Gürcüstan 16 il əvvəl...

post-img

Rusiyanın müdaxiləsi və günün reallıqları

16 il əvvəl bu günlərdə Rusiya–Gürcüstan müharibəsi davam edir, gərginlik pik həddə çatmışdı. Fransanın ozamankı prezidenti Nikola Sarkozi Rusiya Prezidenti Vladimir Putinin qəbuluna düşə bilmirdi ki, ondan Gürcüstanın içərilərinə doğru genişlənən işğalı dayandırmaq xahişini etsin. Sarkozi qapıdan qovulurdu. Hərçənd, savaşa son qoyulmasında onun xidmətlərini danmaq olmaz. Əlbəttə, buna xidmət demək mümkündürsə.

2008-ci il avqustun 8-də başlanmış Rusiya–Gürcüstan müharibəsi cəmi dörd gün çəkdi. Ancaq bu dörd gün bir çox cəhətlərlə yaddaqalan oldu. İlk növbədə tam aydın oldu ki, Qərbə güvənərək müharibə aparmaq olmaz. Yəni Sarkozi heç də elə-belədən Putinin qapısının ağzını kəsdirməmişdi. O, yaxşı başa düşürdü ki, Gürcüstanı “ayının pəncəsində”  əzdirən ölkəsinin də sırasında təmsil olunduğu Qərbdir. Sarkozi Putinə kollektiv Qərbin yalvarışını çatdırmağa gəlmişdi.

Bəli, 2008-ci il müharibəsini Gürcüstan başlatmış, separatçı Cənubi Osetiya və Abxaziyada öz hakimiyyətini bərpa etməyə çalışmışdı. Bu hərəkət Gürcüstanın ozamankı rəhbərliyinin, prezident Mixeil Saakaşvilinin ciddi anti-Rusiya təmayülünün məhsulu kimi meydana çıxmışdı. O vaxtadək daxili siyasətdə ciddi uğurlar əldə etmiş Saakaşvili Qərbin dəstəyinə arxalanmış və hesab etmişdi ki, bu dəstək ölkəsinin suveren ərazilərində öz konstitusyon hakimiyyətinin bərpasına gətirəcək. Ancaq o, ciddi şəkildə yanılmış və mahiyyətcə iqtidarda olduğu illərdəki ən böyük səhvini etmişdi. Elə bir səhv ki, Saakaşvilinin sonrakı siyasi taleyinə də təsir göstərmişdi.

Diqqət yetirək, ABŞ Dövlət Departamenti ötən il avqustun 8-də Rusiyanın Gürcüstana təcavüzünün 15-ci ildönümü ilə bağlı yaydığı bəyanatda bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiyaya 2008-ci ildə imzalanmış atəşkəs razılaşmasından irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün təzyiq göstərəcək.

Bu, nə demək idi? O demək idi ki, kollektiv Qərb yenə Gürcüstanı Rusiya üzərinə qaldırmaq prioritetini nəzərdən keçirməkdədir. Yada salaq ki, həmin Qərb Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü bərpa edəndə, Gürcüstanı da şirnikləndirmişdi. Təxminən belə: Azərbaycan bacarıbsa, Gürcüstan niyə bacarmamalıdır? Halbuki, məsələnin belə qoyuluşu yolverilməzdir. Çünki durum tam başqadır. Arzu edək ki, gürcü xalqı üçün əlverişli şərait, tarixi şans yaransın.

ABŞ Dövlət katibi Antoni Blinkenin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinin açıqlandığı ötənilki bəyanatında vurğulanmışdı ki, 15 il əvvəl Rusiya suveren Gürcüstan dövlətinə təcavüz edərək, onun ərazisinin 20 faizini işğal edib: “Birləşmiş Ştatlar Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyir. Rusiyanın hərəkətləri bu münaqişədən əziyyət çəkən insanların həyatını həmişəlik dəyişdi”.

Bəyanatda o da vurğulanmışdı ki, Rusiyanın işğal zamanı hərəkətləri, o cümlədən Kremlin amansız dezinformasiya kampaniyaları və əhalinin kütləvi köçkünlüyü hələ də misilsiz iztirablara səbəb olur: “Ukraynada olduğu kimi, Gürcüstan xalqı da Rusiyanın beynəlxalq hüquqa hörmətsizliyinin və qonşularına hakim olmaq istəyinin nəticələrindən əziyyət çəkir.

Deməli, Ukraynada olduğu kimi. Bəli, 16 il əvvəl yaşananlarla indiki durum arasında paralellər aparmaq mümkündür.  Qərb Ukraynanı Rusiyaya qarşı çıxmağa vadar etdiyi kimi, vaxtilə Gürcüstanın da bu yolla getməsinə səbəb olmuşdu. Ancaq o zamandan fərqli olaraq, indi dünyanın anti-Rusiya köklənişi daha fərqlidir. Gürcüstan bu köklənişin ən çiy vaxtlarında hərəkətə keçmişdi ki, Saakaşvili ölkəsinin uğursuzluqla üzləşəcəyini görməli idi, amma görə bilmədi. Əslində, bütün resurslarla dəstəyinə baxmayaraq, Qərb bu gün Ukraynanı da uğursuzluğa sürükləyib. Necə ki, 16 il əvvəl Gürcüstan qurban idi, indi də Ukryana o aqibəti yaşayır. Sadəcə olaraq, o vaxt Qərb reallığı daha tez dərk etmişdi, indi anlamır və anti-Rusiya xəttində israrlıdır. Bu israrlılığın nəticəsidir ki, hazırda Ukrayna əraziləri viran qalıb, yüz minlərlə itki var.

Qərbdə Rusiya–Gürcüstan müharibəsinin 16-cı ildönümü ilə bağlı bəyanatlar məsələsində bildirilir ki, Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının qondarma müstəqilliyini tanımaqdan imtina etməlidir. Bu tədbirlər yüz minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə öz evlərinə qayıtmalarını və ləyaqətlə yaşamalarını təmin etmək üçün vacibdir.

Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Beynəlxalq hüquq baxımından Gürcüstan torpağı olan Cənubi Osetiya və Abxaziya indiki durumda faktiki olaraq Rusiyanın işğalı altındadır. Əlbəttə, Kreml buna işğal demir və  arqumentlərində özünü haqlı sayır. Ancaq yekun nəticə heç bir halda dəyişmir. Ümumən, keçmiş SSRİ-nin müttəfiq respublikalarındakı münaqişəli bölgələr – Qarabağ, Cənubi Osetiya və Abxaziya, Moldovadakı Dnestryanı, Ukraynadakı Donetsk və Luqansk – bunlar hamısı sabiq imperiyanın böyük coğrafiyadakı xalqlara qoyub getdiyi, dincliyi və əmin–amanlığı daim təhdid edə biləcək qorxunc miraslardır. Çox təəssüf ki, nəinki Rusiya rəsmiləri, eləcə də ölkənin ictimai rəyi bu miraslara qlobal mövcudiyyət faktorları kimi yanaşmaqdadır. Birləşmiş Ştatların, ümumən kollektiv  Qərbin anti-Rusiya cəbhəsini də elə sadalanan regionlar təşkil etməkdədir. Deməli, 16 il əvvəl yaşananlara bu günün prizmasından yanaşma aktuallığını qorumaqdadır. Belə görünür, bu xəmir hələ çox su aparacaq.  

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət