Mərkəzi Asiya “dəmir yumruğ”a çevrilməlidir

post-img

Astana görüşündə regional təhlükəsizliklə bağlı ciddi çağırışlar edildi

Qazaxıstan paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının məşvərət görüşü müzakirə edilən məsələlərin çeşidi və burada səslənən fikir və bəyanatların əhəmiyyəti baxımından yadda qalacaq. 

Məşvərət görüşündə səslənən və diqqəti dərhal cəlb edən bir məsələ də vardı. Bu, dövlət başçılarının sayca altıncı olan məşvərət görüşündə ilk dəfə Mərkəzi Asiyanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı məsələnin gündəmə gətirilməsi idi. Doğrudur, hələ görüş ərəfəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Kazaxstanskaya Pravda” qəzetində bu mövzuda geniş analitik məqalə ilə çıxış etmişdi. Qazaxıstan lideri məqalədə qeyd edirdi ki, Mərkəzi Asiya dövlətlərinin müdafiə siyasəti sahəsində birləşməyə ehtiyacları var. Bunun artıq zamanın və reallığın tələbi olduğu aydın görünməkdədi. 

“Mərkəzi Asiyanın perimetri boyunca davam edən çətin hərbi-siyasi vəziyyət fonunda müdafiə siyasəti və təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac var. Regional təhlükəsizlik arxitekturasının yaradılması, o cümlədən Mərkəzi Asiya üçün təhlükəsizlik riskləri kataloqunun hazırlanması və onların qarşısının alınması tədbirləri xüsusi aktuallıq kəsb edir”, – Tokayev məqaləsində yazırdı.

Qazaxıstan lideri həmin məqalədə ağıllı başlar üçün kifayət qədər aydın siqnallar verirdi. Tokayevin özünün proqram xarakterli analitik yazısını “Mərkəzi Asiyanın intibahı: davamlı inkişaf və çiçəklənməyə doğru” adlandırması da təsadüfi deyildi. Təcrübəli siyasətçi, diplomat olan Qazaxıstan Prezidenti bir tərəfdən regionun tərəqqi dövrünə qədəm qoyduğuna diqqəti çəkir, digər tərəfdən isə dünyada gedən dəyişikliklər kontekstində bölgənin geosiyasi əhəmiyyətinin yenidən artması ilə bağlı yaranan təhdidlər barədə xəbərdarlıq notları göndərirdi.

Beləliklə, Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının altıncı məşvərət görüşündə təhlükəsizliklə bağlı edilən çağırışların arxasında regional və beynəlxalq güclərin şəbəkəsi dayanır. Mərkəzi Asiyanın sərvətinin  cazibəsinin altında böyük güclərin dərin geosiyasi maraqları gizlənir. 

Məsələyə qlobal miqyasda yanaşsaq, bir tərəfdən Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə Rusiya arasında, ilk növbədə, Ukraynada davam edən münaqişəyə bəslənən ümidlərdən doğan amansız rəqabət gedir. Bundan başqa, Çin geosiyasi səhnədə özünün yeni strateji trayektoriyasını qazanmağa çalışır. 

“Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir”. Bu fikri Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının məşvərət görüşündə deyib. Bu xüsusda ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: “...Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”.

Beləliklə, dünənə qədər pıçıltı ilə danışılanlar bu gün ucadan söylənilir. Çünki regionda bunu qaçılmaz edən yeni reallıq formalaşıb. Bu reallıq təkcə Qazaxıstan üçün deyil, həm də bütün region üçün hansı tədbirlərin görülməsinin vacibliyini ortaya qoyub. Prezident Tokayevin dediyi kimi, Mərkəzi Asiya dövlətlərinin müdafiə siyasəti sahəsində birləşməyə ciddi ehtiyacları var. Həm də Qazaxıstan Prezidenti çıxışında Mərkəzi Asiyanın “perimetri”ndən danışdı. Yəni o, bu zaman şimal istiqamətinə və oradan gələ biləcək təhdidlərə də eyni dərəcədə hazırlaşmağın vacibliyinə  eyham vurdu. Bu, sağlam məntiqə söykənən yanaşmadır. Bu gün Mərkəzi Asiya dövlətlərinin elitasının “siyasi mətbəxlərdə”  müzakirə etdiyi əsas mövzulardan biri budur: müharibədən sonra nə olacaq? 

Amma bu o demək deyil ki, sabahdan Rusiyanın iştirakı olmadan region üçün yeni təhlükəsizlik arxitekturasının inşasına başlanmalıdır. Sadəcə, Qazaxıstan Prezidenti regionun digər dövlətlərinin başçılarının dilə gətirməyə çəkindiyi həqiqəti söyləməyi özünə borc bildi. İndi bu mövzuda geniş müzakirələr başlayacaq...

“Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır”. Bu fikri Prezident İlham Əliyev məşvərət görüşündə  iştirakçıların nəzərinə çatdırıb. Buna cavab olaraq Qazaxıstan Prezidenti deyib: “Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı fəaliyyətin genişləndirilməsi, koordinasiyanın artırılması və iqlim gündəliyi üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyətə malikdir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə, hörmətli dostumuz İlham Heydər oğluna bu payız COP29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzulayıram”.

Astanada keçirilən təntənəli toplantının arxasında, həmçinin regional və geosiyasi problemləri əhatə edən ciddi çağırışların gizləndiyini sezmək çətin deyildi. Regional kontekstdə narahatlığın ifadə olunduğu çağırışlar təhlükəsizliklə yanaşı, logistika, su resurslarından istifadə və iqtisadi əməkdaşlıqla bağlıdır. 

Cavid VERDİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı, politoloq: 

– Mərkəzi Asiya dövlətləri arasında hərbi sahədə əməkdaşlıq barədə çıxışları heç də təsadüfi saymıram. Bu dövlətlər müstəqilliklərini qazandıqdan sonrakı 30 ildə təhlükəsizlik baxımından bir neçə mərhələdən keçiblər. Birinci mərhələdə region və regiondankənar böyük dövlətlər Mərkəzi Asiya, Cənubi Qafqaz, xüsusilə türkdili ölkələrin təhlükəsizliklərini təmin etmək üçün müxtəlif təkliflər verdilər, hətta müqavilələr imzaladılar. Amma sonradan Əfqanıstan problemi yaşandı, bundan başqa, böyük güclərin regionda rəqabəti ortaya çıxdı. Məlum oldu ki, həmin böyük güclər təhlükəsizliyi təmin etmək əvəzinə, bölgədə yaranmış boşluqdan istifadə edərək, bundan öz maraqları naminə istifadə etməyə çalışdılar. 

Artıq region dövlətləri əmin oldular ki, öz təhlükəsizliklərini özləri təmin etməlidirlər. Bunu ilk dəfə bəyan etdilər. Bunun üçün onların imkanları və potensialları da var. İkinci mərhələyə gəlincə, Azərbaycan Prezidenti bunu həm Türk Dövlətləri Təşkilatının sammitlərində, eləcə də Bakıda keçirilən beynəlxalq tədbirlərdə dəfələrlə qeyd edib ki, bu region dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq zəruridir. Bu, həm beynəlxalq səviyyədə tanınmış sərhədlərin, suverenliyin qorunması, eyni zamanda, terrorizmə, regionu təhdid edən təşkilatlara qarşı birgə mübarizə çox önəmlidir. 

Fikirimizcə, burada ən vacib məqamlardan biri də Türk dövlətlərinin planlaşdırdığı və həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi məsələsidir. Türk dövlətləri olaraq dünyanın mərkəzində yerləşirik və gələcəkdə beynəlxalq ticarət yolları də bizim reallaşdıracağımız Orta dəhlizdən keçəcək. İstər enerji nəqli, istər yükdaşımalar, istərsə də kabel xətləri olsun, əgər bu dəhlizin təhlükəsizliyini təmin edə bilməsək, layihə baş tutmayacaq. Bu problemin həlli üçün Türk dövlətləri – Türkiyə, Azərbaycan və Mərkəsi Asiya ölkələri arasında hərbi təhlükəsizliyə dair əməkdaşlıq qurulmalıdır. Yəni regionun təhlükəsizliyini özümüz təmin etməliyik. Əks-təqdirdə xarici qüvvələr regionda öz maraqları çərçivəsində güc və təhlükəsizlik boşluqlarından istifadə etməyə çalışacaqlar. Astanada səsləndirilən mesajlar olduqca vacibdir. Enerji və nəqliyyat sahəsində əməkdaşlığın təhlükəsizliyini təmin edə bilməsək, əməkdaşlığın özü mənasını itirəcək. Bəli, bu gün təhlükəsizlik bir nömrəli məsələdir.

İmran BƏDİRXANLI
XQ



Siyasət