NASA: İlin ən uzun gündüzü yaxınlaşır

post-img

NASA iyunun 21-də Şimal yarımkürəsində yay gündönümünün baş verəcəyini xatırladıb. Bu tarixdə Yer kürəsinin şimal hissəsi Günəşə maksimum meyillənir və nəticədə ilin ən uzun gündüzü, ən qısa gecəsi yaşanır.

Alimlərin izahına görə, yay gündönümü Günəş şüalarının Xərçəng dönən xətti üzərinə perpendikulyar düşdüyü məqama təsadüf edir. Bu astronomik hadisə Şimal yarımkürəsində yayın rəsmi başlanğıcı hesab olunur.

Azərbaycan da daxil olmaqla şimal yarımkürəsində yerləşən ölkələrdə iyunun 21-də gündüz saatları ilin digər günləri ilə müqayisədə daha uzun olacaq. Bundan sonra isə günlər tədricən qısalmağa başlayacaq və bu proses dekabrın qış gündönümünə qədər davam edəcək.

Maraqlıdır ki, bu tarixdə Arktika dairəsi daxilində Günəş ümumiyyətlə batmır. Bu hadisə “gecəyarısı Günəşi” adlanır və bəzi bölgələrdə insanlar sutka boyu Günəş işığını müşahidə edə bilirlər.

Astronomların fikrincə, yay gündönümü insanlığın min illərdir müşahidə etdiyi ən qədim təbiət hadisələrindən biridir və bir çox xalqlar bu günü xüsusi mərasimlər, festivallar və ənənələrlə qeyd edirlər. Bu il də milyonlarla insan iyunun 21-də ilin ən uzun gününü qarşılayacaq.

XQ

Son xəbərlər