Ermənistan–Hindistan: silah-sursat alış-verişi

post-img

İrəvanın 720 milyon dollarlıq “metallom siyasəti”

Məlum olduğu kimi, Hindistanın ilk “Akash-1S” zenit-raket kompleksləri bu ilin sonuna qədər Ermənistana gətiriləcək. Xəbəri “Indian Defence Research Wing” nəşri yayıb. Nəşrin məlumatına görə, İrəvan 720 milyon dollar dəyərində bu hava hücumundan müdafiə sistemlərindən 15 ədəd sifariş verib.

Qeyd edək ki, “Akash-1S” sistemləri döyüş təyyarələri, idarə olunan raketlər və pilotsuz uçuş aparatları kimi hava təhdidlərinə qarşı etibarlı müdafiəni təmin edərək, eyni vaxtda aktiv hədəf axtarışı və hədəfləmənin kombinasiyasından istifadə edir. Maraqlıdır ki, bu sistem 1983-cü ildə hazırlansa da, üzərindən 30 il keçdikdən sonra istifadəyə verilib. O, 4–25 km radiusda hava hədəflərini vura bilir.

O da bildirilir ki, belə bir hava hücumundan müdafiə sisteminin alınması Ermənistanın hərbi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. “Akash-1S”in uğurlu istehsalı və Ermənistana təhvil verilməsi Hindistanın müdafiə texnologiyasında artan rolunu və əsas qlobal silah ixracatçısı statusunu vurğulayır ki, bu məqamı “Indian Defence Research Wing” də diqqətə çatdırır. 

Yeri gəlmişkən, sözügedən nəşr bir müddət əvvəl də Ermənistanın Hindistanın “MR-SAM” və “Akash-NG” hava hücumundan müdafiə sistemlərinin erməni ordusunun tələblərinə nə dərəcədə cavab verdiyini öyrəndiyini yazmış, bildirmişdi ki, rəsmi İrəvanın təmsilçiləri tərəfindən mövcud istiqamətdə qiymətləndirmələr aparılır. Qiymətləndirmələr əsasında isə həmin sistemlərin alınmasına qərar veriləcək. 

Əslində, MR-SAM orta mənzilli hava hücumundan müdafiə sistemi bir çox cəhətdən Ermənistan üçün daha çox üstünlük verən variantdır. 2023-cü ilin əvvəlində ölkənin bu hava hücumundan müdafiə sistemi almaq məqsədi ilə Hindistana müraciət etdiyi bildirilir. Orta mənzilli “yer-hava” raketi olan sistemin istehsalı  Hindistanda, demək olar, tam lokallaşdırılmasına baxmayaraq, hələ də aradan qalxmayıb.  Deyilənə görə, o, İsrailin müdafiə sənayesinin istehsalı olan raket sistemlərinin tam oxşarıdır. Amma bu fikir yerinə oturmur. Niyəsinə aydınlıq gətirəcəyik.

Əslində, Hindistan vaxtaşırı olaraq Ermənistanın ondan hava hücumundan müdafiə sistemləri alması mövzusunu gündəmdə saxlayır. Heç şübhəsiz, bu, ölkənin qlobal maraqları baxımından önəmlidir. Ümumən isə Ermənistanın Hindistandan silah idxalına dair məsələ yalnız indinin söhbəti deyil. Yada salaq ki, bu ilin iyulunda ikincinin birinciyə snayper tüfəngləri satmağı planlaşdırdığı barədə məlumat yayılmışdı. Bildirilmişdi ki, Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənglərinin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb. Əlbəttə, vurğulanmalı digər məqamlar da var. 

Bəli, Hindistan Ermənistanın əsas hərbi tərəfdaşı qismində çıxış edir. Amma maraqlıdır ki, Dehli dünya silah bazarında satıcı yox, daha çox alıcı kimi tanınır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) beynəlxalq silah transferləri ilə bağlı hesabatında bildirilib ki, ölkə xaricdən silah alışına görə dünya birincisidir. Belə olan halda, görəsən, Ermənistan ondan hansı silahları alır?

Hindistan mühüm silahların istehsalı üçün texnologiyaya malik deyil, həmin texnologiyanı xaricdən idxal edir. Digər tərəfdən, Ermənistanın ondan almağa maraq göstərdiyi “BrahMos” raketləri Rusiyanın “Oniks” raketlərinin oxşarıdır. Rəsmi İrəvanın Hindistandan idxal etdiyi “Pinaka” reaktiv yaylım atəş sistemləri Rusiyanın “Smerch” sisteminin texnologiyası əsasında istehsal olunur. “Konkurs” tank əleyhinə raketlərinin patenti də Rusiyaya məxsusdur. Ən əsası, bu silahların heç biri tələblər səviyyəsində deyil, yararsızdır. Yararsızlıqdan söz düşmüşkən, Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyanın bununla bağlı həyəcan təbili çaldığı məlumdur. O, mövcud hakimiyyətin hərbi-texniki sahədə siyasətini tənqid edərək bildirmişdi ki, Hindistandan alınmış silahlar yararsız vəziyyətdədir: “Mənim əlimdə sənəd var ki, Hindistan silahlarını təmir edib, xidmətə hazır vəziyyətə gətirmək mümkün olmur”.

Əvvəldə də bildirdik ki, Ermənistana silah satışı ilə bağlı məsələni ictimailəşdirən Hindistandır. Onu da vurğuladıq ki, bu, Dehlinin qlobal maraqlarından qaynaqlanır. Qlobal maraq dedikdə, əlbəttə, Hindistan dünyadakı say üstünlüyünü real müstəviyə daşımaq planları qurur. Yəni kəmiyyəti keyfiyyətə çevirmək niyyəti güdür, həmçinin qlobal oyunlarda iştirak arzusunu ortaya qoyur. Ancaq indiki məqamda Hindistanın daha çox çalışdığı özünü nəhəng silah ixracatçısı obrazında təqdim etməkdir. Ermənistan bu təqdimatda mühüm elementdir. Həm də ona görə ki, ondan başqa Hindistanın sınıq-salxaq silah-sursatını alan çox az ölkə var. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət