Erməni korafəhmliyi

post-img

Elşən ƏLİYEV 
[email protected]

Təcavüzkar Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində öz tarixi torpaqlarını tərk etmək məcburiyyətində qalıb uzun illər qaçqınlığın və köçkünlüyün əzab-əziyyətini yaşamış azərbaycanlıların sayını ermənilərə məxsus bəzi internet resursları yenidən şübhə altına almağa cəhd göstərib. Bu dəfə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə həsr olunmuş mətbuat konfrasında söylədiyi rəqəmlərlə manipulyasiyaya əl atılıb. 

MSK sədri   deyib: “Bizim 400 minə yaxın məcburi köçkün seçicimiz hələ də Azərbaycanın müxtəlif bölgələrində səs verməli olacaq”. Hansısa korafəhm erməni isə dərhal bu rəqəmi əsas götürərək, ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün olması barədə həqiqəti təftiş etmək fikrinə düşüb və öz “hesablamaları” ilə belə qənaətə gəlib ki, guya, həmin rəqəm yarıbayarı şişirdilir. “Hara yox olub yarım milyon mifik azərbaycanlı qaçqın?” – deyərək öz “riyazi biliyini” nümayiş etdirən bu cəfəng düşüncənin sahibi əhalinin məcburi yer dəyişməsini təsnifatlandıran beynəlxalq terminalogiyadan, heç şübhəsiz, tam xəbərsizdir. Bu erməniyə “qaçqın” və “məcburi köçkün” anlayışlarının mahiyyəti barədə izahat verməyə ehtiyac da görmürük. Lakin erməni mənbələrində bu “saxta rəqəmi” görən həmvətənlərimizi mövcud reallıq barədə bir daha məlumatlandırmaq istərdik.

Təbii ki, MSK sədrinin ictimaiyyətə açıqladığı faktlar, necə deyərlər, həqiqətə tam uyğundur. Hazırda ölkəmizdə məcburi köçkün statusu olan vətəndaşların sayı 700 minə yaxındır ki, onlardan da 400 mindən bir qədər çoxu səsvermə hüququna malikdir və seçkilərdə iştirak edə, səs verə bilər. Onlar da, hələ ki, respublikamızın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşıblar və  həmin ərazilərdə səsvermədə iştirak edəcəklər.

MSK sədri işğaldan azad edilmiş ərazilərdə də növbədənkənar parlament seçkilərinə aparılan hazırlıq işlərindən danışıb. Həmin ərazilərdə  yaradılmış 34 daimi seçki məntəqəsində bərpa-quruculuq işlərində iştirak edən vətəndaşlarımız və Böyük Qayıdış proqramı çərçivəsində indiyədək doğma yurduna qayıtmış keçmiş məcburi köçkünlər də səs verəcəklər. Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə daimi məskunlaşmaq üçün köçürülənlərin sayı hazırda 7 min nəfərdən çoxdur. 

Təəssüf ki, ermənilərin ölkəmizə qarşı mina terrorunun yaratdığı təhlükə hələ də qalmaqdadır və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın sürətləndirilməsinə mane olur. Bununla belə, geri qayıdan əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı, intensiv tədbirlər davam etdirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, 2026-cı ilin sonunadək 34 min 500 ailə öz doğma yurduna qayıtmalıdır.

...Ermənilərin məkrli planları tamamilə iflasa uğradı, məcburi köçkün vətəndaşlarına sahib çıxan Azərbaycan dövləti indi də Qarabağı və Şərqi Zəngəzuru dirçəldərək onların öz ata-baba yurdlarına qayıdıb rahat, təhlükəsiz, firavan yaşaması üçün məqsədyönlü iş aparır. Necə deyərlər, ermənilərin “hesab-kitabı” çoxdan bağlanıb, gerçək rəqəmləri təhrif etməyə göstərilən cəhdlərin isə heç bir əhəmiyyəti qalmayıb...

Siyasət