“Gələn il üçün təsdiqlənən dövlət büdcəsinin həcmi ölkəmizin sosial-iqtisadi kursunu, həmçinin vətəndaşlara yönəlmiş prioritetləri aydın şəkildə ortaya qoyur”.
Bu fikirləri XQ-yə açıqlamasında Milli Məclisin deputatı, əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirdi. Deputatın fikrincə, 2026-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsait təqdir edilməlidir: “Əvvəla qeyd etməliyəm ki, dövlət büdcəsinin ümumi strukturunda sosialyönümlü xəttin xüsusi çəkisi artır. Büdcə xərclərinin 41,1 faizinin sosial sahəyə ayrılması dövlətin sosial ədalət prinsiplərinə sadiqliyinin, vətəndaş rifahının təmin olunmasının diqqət mərkəzində dayandığının təsdiqidir. Dünya iqtisadiyyatında qeyri-sabitliyin davam etdiyi indiki vaxtda hökumətin bu qədər böyük sosial öhdəlik götürməsi həm siyasi iradənin, həm də iqtisadi dayanıqlığın göstəricisidir”.
E.Musayev qeyd etdi ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üçün təsdiqlənən büdcəsi fondun həm artan sosial öhdəlikləri, həm də davamlı maliyyə siyasətini əks etdirir: “Cari illə müqayisədə gəlirlərdə 9 faiz, xərclərdə isə 10,5 faiz artım proqnozlaşdırılır. Bu artım iqtisadi aktivliyin güclənməsi, məşğulluq bazarının genişlənməsi və qeyri-formal əmək münasibətlərinin azaldılması istiqamətində aparılan tədbirlərin real nəticəsidir.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 2019-cu ildən bəri minimum pensiyanın məbləği yaşayış minimumunu üstələyir və bu tendensiya 2026-cı ildə də davam etdiriləcək. Növbəti il yaşa görə pensiyanın orta aylıq məbləği 629 manata yüksələcək. Pensiyanın orta əməkhaqqına nisbətinin 54 faiz səviyyəsinə çatması isə sosial təminat üzrə beynəlxalq normalara doğru ardıcıl yaxınlaşmanı göstərir.
Həmçinin İşsizlikdən Sığorta Fondunun gələnilki büdcəsində nəzərdə tutulan artımlar, xüsusilə özünüməşğulluq proqramları üçün ayrılan 77 milyon manatlıq paket əmək bazarının modernləşdirilməsi, aktiv məşğulluq siyasətinin genişləndirilməsi baxımından mühüm addımdır. 2026-cı ildə 8 min vətəndaşın özünüməşğulluq layihələrinə cəlb olunması planlaşdırılır ki, bu da sosial müdafiə sisteminin artıq passiv ödənişlərdən aktiv əmək bazarı alətlərinə keçdiyini təsdiqləyir”.
Parlamentari yaşayış minimumunun 300 manat, ehtiyac meyarının isə 230 manat müəyyənləşdirilməsini sosial standartların yenilənməsi hesab edib. Onun fikrincə, bu dəyişikliklər sosial müavinətlərin təyinatında və əhalinin həssas qruplarının dəstəklənməsində daha çevik və real bazar dəyərlərinə uyğun mexanizmlərin tətbiqinə imkan verəcək.
“Gördüyümüz kimi, büdcə layihəsi təkcə rəqəmlər toplusu deyil, bu sənəd ölkənin sosial siyasətinin konseptual istiqamətini müəyyənləşdirir. Gələn il həm pensiya təminatı, həm sosial müdafiə mexanizmləri, həm də məşğulluq proqramları üzrə ciddi irəliləyiş gözlənilir. Dövlət büdcəsinin sosialyönümlülüyünün artırılması, fondların maliyyə dayanıqlığının gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi Milli Məclisin və hökumətin qarşıya qoyduğu strateji hədəflərə uyğundur.
Hesab edirik ki, təqdim olunan layihələr ölkənin iqtisadi imkanlarına uyğun şəkildə hazırlanıb, sosial siyasətin qarşıdan gələn il üçün düzgün prioritetlərini müəyyən edir və dövlətimizin vətəndaşa xidmət fəlsəfəsini tam şəkildə özündə əks etdirir” – deyə deputat vurğuladı.
T.ARAZOĞLU
XQ

