Brüsselin “kadrlar qalereyası”

post-img

Əgər mənzil-qərargahı Belçika paytaxtında yerləşən Avropa İttifaqı rəsmilərinin anti-Azərbaycan “kadrlar qalereyasını” tərtib etməli olsaydıq, sözsüz ki, “şərəf lövhəsi”nin birinci sırasını ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın portreti “bəzəyərdi”. Axı, o, Ağ evdəki əsas iş yeri ilə yanaşı, “qoca qitə”nin ali institutunda da “yarımştat” fəaliyyət göstərməkdədir. Onun ABŞ Konqresində, eləcə də Brüsseldə “peresadka” etməklə İrəvana səfərlərində Qarabağ ermənilərinin “geriyə qayıtması”, onların “təhlükəsizliyinə beynəlxalq təminatın” verilməsi barədə bəyanatları hələ qulaqlarımızdan getməyib.  Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, qurumun diplomatiya idarəsinin rəhbəri Josep Borrell isə ilk “üçlüy”ü tamamlamağa potensial namizədlər kimi nəzərdən keçirilə bilərlər.

Aİ-nin “qəhrəmanlar qalareyası”nda adını çəkdiyimiz Toivo Klaar bu yaxınlarda bəyan edib ki, Qarabağ erməniləri başqa məsələdir, Qərbi Azərbaycan azərbaycanlıları isə ayrı mövzudur. Əlbəttə ki, Ermənistandan qovulan azərbaycanlılarla Qarabağdan könüllü çıxan erməniləri həm say, həm də çıxdıqları şərtlər baxımından müqayisə etmək, sadəcə, mümkün deyildir. Aydındır ki, Xankəndidəki separatçı xunta rejiminin girovuna çevrilmiş və məhz onların fitvası ilə bölgəni könüllü tərk etmiş 100 minə yaxın erməni ilə tarixi torpaqlarından döyülərək, zorla qovulan, birmənalı şəkildə, etnik təmizləmənin qurbanı olan 300 minə yaxın soydaşımızın durumları tamamilə fərqlidir. Bəlkə, cənab Klaar məlum açıqlamanı verərkən fikrindən başqa şeylər keçirib? Hər halda, onun ermənipərəst çıxışlarını birinci dəfə deyil ki, eşidirik və ortada təəccüblənməli heç nə yoxdur.

“Qəhrəmanlar qalereyası”nın sakinlərindən biri də Avropa Komissiyasının xarici siyasət məsələləri üzrə nümayəndəsi Piter Stanodur. Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücümunu şərh edən Stano deyib ki, Aİ Ukraynanın bu cür davranışlarına qarşı deyil. Onun qənaətinə görə, “Ukraynanın özünü müdafiə etmək, o cümlədən təcavüzkara öz ərazisində zərbə endirmək hüququ var”.

Oxucu bizə sual ünvanlaya bilər ki, axı, burada bizim üçün təəccüblü nə var? Bəli,  ilk baxışda Avrokomissiya diplomatının açıqlamasında Azərbaycana toxunacaq heç nə sezilmir. İntəhası, Stanonun sözlərinin altına lap yaxından nəzər saldıqda “xoruzun gizlənmiş quyruğunu” görmək mümkündür. Söhbət Aİ rəsmisinin siyasi ritorikasının cızdığı tablodan gedir. Həmin tabloda açıq-aşkar görünür ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından danışanda tamamilə fərqli mövqedən çıxış edən Aİ nümayəndələri Ukrayna məsələsində “demokratlara”, beynəlxalq hüquq carçılarına çevrilirlər. Azərbaycan işğal altındakı ərazilərini geri alanda və ya şərti sərhəddə Ermənistanın silahlı təxribatlara cavab verəndə Aİ, eləcə də Avropanın digər strukturları dərhal narazılıqlarını bildirmişdilər. Bununla da kifayətlənməyib, ölkəmizi sanksiyalarla hədələmişdilər. Bəs indi nə oldu? Brüsseldə əyləşənləri Ukrayna ilə bağlı problemi tamamilə başqa üslubda şərh etməyə vadar edən hansı səbəbdir? Onların məntiqindən belə çıxır ki, Ukraynanın özünümüdafiə hüququnu tanıyırlar, amma eyni hərbi-siyasi situasiya ilə üzləşən Azərbaycanın belə bir hüququnu qəbul etmirlər. Niyə? Bəli, hörmətli oxucu, sual ritorikdir. Əvvəla, Aİ-nin ikili standartlara, bəzi hallarda isə “xristian həmrəyliyinə” söykənən mövqeyinə biz xeyli vaxtdır təəccüblənmirik. Sonrası, bu sualın cavabını özümüz də yaxşı bilirik.

30 il ərzində, Brüssel də daxil, kollektiv Qərb Qarabağın Ermənistan tərəfindən işğalına yalnız göz yummadı, həm də ona hərtərəfli dəstək verdi. Buna görə 44 günlük müharibədən əvvəl Ermənistan kimi, Qərb də Cənubi Qafqazdakı geosiyasi mövqeyindən çox məmnun davranırdı. Azərbaycan itirilmiş əraziləri geri qaytarmağa nail olduqdan, tarixi ədaləti bərpa etdikdən, xüsusilə 2022-ci ilin fevralında Rusiya–Ukrayna münaqişəsinin açıq hərbi müstəviyə keçməsindən sonra Moskvanın “diqqətinin yayınmasından” faydalanmağa çalışan Qərb Moskvanın cənubdakı forpostunu ələ keçirməyə girişdi. Bu minvalla ermənipərəst Qərb üçün Qafqaz təmsilçisi Ermənistan, qeyri-rəsmi şəkildə olsa da, Azərbaycan düşmən elan edilir.

Son vaxtlar Aİ, kollektiv Qərb daha Azərbaycana özlərinin “tövsiyələr” paketlərini göndərmir. Axı, onların məqsədi bu yolla müstəqil siyasət yürüdən rəsmi Bakıya müxtəlif xarakterli “geosiyasi maneələr” yaratmaqdır. Heç əziyyət çəkməsinlər, o maneələri aradan qaldırmaq üçün Azərbaycanın yetərincə gücü və iradəsi var. Bilirik, əldə etdiyimiz suverenliyimiz uğrunda mübarizəni hələ davam etdirməliyik Çünki bu məsələdə “başımızı ağrıdanlar” çox olacaq. Amma o qüvvələrin anti-Azərbaycan “qalereyası” nə qədər zəngin olsa da, onların öhdəsindən gəlməyə sözümüz də yetər, gücümüz də... 

İ.HƏSƏNQALA 
XQ

 

Siyasət