AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunan I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Folklor, Memarlıq və İncəsənət institutları, Milli Konservatoriya, Ankara Musiqi və Gözəl Sənətlər, Erzincan Binəli Yıldırım, Qars Qafqaz, Xoca Əhmət Yesevi Beynəlxalq Türk-Qazax universitetləri, Azərbaycan Aşıqlar Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkil etdiyi məclisin iştirakçılarını salamlayaraq açılış nitqi söyləyib.
AMEA rəhbəri qeyd edib ki, simpoziumun məqsədi Türk dünyasının zəngin musiqi folklorunun, xüsusilə balaban, zurna və saz kimi qədim musiqi alətlərinin tarixi köklərinin, mədəni kimlikdəki yerinin və kollektiv yaddaşdakı izlərinin elmi müstəvidə araşdırılması, bu baxımdan zurna-balaban məktəbinin görkəmli nümayəndəsi, Kalvalı Əli Dədə kimi tanınan Əli Kərimovun yaradıcılığına ümumtürk musiqi ifaçılığı çevrəsində nəzər salınmaqdır.
Akademik deyib ki, el sənətkarlarının və ənənəvi ifaçıların irsinin araşdırılmasına, xüsusən qarmon, zurna, balaban, qaval kimi alətlərin daha geniş tanıdılmasına böyük ehtiyac var. O, Kalvalı Əli Dədənin zurna, balaban və tütək kimi nəfəs alətlərinin mahir ifaçısı olduğunu, 70-dən çox rəqs havasının müəllifi kimi böyük bir məktəb yaratdığını xatırladaraq, onun sənətinin bu gün də həm davamçıları, həm də ailə üzvləri tərəfindən yaşadıldığını qeyd edib.
Sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Hacıyev qurumun prezidenti Aktotı Raimkulovanın məclisə ünvanladığı məktubu səsləndirib. Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə simpoziumun türk xalqlarının mədəni inteqrasiyası, elmi əməkdaşlıq mühiti və ortaq mədəni dəyərlər ətrafında sıx birləşməsi üçün mühüm platforma yaratdığını bildirib.
ADPU-nun prorektoru professor Mahirə Hüseynova Kalvalı Əli Dədənin irsinin gənc nəslə tanıdılmasının vacibliyinə toxunaraq bildirib ki, 150 il əvvəl “kalvalı” olmaq böyük sənətkarlıq, dərin mənəvi dəyərlər və ustalıq tələb edirdi.
Kalvalı Əli Dədə ifaçılığının “Heyvagülü”, “Alma gülü”, “Alça gülü”, “Bənövşə”, “Kalvalı”, “Çəmənlik”, “Mehribanı”, “Dağ çiçəyi”, “Xırdaca” kimi havaları çağdaş zurna-balaban sənətinin davamçıları üçün örnəkdir.
Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, professor Erhan Özden, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev və Özbəkistanın Xarəzm Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru, dosent Jasurbəy Salayev belə simpoziumların türk milli yaddaşının, musiqi düşüncəsinin və folklor irsinin öyrənilməsi baxımından son dərəcə önəmli olduğunu söyləyiblər. Onlar qeyd ediblər ki, milli musiqi xalqın özünüdərki, etnik fərqlənməsi və mədəni özəlliyinin qorunması baxımından aparıcı mənəvi dəyərlərdəndir.
Kalvalı Əli Dədənin ailəsi adından çıxış edən Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Elçin Qaliboğlu ustad sənətkarın yaradıcılığına verilən dəyərə görə təşəkkürünü bildirib.
Bədii hissədən sonra müxtəlif mövzularda elmi məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qabil YUSİFOĞLU
XQ


