Noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.
Türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən forumun panel müzakirəsinə “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib.
Paneldə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, media yarandığı gündən təhdidlər və təqiblərlə birgə formalaşıb. Medianın peşəkarlığı bu təhdidlər şəraitində böyüməsi və sağ qalmasıdır. O qeyd edib ki, süni intellekt əsaslı feyk xəbərlərin çoxalması medianın fəaliyyətində təhdidedici amillərdən biridir.
N.Məmmədli diqqətə çatdırıb ki, son illər ölkəmizin informasiya məkanına olan çoxsaylı təhdidlərin qarşısını almaq üçün hüquqi müstəvidə işlər yekunlaşıb: “Media haqqında” Qanun informasiya məkanının qorunması üçün hüquqi qalxan rolunu oynayır. Biz bunun ilkin təzahürlərini görürük. İnsanların texnoloji bilikləri artdıqca və media savadlılığı yüksəldikcə, onların təbliğatın təsirinə düşməsinin qarşısı alınır”, - deyə o əlavə edib.
Qazaxıstan Respublikasının “Xabar” agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov bildirib ki, dezinformasiyanın yayılmasının əsas məqsədi cəmiyyətdə formalaşan fikir və rəylərə təsir göstərmək, ictimai qavrayışı manipulyasiya etməkdir. O sonda əlavə edib ki, ümumiyyətlə, dezinformasiya olduqca təhlükəli bir vəziyyətdir və dövlətlərin informasiya təhlükəsizliyinə, ictimai sabitliyinə və qərarvermə proseslərinə ciddi təsir göstərir.
Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratovanın fikrincə, media savadlılığı düzgün məlumatı yanlışdan ayırmaqla məhdudlaşmır. Buraya, həmçinin biz nəyi yayırıq, tənqid əsasında düşünə bilirikmi, məlumatı bizə təqdim edilən şəkildə uduruq, yoxsa başqa tərəfdən yanaşırıq kimi məsələlər də daxildir. İnformasiyanı həzm etməyi bacarmaq lazımdır. O bildirib ki, bu gün rəqəmsal media savadlılığı, süni intellektin təsiri və informasiya təhlükəsizliyi xüsusi önəm daşıyır. Məhz buna görə də TDT-nin işçi qrupu media savadlılığının artırılmasını öz fəaliyyət planına daxil edib. Bu addım heç də təsadüfi deyil və müasir informasiya mühitinin çağırışlarına cavab verir.
Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib ki, bəzən saxta xəbərlər və manipulyativ məlumatlar yalnız gündəlik informasiya axınında deyil, hətta müxtəlif “komplo nəzəriyyələrinin” yazılmasında da istifadə olunur. Bu gün informasiya dövrü elə bir mərhələyə gəlib çatıb ki, artıq peyk və kosmik texnologiyalar media ekosisteminin ayrılmaz hissəsinə çevrilib.
Müşavirin sözlərinə görə, media hər bir ölkə üçün son dərəcə strateji sahədir. Dövlətlərin fikirlərini, mövqelərini, dünyaya mesajlarını çatdıran məhz mediadır. Buna görə də həm texnoloji, həm peşəkar, həm də institusional baxımdan güclü media ekosistemi formalaşdırmaq milli təhlükəsizlik məsələsinə çevrilib.
Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı isə fikirlərini bu cür ifadə edib: “Bizim dövlətimiz 40 ildir mövcuddur və müxtəlif təşkilatlarda təmsil olunmuşuq. Tarixə nəzər salsaq deyə bilərik ki, yanlış informasiya, əslində, hər birimizin üzləşdiyi problemə çevrilib. Təşkilata üzv olduqdan sonra özümüzü daha güclü hiss etdik. Biz bu təşkilat vasitəsilə daha güclü ola bilərik. Türk dünyası üçün çox işlər görə bilərik. Biz hələ istədiyimiz səviyyəyə çatmamışıq”.
Müzakirələr zamanı iştirakçılar qlobal informasiya risklərinin sürətlə artması, dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda Türk dövlətlərinin media ekosistemində dayanıqlılığın gücləndirilməsinin strateji zərurətə çevrildiyini vurğulayıblar.
Diqqətə çatdırılıb ki, ortaq tarixi-mədəni bağlara malik Türk dövlətləri arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, vahid media standartlarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi müasir çağırışlara adekvat reaksiya verilməsi baxımından xüsusilə vacibdir.
***
Media Forumu çərçivəsində “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda ikinci panel sessiya təşkil edilib.
CBC telekanalının baş redaktoru Elmira Musazadənin moderatorluğu ilə keçirilən panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Sevil Mikayılova, “Qazaxıstan” Respublika Teleradio Korporasiyası Səhmdar Cəmiyyətinin “Balapan” telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov çıxış edərək rəqəmsal media mühitində əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, birgə kontent istehsalının təşviqi, informasiya mübadiləsinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Paneldə vurğulanıb ki, rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri edir. Qeyd olunub ki, ortaq rəqəmsal layihələrin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlətlərin kommunikasiya imkanlarını genişləndirə, regionda vahid və dinamik media məkanının formalaşmasına şərait yarada bilər.
XQ



