Azərbaycanı dünyada tanıdanlar

post-img

Xaricdə təhsil alan tələbə, həm də öz ölkəsinin səfiri olmalıdır...

Müasir dünyada baş verənlər göstərir ki, qabaqcıl ölkələrin qazandığı uğurların təməlində, ilk növbədə, elm və təhsil, intellektual potensial və texnoloji tərəqqi dayanır. Indi dünyanın hər yerində-Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Niderland Krallığı, Avstraliya, Almaniya, ABŞ, Finlandiya, İtaliya, Belçika, İspaniya, İsveç kimi ölkələrində bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində təhsillərini davam etdirən gənclərimizlə görüşdükdə inandığın ilk həqiqət bu olur ki, dünya çox balaca imiş. Redaksiyamızın qonağı olan Amerikanın Texas Ostin (Austin) Universetinində tibbdə uzmanlıq təhsili alan Gülçin İsayeva ilə həmsöhbət olanda da ağlımdın ilk çeçən bu fikir oldu. 

... Azərbaycanda hələ uşaqlıq illərində həkimlik sənətinə olan marağı onu Amerikada da bu fikirindən ayırmır. Xaricdə təhsil almaq üçün lazım olan imtahanları uğurla verib dünyanın ən qabaqcıl universitetlərindən biri olan  Boston Universitetinin tələbəsi olur. Genetika və hüceyrə biologiyası ixtisasına yiyələnən   Gülçin bu məşhur universiteti fərqlənmə diplomu ilə qurtaran ilk azərbaycanlıdır. Amerikada həkimlik sənəti seçənlərə qoyulan çox ciddi sınaq və imtahanlardan sonra təhsilini Los-Ancelesdəki Kaliforniya  Universitetində davam etdirib. Hazırda Ostin Texas Universitetində uzmanlıq təhsilini davam etdirən bu azərbaycanlı qız - Gülçin İsayevanın uğurları insanın zəhmət və biliyi ilə hər şeyə qadir ola biləcəyi reallığa məni bir daha inandırdı. Amerikanın ən böyük ştatlarından olan Texasın Ostin şəhərində yerləşən bu ali təhsil müəssisəsi, həm də ABŞ-ın böyük elmi-tədqiqat mərkəzlərindən biridir və burada azərbaycanlı bir gəncin də yer alması və sairə haqqında qonağımızla söhbət edirik.

- Niyə Türkiyə, Almaniya, yaxud Finlandiya, İtaliya, Belçika yox, uzaq Amerika?

- Bu əslində məndən çox ailəmizə bağlı oldu. Müstəqilliyimiz dövründə açılan qapılardan bizim ailəyə də Amerikaya köçmək - belə bir pay düşdü. Ailəmiz Boston şəhərinə köçdükdən sonra təhsilimi burada davam etdirmək qərarı verdim və Boston Universitetinin tələbəsi oldum. Onu da qeyd edim, dünyanın 100-dən çox ölkəsindən gəlmiş tələbənin təhsil aldığı universitet həm ölkənin, həm də dünyanın ən aparıcı ali təhsil ocaqlarından biridir.  Boston Universitetinin 285 mindən çox məzunu dünyanın bir çox ölkəsində prezident, baş nazir kimi ən mötəbər və rəhbər vəzifələrdə çalışırlar. Ali məktəbin müəllim-professorları arasında 3 Nobel mükafatı laureatı və ən məşhur mükafatlara layiq görülmüş alimlər yer alırlar. 

- Xarici tələbələrə münasibət necədir?

- Ən önəmlisi heç bir ayri-seçkilik yoxdur. Professorlar və müəllimlərin münasibətində tələbələrin milliyyətindən, dinindən, irqindən asılı olan münasibət və ayrıçeçkiliyi görmədim. Hətta Koliforniyada - ermənilərin daha çox məskunlaşdığı yerdə, universitet həyatında çür münasibət görmədim və qarşılaşmadım. Amerikanın olduqca uğurlu təhsil siyasəti və modeli var. Bu sistem tələbələrin inkişafı üçün çox şey edir və bu sistemdə ən çox bəyəndiyim iki məsələ var: birincisi  oxuduqlarını təcrübədə sınaqdan keçirmək, ikincisi, olduqca əhatəli və güvəncli dialoq mühiti. Müəllim və professorlarla, təcürbə rəhbərləri ilə açıq fikir mübadiləsi aparmaq olur. 

- Həkim olmaq çox çətin işdir, o da ola Amerikada. Başqa ixtisas da seçə bilərdiniz, niyə həkim olmaq istədiniz?

- Əslində bu uşaqlıqdan arzum olub. Düzdü, atam hüquqşünas, anam isə bioloqdur, hər ikisi Bakı Dövlət Universitetin məzunudur. Həkim olmağın çətinliyini bilirdim. Amerikada bu tələblər bu tələblər başqa ölkələrdən daha ağırdır. Bir ilk olaraq insanlarla rəftarı öyrənməlisən, tibb təhsilinə başlamadan könüllü kimi kimsəsiz uşaq evlərində, qocalar üçün hüzur evində çalışmalı,  onlara qulluq etməlisən və bu kimi sınaqlardan uğurla çıxa bilsən təhsilə davam edirsən. Mənim həkimliyə olan həvəsim bunları dəf etməyə imkan verdi. Həm də Azərbaycanda yaşadığım və orta təhsil illərində həkimlik sənətinə olan hörməti daha dərindən hiss etmişəm. Eyni zamanda yaxşı həkimə ciddi ehtiyac olduğunu da duymuşam. Düzü elə bu istək də məni bu yola çəkdi.

- Boston, bildiyim qədər də sonra Kaliforniya...

- Elədir, Bostonda təhsilimi başa vurduqdan sonra tibb təhsilinmi davam etdirnək üçün Los-Anceles Kaliforniya Universitetinə qəbul olundum. Amerikada təhsil xeyli dərəcədə fərqlidir, yüksək tibb təhsil almaq üçün mərhələli bir yol keçməlisən. Mən də bu yolu uğurla keçdim, ən yüksək balla (4 ballı sistemə görə 3.92 ortalaması ilə) 4 illik bakalavr və magistr təhsilimi 2023-cü ildə başa vurdum. Onu da deyim ki, arada 2 il də işlədim. Kaliforniya Universitetinin tibb Fakultəsində oxuduğum zaman 2-ci və 3-cü kurslardan sonra 2 dövlət imtahanına girdim . İngiliscə “United States Medical Licensing Examination" adlanan bu imtahalar – ABŞ-da tibbi lisenziyalaşdırma imtahanı 1 və 2-ci dərəcəli tıbb doktoru kimi çalışmaq istəyən hər kəsin keçdiyi 3 mərhələli imtahandır. 3-cü mərhələ isə 2025 ilində olacaq. Bu imtahanlarda ən yüksək bal 275-dir. Təvazökarlıqdan uzaq olmasın mən isə verdiyim imtahanlardan 274 və 269 bal aldım. Bu uğurum ümumi cərrahəyə ixtisası üzrə rezidentura qazanmaqda ən əsas amillərdən biri oldu, çünkü ixtisas seçimində belə bir səlahiyyət ancaq ən yüksək bal qazananlara verilir və mən də bu barədə çox şanslı oldum. Kaliforniyadakı təhsidən sonra uzmanlıq ixtisası  olaraq ümumi cərrahiyyəni seçdim və Ostin Texas Universitetini qazandım. Uzmanlıq təhsilimin birinci ilini başa vurmuşam, burada cərrahiyə ixtisası üzrə rezidentura 5 ildir,  qarşıda daha 4 ilim var...

- Bildiyim qədər təhsil haqları da yüksəkdir.

- Bəli, yüksəkdir. Bir məsələ də var ki, Amerikada yeganə olaraq hüquq və tiib təhsilinin ödənişləri ən yüksək bal toplasan belə dövlət tərəfindən qarşılanmır. Məcbursan özün ödəyəsən. Amma yaradılan şərait imkan verir ki, hər bir tələbə özü öz təhsil haqqını ödəyə bilsin. Bunun üçün dövlətdən aldığımız kredit borcu problemlərimizin təminatçısıdır. 

- Bu imkandan bütün tələbələr istifadə edə bilirmi?

- Mən Amerika vətəndaşı olduğum üçün çox rahat oldu. Amma indi uzmanlıq oxuduğumdan işləyə də bilirəm və bu maddi imkanlarımı xeyli artırıb. Amma bakalavr və magistr dövründə bir az çətin idi. Təhsil illərində aldığın borcu da işləyəndə qaytarırsan. Amma başqa bir üstünlük də var: 10 il dövlət tabeliyində olan müəssisədə çalışacaqsansa götürdüyün borcu dövlət sənə bağəşlayır və yaxşı faktdır ki, buraya 5 illik uzmanlıq təhsili də daxildir.

- Qazançınız gündəlik tələbatları ödəyirmi?

- İndi mən uzmanlığın ilk pilləsində olduğumdan maaşım yüksək deyil, ancaq yemək-içmək, kirayə haqqı kimi cari xərcləri ödəməyə imkan verir. Həm də deyim ki, Amerikada həyat çox bahalıdır. Amma sonrakı mərhələdə verilən maaşlar yüksəkdir, mən hələ o mərtəbəyə çatmamışam.

-İnşallah bunlar da olaçaq. Bəlkə mövzunu dəyişiək, Amerikadan Bakı necə görünür?

- Bu sual ən yaralı yerimdir. Bakı üçün çox darıxıram. İşlər çox olanda yada düşməsə də, istirahət vaxtlarınada bu qəribçiliyi daha çox hiss etməli olursan. Böyüyüb başa çatdığın, dostlarının, qohumlarının və özünün də daha rahat olduğun bir diyara ülvi bir bağlılıq var bunun köklərində. Həm də bu qənaətdəyəm ki, biz azərbaycanlılar digər millətlərdən bu məsələdə daha fərqliyik, torpağa, Vətənə daha çox bağlıyıq. Ola bilsin qazanmaq arzusunda olduğum böyük titullardan sonra döğma məmləkətə dönüm. Düzdü bu barədə hələlik ciddi planlarım olmasa da, geriyə dönmək, Azərbaycanda çalışmaq niyyətim də var. Əslində bu həm də bir tale işidir... Bir də onu deyim ki, məncə, xaricdə təhsil alan tələbələr həm də öz ölkələrinin səfiri də hesab oluna bilərlər. Onlar da xarici ölkələrdə öz vətənlərini və xalqlarını təmsil edirlər.

- Gördüyünüz dəyişikliklər haqqında nə deyərdiniz?

- Əslində çox şey dəyişib, xüsusən son illərdə olan müsbət dəyişikliklər həyatımıza yeni bir tərz qatıb. Hər şeydən əvvəl biz indi qalib ölkənin övladlarıyıq. Bu hər bir azərbaycanlıya qürür verən hadisədir. Amma vaxt o qədər az olur ki, hər bir məsələ ilə daha yaxından maraqlanmağa çatmır. 5 günlük tətil müddətində nə etmək olar. Amma elm, təhsil sahəsində uğurlar, xüsusən də səhiyyə sahəsində görülən işlər, xəstəxanaların yeniləşməsini, yüksək təhcizatını görmək çox xoş oldu.

- Dost-tanışlara, həm də oxucularımıza nə demək istərsən?

- Düzü bir az çətin sual oldu, həm də mən hələ özümü böyük bir yolun başlanğıcında hesab edirəm, ona görə tövsiyyə edəcək və deyiləçək bir söz də tapa bilmirəm. Bircə ağlıma gələn odur ki, Azərbaycan dünyanın ən gözəl məkanıdır. Hərdən giley-güzarlar eşidilir, ola bilsin ki, deyinənlər, narazı olanlar da  var. Amma uzaqlardan baxanda, bir də o “tərifli yerlərin” həyat tərzini görəndə Vətənə, xalqa, onun adət və ənənələrinə daha çox bağlanırsan. Bir vaxtlar adını eşidəndə üzlərində təəcüb görünənlər indi Azərbaycan haqqında çox şey bilmək istəyirlər. İndi Azərbaycanı dünya tanıyır. Ətrafımızda olanların sualları bu maraqdan doğur. Müharibədən, tarixi qələbədən sonrakı informasiya bolluğu bu marağı daha da artırmış oldu. Adamlar mədəniyyətimizdən, adət-ənənələrimizdən, sosial şəbəkələrdən aldıqları məlumatlardan çox məftunluqla söz açırlar. 

PS. Yazını hazırlayarkən maraqlı bir faktla da üzləşdim: Gülçin İsayeva Türkiyənin Bilkənt Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru, Əmirulla Məmmədovun nəvəsidir. Amerikanın Koliforniya ştatındakı Dənizaltı Silah Araşdırma mərkəzinin Maykenson labaratoriyasında, ABŞ-ın Nebraska,  Visconsin, California və  Stanford Universiteti  kimi təhsil oçaqlarında mühazirələr oxuyan Əmirulla müəlim  Yaponiyanın müdafiə sənayesində önəmli yeri olan Nipen Elektronik şirkətində və İtaliyada da çalışıb. Azərbaycan Respublikasının Dövlət Mükafatı  laureatı,  əməkdar elm xadimidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub. Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Qəyumlar Şurasının üzvü, Türkiyədə yaşayan Azərbaycanlı Elm Adamları Dərnəyinin rəhbəridir. Atalar yaxşı deyib: ot kökü üstə bitər...

Namiq Qədimoğlu

XQ



Müsahibə