Fikir və söz azadlığı sərhədsiz deyil

post-img

Seçkiqabağı təşviqata dair ümumi tələblər, təşviqat subyektləri, onların hüquq və vəzifələri

Konstitusiya hüququnun ən əsas institutlarından hesab edilən seçki hüququ və seçki sistemi hakimiyyətin formalaşmasını şərtləndirən siyasi bir anlayış olaraq xarakterizə olunur. Seçkiqabağı təşviqat isə bütövlükdə, seçki sistemində əhəmiyyətinə, xarakterinə və mahiyyətinə görə, seçki kampaniyasının əsas məqsədinin müəyyənləşməsində roluna görə mühüm və həlledici mərhələ hesab olunur.

Seçkiqabağı təşviqat parlament seçkilərində qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun qanunvericilik çərçivəsində özünün lehinə səs verməyə çağıran, yaxud alternativinin əleyhinə çağırışlar edən, ona səs verməməyə çağırmaq məqsədi daşıyan seçki fəaliyyətidir. 

Seçkiqabağı təşviqat qanunvericiliyə uyğun olaraq seçkilərdə qeydə alınmış namizədə, namizədi qeydə alınmış siyasi partiyaya, siyasi partiya bloklarına və digər seçki subyektlərinə öz seçki platformalarını bəyan etmək imkanlarını yaradır. Seçki Məcəlləsində isə bu imkan seçkiqabağı təşviqat hüququ olaraq müəyyən edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 11-ci maddəsi seçkiqabağı hüququ müəyyənləşdirir. Qanunun bu maddəsində birbaşa olaraq qeyd olunur ki, dövlət Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, vətəndaşlara və siyasi partiyalara öz seçkiqabağı təşviqatını aparması üçün şərait yaradılmasını təmin edir. Həmin maddənin digər bəndində bildirilir ki, vətəndaşın, konkretləşdirsək, qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın seçiciləri seçkilərdə iştirak etməyə, yaxud etməməyə çağıran, özünün yaxud alternativinin lehinə və ya əleyhinə səs verməyə, yaxud səs verməməyə çağırışlar formasında seçkiqabağı təşviqat aparmaq hüququ vardır.

Seçki Məcəlləsinin 11-ci maddəsinin 3-cü bəndi, eləcə də həmin qanunun 74-86-cı maddələrinə görə dövlət namizədə, namizədi qeydə alınmış siyasi partiyalara seçkiqabağı təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtlərini müəyyənləşdirir.

Seçkiqabağı təşviqat aparılmasının əsas prinsiplərini, ana xəttini Konstitusiyanın 47-ci maddəsi müəyyənləşdirir. Fikir və söz azadlığı adlanan bu maddənın 1-ci bəndi hər kəsin fikir və söz azadlığını təsbit edir. Həmin maddənin 2-ci bəndində qeyd olunur ki, heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya öz fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

Lakin nəzərə almaq lazımdır ki, demokratik dəyərlərin daşıyıcısı olmaq, fikir və söz azadlığı sərhədsiz davranış demək deyildir. Demokratiya dövlət və cəmiyyət həyatını tənzimləyən qanunların əsas dəyər kimi, həyat tərzimizin və fəaliyyətimizin tənzimləyicisi kimi qəbul edilməsidir. Məhz bu baxımdan Konstitusiyanın 47-ci maddəsinin 3-cü bəndi fikir və söz azadlığından sui-istifadənin yolverilməzliyinə bir çağırış kimi də qeyd oluna bilər. Həmin bənddə qeyd olunur ki, irqi, milli, dini, sosial meyarlara əsaslanan ədalət və düşmənçilik yaradan təşviqata və təbliğata yol verilməməlidir.

Konstitusiyanın prinsip və tələbləri ana xətt olmaqla bərabər, seçkiqabağı təşviqatın aparılması Azərbaycan Respublikası Seçki Məcəlləsi, Media haqqında Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. Xüsusilə qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyası tərəfindən sadaladığımız qanunvericilik aktları əsasında seçkilərin hazırlanıb keçirilməsini, eləcə də seçkiqabağı təşviqatın aparılması qaydalarını müəyyən edən normativ xarakterli aktlar – Təlimatlar toplusu və digər izahedici sənədlər işlənib hazırlanmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ərsəyə gətirilmiş və təsdiq edilmiş bu sənədlər seçkiqabağı təşviqatda iştirak edən hər bir subyekt üçün ən yaxın dost, yol xəritəsi ola bilər.

Seçkiqabağı təşviqatın həyata keçirilməsi Seçki Məcəlləsinin 13-cü fəslində öz əksini tapmış normalarla tənzimlənir. Seçki Məcəlləsinin 74-88-ci maddələrini əhatə edən bu fəsildə seçkiqabağı təşviqatın aparılması qaydaları, seçkiqabağı təşviqatın subyektləri, aparılması müddəti, medianın hüquq və vəzifələri öz əksini tapmışdır. Orada, həmçinin mediada seçkiqabağı təşviqatın ödənişsiz və ödənişli əsaslarla aparılmasının prinsipləri, televiziya və radioda ödənişli və ödənişsiz seçkiqabağı təşviqat materiallarının verilməsinə dair tələblər, dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqatın aparılmasına dair tələblər, kütləvi tədbirlər vasitəsilə təşviqatın aparılma şərtləri, çap, audiovizual materiallarının buraxılışı və yayılması şərtləri də göstərilmişdir.

Seçki praktikasından bəllidir ki, seçki subyektləri hər zaman media vasitəsilə seçkiqabağı təşviqat aparılmasına daha çox üstünlük verirlər. Təbii ki bu da səbəbsiz deyildir. Hər kəs öz fəaliyyətinin daha çox effektiv olmasında maraqlıdır. Məhz bu effektivlilik baxımından, öz fikir və baxışlarını daha geniş auditoriyaya çatdırmaq baxımından maraqlı tərəflər daha çox media vasitəsilə seçkiqabağı təşviqata üstünlük verirlər.

Seçki Məcəlləsinin müvafiq maddəsində seçkiqabağı təşviqatın subyektlərinin prezident, parlament, bələdiyyə seçkiləri və referendumda konkret təsnifatı öz əksini tapmışdır. Qanunvericiliyə görə, seçkiqabağı təşviqat subyektləri qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiya və siyasi partiya bloklarıdır. Yəni, bu sadaladığımız subyektlər seçkiqabağı təşviqatda birbaşa qanunda müəyyən edilmiş qaydada iştirak edə bilərlər. 

Qeydə alınmış namizədlər, onların vəkil edilmiş şəxsləri, siyasi partiyaların vəkil edilmiş şəxsləri və səlahiyətli nümayəndələri seçki komissiyalarında həyata keçirilən bütün seçki hərəkətlərini müşahidə edə bilərlər. Bu şəxslərin seçki komissiyalarından əlavə icazə almaları və müşahidəçi qismində qeydiyyatdan keçmələri tələb olunmur. Bu şəxslər seçki sənədləri ilə iş aparılan yerə və ya səslərin hesablandığı yerə sərbəst daxil ola bilərlər.

Media subyektlərinin nümayəndələrinin seçki komissiyalarının iclaslarında iştirak etmək, səsvermənin gedişatı ilə bağlı prosesləri, eləcə də səslərin sayılması və hesablanması prosesini izləmək hüququ vardır.

Media subyektlərinin nümayəndələri seçici siyahıları ilə tanış ola və istədiyi vaxt seçki məntəqəsinin səsvermə otağına daxil ola və seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə edə bilərlər. Həmçinin, səsvermə yerindən kənarda seçicilərin səsverməsini izləyə bilərlər. 

Seçkiqabağı təşviqat subyektləri seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə edilməsini tələb etmək, seçkilərin yekunları haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq, səsvermənin təşkili ilə bağlı irad və təkliflərlə seçki komissiyasının sədrinə, onu əvəz edən şəxsə müraciət etmək, səsvermənin yekununa dair protokolun bir nüsxəsini haqq ödənilmədən əldə etmək, əlavə nüsxələri MSK tərəfindən müəyyən edilmiş miqdarda haqq ödənilməklə çıxarmaq və ya almaq, müvafiq seçki komissiyasında səslərin təkrar hesablanmasını müşahidə etmək və sair hüquqlara malikdirlər.

Seçki Məcəlləsi media subyektlərinin nümayəndələrinin geniş hüquqlarını tanıdığı kimi onların vəzifələrini və məsuliyyətini də müəyyən etmişdir.

Seçki Məcəlləsinin 42.3-cü maddəsinin tələblərinə görə media subyektlərinin nümayəndələri seçiciyə seçki bülleteni verə bilməz. Media subyektlərinin nümayəndələri seçiciyə necə səs verəcəyi, yaxud necə səs verdiyi barədə sual verə bilməz. 

Media subyektlərinin nümayəndələri seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması barədə imza edə bilməz. Media subyektlərinin nümayəndələri seçicinin xahişi ilə seçki bülletenini doldura bilməz.

Seçkiqabağı təşviqat subyektlərinin nümayəndələri seçki komissiyasının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak edə bilməzlər.

Media subyektlərinin nümayəndələri seçicilər arasında təşviqat apara bilməz, eləcə də seçki komissiyasının işinə maneçilik törədən hərəkətlərə yol verməməlidir. Media subyektlərinin nümayəndələri seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etməməlidir. Bu şəxslər öz statusları ilə bağlı suallar istisna olmaqla, seçicilərin digər suallarına cavab verməməlidir.

Media subyektlərinin nümayəndələri seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamalı, namizədin, siyasi partiyaların seçki kampaniyalarına müdaxilə etməməli, seçicilərin öz iradəsini sərbəst ifadə edə bilməsinə mane olmamalı, səlahiyətli şəxslərə, müşahidəçilərə hörmət bəsləməli, seçki komissiyalarının fəaliyətinə əsassız müdaxilə etməməli, seçicilərə mükafat, hədiyyə və s. vədlər verməməli, dövlət, bələdiyyə resurslarından Seçki Məcəlləsində nəzərdə tutulmamış hallarda istifadə etməməlidir.

Seçki Məcəlləsinin 88-ci maddəsi seçkiqabağı təşviqatı apararkən sui-istifadə hallarına yol verilməməsini nəzərdə tutmuşdur. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin bu tələblərinə riayət edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə müvafiq olaraq məsuliyyət yaradır.

Hüseyn PAŞAYEV, 
Mərkəzi Seçki Komissiyasının üzvü

 

Son xəbərlər