Milli Kitabxanada Çağdaş Azərbaycan poeziyasının görkəmli və qüdrətli nümayəndəsi, Xalq şairi Vahid Əzizin anadan olmasının 80 illik yubileyi münasibətilə “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan XQ-yə bildirilib ki, sərgidə şairin qələmə aldığı poetik nümunələr - şeirləri, poemaları, tərcümələri, publisistikası, tərtibçi və ön söz yazdığı ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.
Xalq şairi Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanda, qədim Dərələyəz mahalında qulluqçu ailəsində anadan olub. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirib.
Nəğməkar şair Vahid Əzizin çox sayda şeirinə mahnı və musiqi bəstələnib.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2019-cu il mayın 24-də "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.
Vahid Əziz bu gün – noyabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

