Qubada dəyirmi masa

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmin olunması” mövzusunda növbəti dəyirmi masa Qubada təşkil olunub.

Tədbirdə çıxış edən MSK üzvü Hüseyn Paşayev Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, ali seçki qurumu ilə Ombudsman aparatının birgə təşkil etdiyi tədbirlərin əhəmiyyətindən danışıb. Komissiyanın üzvü MSK tərəfindən görülmüş işlər, eləcə də təşkil edilməsi planlaşdırılan tədbirlər barədə  ətraflı məlumat verib, bu cür tədbirlərin davamlı olduğunu diqqətə çatdırıb.

Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı ölkədə vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən, müşahidəçilik institutunun əhəmiyyətindən bəhs edib. O, ötən illərin müsbət təcrübəsinə uyğun olaraq, müvəkkilin və təsisat əməkdaşlarının özlərinin təşəbbüsü ilə növbədənkənar parlament seçkilərində müşahidə aparacaqlarını bildirib.

Sonra MSK Katibliyinin media və kommunikasiya şöbəsinin böyük məsləhətçisi Rüstəm Babayev görülən işlərdən, seçicilərin konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün yaradılan imkanlardan, eləcə də seçki prosesində media subyektlərinin vəzifələrindən danışıb.

Məclisdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

XQ

 

Son xəbərlər