MSK-nın nümayəndə heyəti Qırğız Respublikasında parlament seçkilərini müşahidə edəcək

post-img

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasına səfər edib.

AZƏRTAC xəbər verir ki, Qırğız Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi noyabrın 30-da bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir. MSK təmsilçilərinin səsvermə gününədək növbədənkənar parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olacağı və habelə seçki günü paytaxtdakı məntəqələrdə səsvermə prosedurlarını müşahidəsi nəzərdə tutulur.

MSK nümayəndə heyəti noyabrın 28-də Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının ikinci iclasında da iştirak edəcək. Tədbirdə seçki idarəçiliyi sahəsində institusional əməkdaşlığın inkişafı və əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunacaq.

Səfər çərçivəsində MSK sədrinin qırğız həmkarı ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin seçki idarəetmə orqanlarının və seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması da nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, MSK-nın nümayəndələri Qırğız Respublikasında növbədənkənar parlament seçkilərində Türk Dövlətləri Parlament Assambleyası, Türk Dövlətləri Təşkilatı, ATƏT/DTİHB və Müstəqil Dövlətlər Birliyinin beynəlxalq müşahidə missiyalarının tərkibində də təmsil olunurlar.

Son xəbərlər