bununla müxtəlif regionlar arasında münasibətlərin bir aspektində Rusiya–Azərbaycan qarşılıqlı anlaşması tam olaraq təmin edilir.

Digər nümunə Türk Dövlətləri Təş­kilatı (TDT) çərçivəsində Azərbaycanın fəallığının Rusiya ilə münasibətlərə yal­nız müsbət təsir etməsi ilə bağlıdır. Bu məqam, faktiki olaraq, Azərbaycanın multiregionluq konseptinə Rusiyanı oriji­nal konstruktiv məzmunda daxil etməsi­nin ifadəsidir. Konkret olaraq, Azərbay­can və başqa türk dövlətləri Çin, Aİ və ABŞ-dan fərqli olaraq, Mərkəzi Asiyada və Qafqazda Rusiyaya rəqib kimi mey­dan oxumur, onun haradansa sıxışdı­rılması kimi xəyallara qapılmır. Əksinə. Rusiyanın TDT əlaqələri üçün lazım olan bütün imkanlar yaradılır. Bu, Azərbaycan üçün iki miqyasda önəm daşıyır. 

Birincisi, ikitərəfli münasibətlərdə re­gionlararası maraqların gözlənilməsidir. Misal olaraq Azərbaycan Prezidentinin Rusiyaya olan sön səfərində “yeni möh­təşəm layihə”nin həyata keçiriləcəyinin anonsunu verməsi çox əhəmiyyətlidir. İlham Əliyev “Şimal-Cənub” dəhlizi çərçi­vəsində Afrikaya qədər uzanan geosiyasi məkanda Rusiya ilə birgə möhtəşəm la­yihəni reallaşdırmaq niyyətlərini ifadə etmişdir. Bu, o deməkdir ki, multiregion­luluq məzmunca daha da genişlənir. O, bir neçə regionu konkret proqramlar üzrə əməkdaşlıq və təhlükəsizlik aspektlərin­də əhatə edir. Diqqət edin, bura Uzaq Şərq, Cənubi Asiya, Rusiya, Cənubi Qafqaz, Körfəz dövlətləri, Yaxın Şərq, Af­rika və Avropa daxildir. Ölkələrin sayı da çoxdur – Çin, Əfqanıstan, Pakistan, Hin­distan, Rusiya, Türkiyə, İran, Azərbay­can, Gürcüstan, İraq, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digərləri. 

Regionlar arasında daxili ziddiyyəti olmayan məzmunda real əməkdaşlıq ya­ratmaq və təhlükəsizliyi təmin etmək bö­yük bir işdir. Onu ancaq güclü və özünə inanan dövlət təşkil edə bilər. Azərbay­can Rusiya ilə birgə məhz bu istiqamətdə fəallığını artırmaqdadır. Məsələnin başqa tərəfi, təbii ki, Türkiyə faktoruna bağlıdır. Türkiyə Azərbaycanın təşəbbüs göstər­diyi hər bir layihəyə qeyd-şərtsiz dəstək verir. O cümlədən, Rusiya istiqamətində iki qardaş güclü dövlətlər tam koordina­siyalı və perspektvili siyasət yeridirlər. Deməli, multiregonluluq xəttində Azər­baycan-Türkiyə birliyi başlıca faktorlar­dan biri rolunu oynayır. 

Bu qənaəti TDT-nin hər bir üzvünə aid etmək olar. Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan rəhbər­lərinin Bakıya dalbadal səfərləri məhz regionlararası münasibətlərin sistemləş­dirilməsi, nizama salınması və reallaşdı­rılması kontekstində dolayısı ilə Rusiya­nın da maraqlarının nəzərə alınmasını diqqətə almaq deməkdir. Bununla Ru­siya-Azərbaycan münasibətləri uğurla Rusiya-TDT münasibətlərinə transfor­masiya olunur. Və faktiki olaraq Qərb tərəfindən aktiv surətdə sıxışdırılan və təcrid edilən Rusiya üçün yeni əməkdaş­lıq “pəncərəsi” açılır. TDT bu baxımdan MDB-yə və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına zidd deyildir. Bu regional təş­kilatlar arasında konstruktiv münasibətlə­rin inkişafı üçün geniş şərait mövcuddur. 

Bu qənat bizi avtomatik olaraq yeni bir anlayış – “multitəşkilatçılıq” terminini daxil etməyə istiqamətləndirir. Həmin an­layışın üzərində bir qədər geniş dayan­maq lazımdır.

“Multitəşkilatçılıq” və II mərhələnin əsas amili 

Bu məfhuma Azərbaycanın xarici si­yasətinin yeni tarixi mərhələsində özəllik­ləri kontekstində iki anlam veririk. 

Birincisi, Azərbaycanın xarici siyasət­də müxtəlif ölkələr və regionlar arasında əlaqələri vahid mövqedən təşkil etməsi özəlliyidir. Bu münasibətləri Azərbaycan fəaliyyətini sistemli və qarşılıqlı əlaqədə qurur. Nəticəsi isə müxtəlif ölkələr və re­gionların konstruktiv əməkdaşlıq müstə­visində inteqrasiyası və ortaq təhlükəsiz­lik sisteminin qurulmasıdır. Bu miqyasda Azərbaycanın xarici siyasətinin multitəş­kilatçılığı həm ayrı-ayrı ölkələr arasında konstruktiv münasibətlər mühiti yarat­maqda, həm bu münasibətləri TDT fo­nunda regionlararası mühitə transfor­masiya etməsində əksini tapır. Həmin kontekstdə Rusiya ilə münasibətlər xüsu­si yer tutur.

İkinci anlam məntiqi və siyasi məqsəd baxımından birinci anlamın davamıdır. Burada Azərbaycanın bir neçə regional təşkilatın qarşılıqlı münasibətlərini regi­onlararası əlaqələrin perspektivi çərçivə­sində inkişaf etdirməyə yönəlmiş konkret addımları əsas yer tutur. Multitəşkilatçı­lıq həmin baxımdan çox sayda regional təşkilatların geosiyasi aspektdə ortaq fəaliyyətini inteqrasiyaya xidmət etməsi məqsədini daşıyır. Rusiyanın təşəbbüs­karı olduğu MDB və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla münasibətlər o kontekstdə qurulur. 

Bu cür yanaşmanın qlobal geosiyasət prizmasında əhəmiyyəti vardır. Hazırda qlobal geosiyasətə regionların münasi­bətləri prizmasında baxış üstünlük təşkil edir. Yeni dünya nizamının formalaşması üçün bu yanaşmanı aparıcı hesab edir­lər. Bu səbəbdən də dünyada yeni re­gional modellər yaradılır və onların mü­nasibətləri ön plana çəkilir. Bu anlamda dünya nizamı regionlararası münasibət­lərin tənzimlənməsi, ortaq əməkdaşlıq və təhlükəsizlik mühitinin formalaşması ilə sıx bağlı görünür. Belə çıxır ki, ayrı-ayrı regionlarda və regionlararası məkanda uğurlu siyasət yeridən dövlət yekunda yeni dünya nizamının formalaşmasına xidmət edir. Azərbaycan bu baxımdan regional təşkilatlar və regionlar arasında əlaqələrin uğurlu konstruktiv formatlarını təklif edirsə, qlobal nizamın yaradılma­sında fəal iştirakçı olur. 

Burada geosiyasi baxımdan çox əhə­miyyətli bir özəlliyi vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, hər bir regi­onal əlaqədə böyük dövlətlərin yeri və rolu düzgün müəyyən edilməlidir. Cənubi Qafqaz üçün bu, Rusiya, Türkiyə və İra­nın regional miqyasda geosiyasi funksi­yalarını ədalətli və konstruktiv müəyyən etmək anlamına gəlir. Azərbaycan bu kontekstdə regionda yeganə dövlətdir ki, hər üç istiqamətdə uğurlu mövqe tutmuş­dur. Türkiyə ilə strateji müttəfiqliyi Rusiya ilə strateji müttəfiqlik tamamlayır və İranla münasibətlərdə konstruktiv mühitin sax­lanması üçün lazım olan addımlar atılır. Burada bizi Rusiya istiqaməti maraqlan­dırdığından onun üzərində dayanmaqda davam edək.

Beləliklə, Azərbaycan Rusiya ilə əlaqələri multivektorluq, multilaterallıq və multiregionallıq aspektlərində ona görə uğurulu qura bilmişdir və faktiki olaraq, Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyasında Moskvanın iştirakını təmin etmişdir. Bu, Rusiyanın böyük və güclü dövlət kimi regionda yeri və rolu­nu adekvat müəyyənləşdirmişdir. Əgər Rusiya özünün böyük, regionda ənənəvi statusu olan və güclü dövlət kimi Azər­baycan tərəfindən qəbul edildiyinə əmin olmasa idi, burada heç bir regional kon­fiqurasiyada iştirak etməzdi. Əksinə, Qərbin acığına daha pozucu mövqe tu­tardı. 

Deməli, Azərbaycan Rusiya istiqamə­tindəki konstruktiv siyasəti sayəsində bir neçə məqsədi, eyni zamanda, nəzərə almağı bacarmışdır. Birincisi, Azərbay­canın müstəqil dövlət kimi öz maraqla­rının təmin olunmasına nail olmuşdur. İkincisi, Azərbaycanın Rusiya ilə Tür­kiyənin bir-birini "geosiyasi tanımasını” təşkil edə bilmişdir. Üçüncüsü, Rusiya – TDT münasibətlərinin qarşılıqlı faydalı bərabərhüquqlu müstəviyə transfer edil­məsini reallaşdırmışdır. Dördüncüsü, bir siyasi məntiqlə Gürcüstan, Ermənistan və İranın Azərbaycana qarşı konstruk­tiv mövqedə qalmasını təmin etmişdir. Beşincisi, Rusiyanın regiona geosiyasi aspektdə Azərbaycanın yaratdığı yeni konstruktivlik ruhunda yanaşmasına nail olmuşdur.

Lakin Azərbaycan–Türkiyə–Rusiya geosiyasi konfiqurasiyasının siyasi əhə­miyyəti bunlarla məhdudlaşmır. 

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət