“Əkinçi ” qəzetinin irəvanlı dostları

post-img

XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan maarifçilik hərəkatında, ictimai-siyasi, ədəbi-mədəni, elmi-nəzəri düşüncəsində milli intibaha geniş yol açdı. Təbiətşünas alim, maarifçi-demokrat Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyul ayının 22-də ana dilində nəşr olunmuş “Əkinçi” qəzeti bu oyanışın ilk qaranquşlarından idi.

İrəvan ziyalıları “Əkinçi”nin nəşrindən 4 il qabaq Həsən bəy Zərdabinin ana dilində qəzet nəşr etmək üçün ciddi mücadilə apardığından məlumatlı idilər. Həsən bəy yaratdığı xeyriyyə cəmiyyətinə kömək məqsədilə 1871-ci ilin yayında tələbəsi Nəcəf bəy Vəzirovla birlikdə Cənubi Qafqazın bir sıra şəhərlərinə səfər etmişdi. O, İrəvanda yaşayıb-yaradan ziyalılarla – Axund Məhəmmədbağır Qazızadə, Mirzə Ələkbər Elxanov, Məşhədi İsmayıl Hacı Kazımzadə, Abdulla xan, Abasqulu xan İrəvanski, Mirzə Kazım Qazi Əsgərzadə və başqaları ilə keçirdiyi görüşlərdə bu barədə fikir mübadiləsi aparmışdı. Qafqazda çıxan bəzi qəzetlər Həsən bəyin bu nəcib təşəbbüsünün əhəmiyyəti ilə bağlı məlumatlar dərc etmişdi.

Nəhayət, “Əkinçi”nin nəşrə başlaması münasibəti ilə İrəvan ziyalılarından, həm də qəzetin bölgə üzrə təmsilçisi olmuş Mirzə Kazım Qazi Əsgərzadə Həsən bəyə göndərdiyi təbrik məktubunda onun əsl millət fədaisi və tərəqqi aşiqi olduğunu, bu yoldakı əziyyətini yüksək qiymətləndirərək yazmışdı: “Müəllimi-mədrəseyi-darülfünuni-Bad-

kubə cənab Həsən bəy Zərdabi özünün və əhli-məmləkətinin haləti-haliyyəsi və mayəhtacının qeyri-fərahəm olduğu ilə yeni “Əkinçi” qəzetinin binasını qoyubdur və nə qərar zəhmətlər çəkibdir ki, onu çəkməyən bilməz”. Mirzə Kazım Qazi Əsgərzadənin Həsən bəyə ünvanladığı məktubunda ona həsr etdiyi “Əkinçi”nin bina olması münasibətilə” adlı şeiri bu cəhətdən maraqlıdır:

Ey edən qəzetilə hər şəhrə gövhərlər nişar,
Kənzi-məxfi imişsən əvvəl, indi oldum aşkar.

Adını qoydun “Əkinçi”, dəhrdə xoş qoydun ad,
Eylədin bu ad ilə hər şurəzarı laləzar.

Ey qoyan elmi-ədəb şəhrinə bir asan bina,
Ey çəkən imlavü inşa mülkünə möhkəm hasar.

Ey Həsən bəy, ey cənabi-xacə, ey bəhrül-ülüm,
Ey tapan hər fəndə həddindən artıq iştihar.

Mirzə Kazım Qazi Əsgərzadə həmin məktubu və bu şeirinin “Əkinçi” qəzetində çap olunmasını Həsən bəydən xahiş etsə də, hansısa səbəbdən nəşr olunmamışdır.

“Əkinçi” qəzetinin uğurlu fəaliyyəti, qısa zaman ərzində artan nüfuzu onun yayılma çevrəsini daha da genişləndirmiş, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərini və digər bölgələri də əhatə etmişdir. İrəvanda yaşayıb-yaradan, ictimai-mədəni həyatın önündə gedən ziyalılar, qələm sahibləri, eləcə də “Əkinçi”nin İrəvan üzrə təmsilçiləri – Məşədi İsmayıl Hacı Kazımzadə “Bəzmi”, Məhəmmədəli bəy Məşhədi Əsədulla bəy oğlu “Məxfi” kimi şairlər qəzetdə müxtəlif janrlı bədii nümunələr çap etdirirdilər.

“Əkinçi” qəzetinin irəvanlı müxbirlərindən “Sabir” təxəllüslü şair, jurnalist Hacı Seyid Rza Əmirzadənin adını xüsusi qeyd etmək lazımdır. Hacı Seyid Rza İrəvana gəlməmişdən əvvəl bir müddət Bakıda “Əkinçi” qəzetində işləmişdir. O, “Əkinçi”nin işıq üzü görməsi münasibətilə Həsən bəy Zərdabinin xalqa bəxş etdiyi ilk qəzeti və onun milli qeyrətini təsvir edərək yazırdı:

Mərhəba, ey Həsən bəy aqil,
Elm hikmətdə qabili-kamil,
Ba fəhm olmağında söz yoxdur,
Oldu məlum ki, qeyrətin çoxdur.
Əhli-Qafqazı etmisən xoş-nud,
Əhli sayəndə olmuşuq məsud...

Qərbi Azərbaycanın müxtəlif bölgələrindən – İrəvandan Məhəmməd Xanla-rov, Üçmüədzindən Yaqub Mirzə Məmməd oğlu Əlibəyov, Dərəçiçəkdən Ələkbər bəy Sultanov və başqa ziyalılar “Əkinçi” ilə əməkdaşlıq etmiş, qəzetin bölgələrdə yayılmasına, geniş oxucu cəlb etməsinə ciddi səy göstərmişlər. Abbasqulu xan İrəvanski, Cəfər xan Makinski, Ələkbər bəy Ağalarov, Bəhram bəy Makinski, Əli bəy Məmmədbəyov, Mirzə Ələkbər Elxanov “Əkinçi” qəzetinin abunəçiləri olmuşdular.

“Əkinçi”nin səhifələrində İrəvanın ictimai, sosial və mədəni həyatına dair yazılar dərc edilmişdir. Milli mətbuatımızın bünövrəsi olan, cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışına və mənəvi inkişafına töhfələr vermiş, elm və təhsilin təbliğində, milli özünüdərkin yüksəlməsində böyük xidmətlər göstərmişdir.

Lakin “Əkinçi” qəzetinin nəşri erməni millətçilərini ciddi narahat etmişdir. 1877-ci ildə Rusiya-Türkiyə müharibəsinin qızğın dövründə Bakı quberniya mətbəəsinin mürəttibi, milliyyətcə erməni olan Minasov “Əkinçi” qəzetinin Rusiyaya etimadsızlıq, Türkiyəyə isə açıq rəğbət göstərməsi barədə rəy yaratmışdı. Onun yazdığı donos nəticəsində Həsən bəy Zərdabi sıxışdırılmış və “Əkinçi”nin nəşri dayanmışdı. “Əkinçi”nin bağlanması İrəvanda yaşayan azərbaycanlıları da məyus etmişdir.

Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Mədəniyyət