(əvvəli qəzetin 1 və 14 noyabr tarixli saylarında)
Çinin Şərq sahillərində yerləşən Tsindao bizə müasirliyin, təravətli dəniz küləyinin və Avropa memarlığının qarmaqarışıq mənzərəsi içində yaşayan şəhər kimi görünmüşdü – dalğaların səsi, küçə kafelərinin xoş qoxusu, sahil boyunca uzanan sakitlik… Lakin səfərin növbəti dayanacağı bu əhvalı tam dəyişdi. Burada ilk andan etibarən hiss edirsən ki, zaman başqa cür axır. Sanki, bir qapıdan keçib Çinin dəniz kənarı gələcəyindən, qədim imperiyalar nəfəsi ilə yoğrulmuş keçmişinə düşürsən.
Sian – imperatorlar şəhəri
3100 ildən çox yaşı olan, Çinin ən qədim və ən önəmli şəhərlərindən biri sayılan Sian şəhəri əsrlər boyunca Çjou, Tsin, Xan, Suy və Tan sülalələrinin paytaxtı olub, Çin tarixinin formalaşmasında mühüm rol oynayıb. Bu gün Sian Şensi vilayətinin mərkəzi, 13 milyon əhalisi olan müasir meqapolisdir. Şəhər son onilliklərdə təhsil, sənaye və texnologiya sahələrində böyük inkişaf göstərib. Sürətli dəmir yolu xətti, metro sistemi və iri biznes mərkəzləri Sianı Çinin ən inkişaf etmiş şəhərlərindən birinə çevirib.
Tarixən Sian həm də Böyük İpək Yolunun başlanğıcı olub. Bu səbəbdən buraya dünyanın müxtəlif yerlərindən tacirlər gəlib, Sian isə Çin mədəniyyətini, necə deyərlər, qərbə daşıyıb. Buddizm də məhz bu yol vasitəsilə şəhərə gəlib və sonradan ölkəyə yayılıb. Hazırda Sian və ətrafında çoxsaylı buddist məbədləri var. Şəhərdə islam və xristianlıq da geniş yayılıb.
Sian tarix və memarlıq abidələri ilə zəngindir, lakin şəhərin ən məşhur tarixi obyekti imperator Sin Şi Xuaņdının məqbərəsi və Terrakotta Ordusudur. Sianın yaxınlığında yerləşən bu nəhəng kompleks 60 kvadratkilometr ərazini əhatə edir və minlərlə insanın 40 ildən çox əmək sərf etdiyi yeraltı şəhəri xatırladır. 13 yaşında taxta çıxan Sin Şi Xuaņdi Çin torpaqlarını birləşdirərək ölkənin ilk imperatoru kimi hörmətlə anılır. Bu da əbəs deyil – o, vahid pul və ölçü sistemi yaradıb, yazı standartlarını müəyyənləşdirib və Çin səddinin ilkin hissələrini birləşdirib. Bununla yanaşı, ölümündən sonra da “hakimiyyətini davam etdirmək” üçün özünə möhtəşəm məqbərə hazırlatdırıb. O məqbərə ki, hazırda Sian şəhərinin turizm sənayesinin orbiti sayılır.
Axirət döyüşçüləri
1974-cü ildə su axtarılarkən təsadüfən tapılan terrakota əsgərləri dünyanın ən böyük arxeoloji kəşflərindən biri sayılır. İki il sonra intensiv arxeoloji qazıntılar başlayıb və 8000-dən çox fiqurdan ibarət Terrakota Ordusu aşkar edilib. Gil döyüşçülərin yerləşdiyi yeraltı tikililərin 4 sektoru aşkar edilib və hər biri düzbucaqlı otaqdan ibarət olub. Ən böyüyü olan birinci sektor 14260 kvadratmetr sahəni tutur. Piyada və arabaçılar şərqə doğru döyüş mövqeyində düzülüblər. Bu günədək 8 mindən çox əsgər fiquru, atlar və yüzlərlə silah aşkar edilib. Kompleksin çox hissəsi hələ də açılmayıb, çünki arxeoloqlar abidənin zərər görməməsi üçün ehtiyatla işləyirlər. Maraqlıdır ki, 8 min əsgər heykəlin hər birinin sifət cizgiləri unikaldır, yəni heykəllər bir-birilərinə oxşamır! Heç iki fiqurun bir-birinin eyni olmadığı elmi tədqiqatlarla təsdiqlənib.
Maraqlıdır ki, bu fərqlilik təsadüfi deyil. Qədim ustalar hər bir heykəli real insan surətinə bənzətməyə çalışıblar. Əsgərlərin simalarında müxtəlif etnik xüsusiyyətlər, fərqli yaş, xarakter və rütbə əlamətləri sezilir. Məsələn, zabitlərin geyimləri daha zərif və bəzəklidir, başlarında fərqli papaqlar və ya zirehli dəbilqələr olub, adi əsgərlərin isə sadə geyimləri, daha sərt, bəzən yorğun simaları var. Tədqiqatçılar hesab edirlər ki, bu fərqlilik Sin Şi Xuandinin ordusunun real modelini əks etdirir. Yəni Terrakotta Ordusu, sadəcə, simvolik rituallıq deyil, eyni zamanda, tarixi və etnoqrafik baxımdan çox dəyərli bir sənəddir. Onun vasitəsilə alimlər eramızdan əvvəl III əsr Çin ordusunun strukturunu, geyim üslubunu, hətta döyüş nizamını öyrənə biliblər.
Heykəllərin bu qədər fərqli hazırlanması həm də o dövrün sənətkarlıq səviyyəsini və texniki imkanlarını göstərir. Ustalar fiqurları gil qəliblərdə əsas formalarda hazırlayır, sonra isə hər birinə əl ilə üz cizgiləri, saqqal forması, saç düzümü və geyim detalları əlavə ediblər. Əvvəllər bu fiqurlar parlaq rənglərlə boyanıb, lakin əsrlər ərzində boya qatı təbii şəraitin təsirindən itib. Döyüşçülər içi boş gil heykəllərdir. Hər fiqurun çəkisi 130 kiloqramdan çox, hündürlüyü isə 180-190 santimetrdir.
Beləliklə, terrakotta əsgərlərinin bir-birindən fərqlənməsi təsadüfi bədii seçim olmayıb, bu, imperatorun əbədi ordusunu mümkün qədər real və canlı göstərmək arzusunun nəticəsidir. Sin Şi Xuandi istəyib ki, axirət dünyasında da onun qarşısında müxtəlif tayfalardan gələn, fərqli simalara malik, amma eyni məqsədə - imperatora xidmətə sədaqətli döyüşçülər dayansın. Terrakotta ordusunun bir-birindən fərqli olması həm də Tan İmperiyasının çoxmillətli quruluşunu əks etdirir. O dövrdə imperiyanın tərkibində onlarla müxtəlif tayfa və bölgə vardı, onların hər birindən əsgərlər toplanırdı. Heykəllərin fərqli sifətləri bu etnik müxtəlifliyin bədii izidir.
Bu ordu həm də qədim Çin insanının ölümə münasibətini, əbədiyyət anlayışını göstərir. Sin Şi Xuandi inanırdı ki, insan ruhu ölmür və yeni dünyada da səltənətini qorumağa davam edəcək. Onun üçün bu ordu yalnız qoruyucu deyil, həm də ölümsüzlüyün simvolu idi. Elə Sian səfərinin ən həlledici anı da şübhəsiz ki, Terrakotta Ordusu kompleksinə daxil olduğumuz andan başladı. Sanki oxuduğumuz tarix kitabları, sənədli filmlər bir anda real ölçülərdə qarşımızda dirildi. Girişdə böyük turist axınına baxmayaraq, havada qəribə bir sakitlik hiss olunur. Bəlkə də bunun səbəbi insanların eyni anda həm heyranlıq, həm də ehtiram duyub susmasıdır. İlk pavilyona daxil olanda bu hiss daha da güclənir - gözlər önündə minilliklərdən gələn nəhəng bir səhnə açılır. Çuxurun içində yüzlərlə terrakotta əsgəri… Fərqli baxış, fərqli üz cizgisi, fərqli duruş. İnanmaq olmur ki, bu misilsiz bir sənətkarlıq, amma arxasında sarsıdıcı bir fakt dayanır: seyr etdiyimiz heykəllər imperatorun axirət dünyasında onu qorumaq üçün əsl ordu kimi planlaşdırılmış məzar kompleksinin ayrılmaz hissəsidir!
Kompleksin ikinci və üçüncü zalları daha kiçik olsa da, epizodlar kimi bütöv mənzərəni tamamlayır. Burada generalların, döyüş arabalarının, at fiqurlarının bərpa prosesini görəndə bir daha anlayırsan ki, Terrakotta Ordusu ümumən bəşəriyyət irsinin ən möhtəşəm arxeoloji tapıntılarından biridir. Əlbəttə, Terrakotta Ordusu kompleksini ziyarət təkcə reportaj materialı kimi dəyərli deyil, həm də tarixin içində addımlamaq və sükuta bürünmüş bir ordunun gözləri ilə keçmişə baxmaq imkanıdır.
Məzarın ətrafındakı gil heykəllərin yerləşdiyi dəfn otaqlarının aşkarlanmasından 2000 ildən çox vaxt keçib. Bu müddət ərzində yerin ağırlığının yaratdığı təzyiq, eləcə də müntəzəm daşqınlar fiqurları ciddi şəkildə sınağa çəkib. Nəticədə arxeoloqlar və bərpaçılar ordunu, sözün əsl mənasında, hissə-hissə yenidən yığmaq məcburiyyətində qalıblar. Bəzi nümunələr 200-dən çox fraqmentə parçalanıb. Müasir elmi yanaşmalardan istifadə edərək, Çin tədqiqatçıları Terrakotta Ordusunun bərpası və qorunması üçün hər cür yeni metodlar hazırlamağa davam edirlər.
Kompleksi tərk edəndə bələdçidən soruşuruq ki, bəs bu ordunun “sahibi” olan imperatorun məqbərəsi haradadır və onu ziyarət edə bilərikmi? Cavabı maraqlı oldu: Məqbərə çox mürəkkəb struktura malikdir, o tam açılarsa, içəridəki artefaktları oxşar vəziyyətdə qorumaq üçün hazırda lazım olan texnologiya yoxdur. Bundan başqa, qədim Çin mənbələri məqbərənin içində çay və gölləri təqlid edən civə axınlarının olduğunu yazırlar. Müasir geofiziki ölçmələr də torpağın altında həddindən artıq yüksək civə konsentrasiyası olduğunu təsdiqləyir. Bu həm arxeoloqlar üçün təhlükə yaradır, həm də məqbərənin açılmasının risklərini artırır.
Məqbərənin açılmamasının siyasi və mədəni amilləri də var. Məsələ ondadır ki, Tsin Şi Xuandi Çin tarixində son dərəcə simvolik şəxsiyyətdir, onun məqbərəsinin açılması böyük ictimai və mədəni məsuliyyət tələb edir. Məsələyə həm də fəlsəfi meyarlarla yanaşmaq olar: torpaq layları altında zaman çökmüş vəziyyətdədir və orada heç nə qocalmır, çünki heç nə hava almır. Hər daş, hər naxış, hər qızıl lövhə o günün son anını – Tan İmperiyasının nəfəsinin dayanıb əbədiyyətə qarışdığı anı qoruyur. Bəlkə də məhz buna görə çinlilər bu məqbərəni açmağa tələsmirlər. Çünki orada bir imperatorun ölməzlik arzusu, sirləri, ruhu dolaşır. O sirr hələ də torpağın altında yaşayır və hər kəs bilir ki, bir gün məqbərənin qapıları açılarsa, bu, təkcə arxeoloji deyil, həm də mənəvi dünyanın qapısının açılması olacaq.
Sian bu gün həm qədim tarixini qoruyan, həm də müasir həyatla inkişaf edən xüsusi bir şəhərdir. Buraya gələn hər kəs Çinin minillik ruhunu və müasir dinamizmini eyni anda hiss edə bilər. Ona görə də çinli bələdçilər deyirlər ki, əgər Sianda olmamısınızsa, Çinin nə olduğunu bilməyəcəksiniz. Buna görə də 13 sülalənin paytaxt seçdiyi Sianın hər birimizdə böyük təəssürat doğurması təəccüblə qarşılanmadı. Əcnəbi blogerlərdən birinin dediyi kimi, “Sianın sirləri kitabda yox, küçələrdə gizlidir”. Həqiqətən də hər dönən küçə yeni bir hekayə açırdı. İpək Yolunun bütün əfsanələri də elə bu şəhərdə “doğulub”. Şərqdən Qərbə uzanan, ipəyi, kağızı, ədviyyatı və ideyaları daşıyan karvanların ilk izləri məhz bu torpaqda qoyulub. Bir zamanlar buradan çıxan ticarət yolları yalnız mal daşımayıb - sivilizasiyanın özünü aparıb.
Sianın çağdaş üzü
Siana səfərimiz çərçivəsində Şensi əyalətinin televiziya kanalını ziyarət etmək fürsəti əldə etdik. Kanalın binasına daxil olan andan etibarən jurnalistika dünyasının canlı enerjisi bizi bürüdü. Hər bir künc, mikrofonlar, kamera aparatları, montaj otaqları, redaksiya masaları – sanki bir şəhərin özəl ritmi burada nəfəs alırdı. Redaksiya otağında jurnalistlərin fəaliyyətini izləyərkən onların sürətli qərarvermə bacarığı, məlumatları ani şəkildə analiz edib təqdimetmə qabiliyyəti diqqətimizi çəkdi. Tez-tez monitorlar üzərində xəbərlər axır, operatorlar kameraları ilə səhnələri izləyir, redaktorlar isə, eyni zamanda, səhnələrin yazılarını yoxlayırdı. Burada hər kəs bir simfoniyanın notları kimi ahəngdar işləyirdi.
Kanal rəhbərliyi Şensi əyalətində xəbər istehsalının incəliklərindən danışdılar. Regional xəbərlərin hazırlanmasında həm milli siyasət, həm də lokal problemlərin diqqətlə balanslaşdırıldığını öyrəndik. Jurnalistlər, həmçinin, sosial media və televiziya xəbərlərinin birgə işlənməsinin vacibliyini vurğuladılar, çünki izləyici həm sürətli, həm də dəqiq informasiyaya ehtiyac duyur. Ziyarət zamanı biz həm texnologiyanın, həm də insan faktının jurnalistika işində nə qədər önəmli olduğunu müşahidə etdik. Kameralar və montaj proqramları xəbərləri sürətlə auditoriyaya çatdırır, amma bütün prosesin mərkəzində məlumatın obyektivliyi və peşəkarlıq dayanırdı.
Əlbəttə, televiziya kanalı, sadəcə, xəbərlərin çatdırıldığı yer deyil, həm də bir regionun gündəlik həyatının, problem və uğurlarının aynasıdır. Bu ziyarət bizə jurnalistikanın yalnız texnika ilə deyil, həm də insan təcrübəsi, analitik düşüncə və əzmkarlıqla qurulduğunu göstərdi.
Pekinə qayıdış
Tsindao və Sian şəhərlərindəki zəngin təəssüratlardan sonra Pekinə qayıtdıq. Şəhərin müasir küçələri və tarixi məkanları arasında keçirdiyimiz günlər boyunca əldə etdiyimiz müşahidələr, həmçinin seminar çərçivəsində öyrəndiklərimiz iştirakçılar arasında canlı müzakirələrə çevrildi. Çinli mühazirəçilər növbəti iki gün ərzində beynəlxalq kommunikasiya və xəbər materiallarının hazırlanması sahəsində Çin təcrübəsini bölüşdülər. Mühazirələr Çin media mühitinin incəliklərini və xəbər istehsalının sirlərini daha yaxından anlamağa imkan yaratdı.
Seminarın yekun mərasimində çıxış edən Çin Ticarət Nazirliyinin xarici yardımlar üzrə direktor müavini Çjen Minyuan tədbirin əhəmiyyətini vurğuladı. O, belə seminarların ölkələrarası əməkdaşlığı gücləndirdiyini, iştirakçıların yeni bilik və bacarıqlar əldə etməsinə şərait yaratdığını bildirdi və Pekinin gələcəkdə də bu cür proqramları davam etdirəcəyini açıqladı.
Sonda iştirakçılara sertifikatlar təqdim olundu. Bu an həm fərdi uğurun, həm də beynəlxalq əməkdaşlığın simvolu kimi yadda qaldı. Səfər yalnız Çin mədəniyyəti və iş təcrübəsi ilə tanış olmaqla kifayətlənmədi, həm də beynəlxalq kommunikasiya və media sahəsində yeni perspektivlər açdı. Hər birimizin bu təcrübəni həm peşəkar, həm də şəxsi inkişaf yolunda dəyərli bir resurs kimi unutmayacağımıza əminəm. Çünki 12 gün ərzində Çinin zəngin mədəni irsini və müasir inkişafını duymaq imkanı qazandıq, əldə etdiyimiz bilik və təcrübə isə gələcək fəaliyyətlərimiz üçün dəyərli bir bələdçi olacaq.
Səbuhi MƏMMƏDOV
XQ


