Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası

post-img

Avqustun 9-da Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib. 

Hökumətlərarası  Komissiyanın Azərbaycan tərəfindən sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Hökumətlərarası  Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər. 

İclasda çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə edilib. 

Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və etimada əsaslanan münasibətləri sayəsində bu gün dövlətlərarası əlaqələr strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda davamlı şəkildə möhkəmlənir.  

Eyni zamanda, vurğulanıb ki, çoxşaxəli strateji tərəfdaşlıq 260-dan çox imzalanmış sənədi özündə birləşdirən möhkəm hüquqi baza ilə təmin olunub.

2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə xüsusi əhəmiyyətə malikdir.

Rusiya Azərbaycanın üçüncü ən böyük ticarət, qeyri-neft ixracına görə isə birinci tərəfdaşıdır. Bildirilib ki, 2023-cü ildə ticarət dövriyyəsi 17,5 faiz artaraq rekord həddə, təxminən 4,4 milyard ABŞ dollarına çatıb. Həmçinin cari ilin birinci yarısında əmtəə dövriyyəsi dinamik artım nümayiş etdirir.

Tərəflər investisiya əməkdaşlığında artımın müsbət dinamikasını məmnunluqla qeyd ediblər. Rusiya biznesinin Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş təmsil olunduğu vurğulanıb. Azərbaycan hökuməti rusiyalı investorların rahat işləməsi üçün hər cür şərait yaradır.

Tərəflər sənaye əməkdaşlığının davamlı inkişafını qeyd edərək, Azərbaycanın müxtəlif sənaye obyektlərində dərman vasitələrinin birgə istehsalı, yük avtomobillərinin yığılması, yük avtomobilləri və kənd təsərrüfatı texnikası üçün xidmətlərin göstərilməsi sahəsində əməkdaşlığın uğurlu nəticələrini qeyd ediblər. 

Azərbaycan şirkətləri də Rusiya iqtisadiyyatına fəal şəkildə sərmayə qoyur. Rusiyanın regionlarında sanatoriya-turizm mərkəzlərinin, mehmanxana komplekslərinin, meyvə-tərəvəz konservləri və çay istehsalı fabriklərinin tikintisi layihələri uğurla həyata keçirilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçüsü olan on ölkədən biridir. 2023-cü ildə Rusiyaya meyvə və tərəvəz ixracı təxminən 9 faiz artıb.

Qeyd edilib ki, hər iki tərəf nəqliyyat-tranzit sektorunda əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Ötən il ikitərəfli yükdaşımalarının ümumi həcmi 10 faizdən çox artıb. Bu il də müsbət tendensiya müşahidə olunur - ilin birinci yarısında artım 3 faiz təşkil edib.

Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin tapşırıqlarının icrasını üzrə birgə işi davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiq ediblər.

Bu xüsusda Azərbaycan-Rusiya dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı üzrə Yol Xəritəsinin əhəmiyyəti qeyd edilib.

Neft-qaz sektoru ikitərəfli əməkdaşlığın mühüm sahələrindən biri kimi səciyyələndirilib.

Həmçinin Rusiya turizm sektorunda da Azərbaycana gələn turistlərin sayına görə lider mövqe tutur. 

Eyni zamanda, qeyd olunub ki, humanitar əməkdaşlıq ənənəvi olaraq Azərbaycan-Rusiya münasibətlərinin əsas vektoru olaraq qalır.

Azərbaycan Respublikasında rus dilində tədrisin olduğu 324 məktəb var ki, burada 800 min məktəbli rus dilini ikinci xarici dil kimi öyrənir.

Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları da ölkədə uğurla fəaliyyət göstərir, tələbələrə rus dilində yüksək keyfiyyətli təhsil almaq imkanı yaradır.

Tərəflər mədəni, elm və gənclər mübadiləsinin intensivləşməsini alqışlayıblar. İyun ayında Azərbaycanda Rusiya Mədəniyyəti Günləri böyük uğurla keçirilib.

İclasın yekunlarına dair Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclasının Protokolunu imzalayıblar. 

XQ

 

Son xəbərlər