Dünən spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının 2026-cı il dövlət büdcəsinə həsr edilmiş sonuncu plenar iclası keçirildi. İclas tam şəkildə büdcə zərfinə daxil olan qanun layihələrinə baxılmasına yönəldi.
Müzakirələrin əsas hissəsi Vergi Məcəlləsinə dəyişikliklər paketinə aid idi. Üç blokdan ibarət paket 45 maddə üzrə ümumilikdə 145 dəyişikliyi özündə ehtiva edirdi. Bununla yanaşı, Vergi Məcəlləsinə uyğunlaşdırılan əlavə və dəyişikliklərlə bağlı 16 qanun layihəsi də gündəliyə çıxarıldı və birinci oxunuşda qəbul edildi. Həmçinin Milli Məclisin və Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası ayrıca təqdim olundu.
Müzakirələrdən əvvəl Milli Məclisin deputatları Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 illiyi münasibəti ilə partiyanın sədri, Prezident İlham Əliyevi, həmçinin partiya sədrinin birinci müavini, vitse-prezident Mehriban Əliyevanı və partiya üzvlərini təbrik etdilər. Parlamentin spikeri Sahibə Qafarova qeyd etdi ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi həyatının müstəsna əhəmiyyətli hadisələrindən biri olub: “Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin inkişafında, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, milli birlik və həmrəylimizin gücləndirilməsində son dərəcə böyük rol oynayıb”.
Sonra 2026-cı ilin dövlət büdcəsi ətrafında müzakirələr aparıldı. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdən danışdı. Deputat vurğuladı ki, aşağı gəlirli əhali üçün vergi güzəştlərinin miqyası genişləndirilməlidir: “Azərbaycanda ərzağın qiyməti artıb. Keyfiyyətli ət əhalinin yoxsul kəsimi üçün əlçatmaz olub. Bu kimi hallar cinayətkarlığın artmasına səbəb olub. Bir çox insanlar dolanışığını təmin etmək üçün riskə gedir və cinayətə meyillənirlər. Buna görə də hesab edirəm ki, aşağı gəlirli əhali üçün vergi güzəştləri daha da genişləndirilməlidir. Bu ildən etibarən 2500 manatadək gəliri olan şəxslər üçün güzəştlər tətbiq edilib və onların vergi dərəcəsi 3 faiz olaraq müəyyən edilib. Mən hesab edirəm ki, 1000 manatadək maaş alan şəxslər, ümumiyyətlə, bütün növ vergilərdən azad olunmalıdır”.
Daha sonra MM-in Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov tibbi sahədə əmək funksiyasını faktiki yerinə yetirən gənc həkimlərin hüquqi statusunun qeyri-müəyyən olmasından danışdı. R.Mahmudov bildirdi ki, bu gün ölkəmizdə rezident həkimlər real əməyin bütün yükünü daşıdıqları halda, onların hüquqi statusu tam tənzimlənməmiş qalır: “Onlar növbələrə girir, pasiyent qəbul edir, stasionar və təcili yardım prosesində iştirak edir, əməliyyatlar aparır və faktiki olaraq tibbi personal kimi çalışırlar. Lakin həmin şəxslərin böyük bir hissəsi rəsmi əmək müqaviləsi ilə təmin olunmur”. Deputat onu da əlavə etdi ki, əgər bütün sahələrdə işçi hüquqlarının bərpası və sosial müdafiənin gücləndirilməsindən danışılırsa, tibbi sahədə də əmək funksiyasını yerinə yetirən gənc həkimlərin hüquqi statusunun qeyri-müəyyən qalmasına yol verilə bilməz.
Deputat Tahir Mirkişili parlamentin bir gün əvvəlki plenar iclasında Vergi Məcəlləsində bir sıra istiqamətlər üzrə tətbiq olunan vergi güzəştlərinin müddətsiz olmasını təklif etdi: “Hazırda Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin açılması fonunda Naxçıvana tətbiq olunan vergi güzəştləri yalnız iqtisadi deyil, ciddi strateji və geo-iqtisadi məsələdir. Hətta təklif edərdim ki, bu güzəştlər müddətli yox, müddətsiz olsun”. Deputat onu da qeyd etdi ki, Naxçıvan mühüm coğrafi məkanda yerləşir və Orta Dəhliz kontekstində emal sənayesi, istehsal və xidmət sahələrinin inkişafı Azərbaycan üçün vacibdir.
* * *
Müzakirələrdən sonra vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə, həmçinin ona uyğunlaşdırılan 16 qanuna dəyişikliklər səsverməyə çıxarıldı. İclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara dəyişiklik layihələri də müzakirə olundu.
Plenar iclasda xəstəliklərlə bağlı qanunlara təqdim edilən dəyişikliklər də müzakirə edildi. Buraya “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunlara təklif olunan düzəlişlər daxildir. Eyni zamanda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi də müzakirəyə çıxarıldı.
İclasda həmçinin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklik layihəsi təqdim edildi. “Dövlət rüsumu haqqında”, “Gömrük tarifi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən düzəlişlər plenar iclasda səsverməyə çıxarıldı. Dəyişikliklər paketinin layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Son olaraq plenar iclasda Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası təsdiqləndi. Müzakirələrdən sonra təsdiqlənən layihəyə əsasən, parlamentin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək. Bu, 2025-ci illə müqayisədə 222 min 863 manat və ya 0,4 faiz çoxdur. Xərclər smetasının strukturunda 39,513 milyon manat əməyin ödənişi, 300 min manat sosial təminat üçün nəzərdə tutulub. Milli Məclisin xərclərinə qaz istifadəsinə görə 210 min manat, suya görə 35 min manat, elektrik enerjisinə görə 465 min manat daxil edilib. Parlamentin internet xərcləri 116 min manat səviyyəsində nəzərdə tutulur. Milli Məclisin deputatları və aparat əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 110 min manat, xarici ölkələrə ezamiyyətlə bağlı 2 milyon manat ayrılması planlaşdırılır. Milli Məclisin İşlər müdiri Firudin Hacıyev çıxışında bildirdi ki, smetanın əksər xərcləri malların, iş və xidmətlərin alınması, dəftərxana və təsərrüfat ləvazimatları, kompüterlər, kartriclər, server avadanlıqları, mebel dəstləri, kristallar, nəqliyyat vasitələrinin əsaslı və cari təmiri, mətbəə və çap işləri, təmizlik və digər təsərrüfat xidmətləri kimi sahələrə yönəlib.
Səsverməyə çıxarılan digər layihəyə əsasən, Hesablama Palatasının xərclər smetasının sabit saxlanılmasına qərar verilib. Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək. Bu isə 2025-ci ildə xərclər smetası ilə eyni həcm deməkdir. Növbəti ildə əməyin ödənişinə 9 milyon 915 min 236 manat nəzərdə tutulub. Həmçinin Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 60 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırıldı.
Bununla da növbəti – 2026-cı il üçün dövlət büdcəsi Milli Məclis tərəfindən təsdiqləndi.
Tacir SADIQOV
XQ

