Bu günlərdə Qusar rayonunda arıçılıq sahəsində problemlərin araşdırılması məqsədilə görüşlər keçirilib. Qusar Dövlət Aqrar Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov telefonla XQ əməkdaşlarına bildirdi ki, görüşlərin əsas məqsədi arıçıların üzləşdikləri çətinliklərin dinlənilməsi, onların həlli istiqamətində tədbirlərin müəyyən edilməsi və gələcək risklərin qarşısının alınması olub.
Qeyd edək ki, Qusar DAİM-in mütəxəssisləri rayonun Şirvanlı, İmamqulukənd və Həzrə inzibati ərazi dairələrində fəaliyyət göstərən arıçılar və təsərrüfat rəhbərləri ilə görüşüblər. Görüşlər zamanı arı ailələrinin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması, düzgün qulluq və yemləmə qaydaları, eləcə də pestisidlərin istifadəsi zamanı arıçılığa zərərin minimuma endirilməsi məsələləri izah olunub, qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.
Eyni zamanda, arıçıların əsas problemləri – arı ailələrinin tələf olması, yem bazasının zəifliyi, dərman təminatı və satış çətinlikləri dinlənilib, bir qismi yerində həll olunub, digər məsələlər isə qeydiyyata alınıb.
Rayonda arıçılığın inkişafı ilə bağlı ümumi tövsiyələr verilib və dövlət dəstəyi barədə məlumat təqdim edilib.
Arıçılar görüşlərdən razı qaldıqlarını bildiriblər.

