Xankəndi şəhərinə daha 18 ailə köçürülüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İşğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi hazırda dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız daxili sabitliyə deyil, bütün regionda təhlükəsizliyə və əmin-amanlığa mühüm töhfə verir. Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yer alıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

XQ-yə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu mərhələdə Xankəndi şəhərinə 18 ailə - 68 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər.

M.MİRZƏ
XQ





Sosial həyat