Avropa İttifaqı Parlamenti ermənipərəstlik məbədidirmi?

post-img

Azərbaycana qərəzindən əl çəkməyən bu qurumla əməkdaşlıq dayandırıldı

Yarandığı gündən Fransanın yedəyinə çevrilmiş, təlimat və göstərişləri Yelisey sarayından alan Avropa Parlamentinin həm torpaqlarımız işğal altında olduğu 30 ildə, həm 44 günlük müharibənin gedişində, həm də hazırkı postmünaqişə dönəmində Azərbaycana qarşı qəbul etdiyi bəyanat və qətnamələrin hamısı bitərəf, qərəzli və siyasi motivli olub.

Rəsmi Bakı ikitərəfli münasibətlərə kölgə salan, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə zidd, daxili işlərimizə müdaxilə xarakterli, erməni lobbi və diaspor təşkilatlarının təsirindən qaynaqlanan, bunlardan daha pisi, Ermənistan–Azərbaycan normallaşmasına, sülh gündəliyinə yalnız zərər gətirən fəaliyyətinə son qoymasını dəfələrlə Avropa İttifaqının nəzərinə çatdırıb. Brüssel, sanki, bu müraciətləri eşitməz oldu. Bəli, Azərbaycanın qərəzli və əsassız ittihamlara son qoymaq və anti-Azərbaycan mövqeyindən imtina etmək tələblərinə baxmayaraq, bu qurum ölkəmizə qarşı məqsədyönlü fəaliyyətini davam etdirir. Amma qərəzin bir həddi olduğu kimi, səbrin də tükənən məqamı var.

Parisin haypərəst hakimiyyətinin direktivləri ilə hərəkət edən Avropa Parlamenti İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra da dinc durmadı, Azərbaycan əleyhinə 10-dan artıq qərəzli qətnamə qəbul etdi. Onun 2021–2022-ci illərdə qəbul etdiyi qətnamələr müharibədən sonra “Qarabağ ermənilərinin hüquqlarının pozulmasına”, “mədəni irsin” qorunmasına, 2023-cü ildə sentyabr antiterror əməliyyatını ictimai rəyə “etnik təmizləmə” kimi sırınmasına, 2024–2025-ci illərdə isə daha çox “insan hüquqları” kimi məsələlərə fokuslanırdı. AP-ın Bakının ev sahibliyi etdiyi BMT-nin COP29 beynəlxalq tədbirini boykot etmək siyasəti isə heç bir əndazəyə sığmırdı.

Azərbaycan Prezidenti İlham Əliyev cari ilin yanvarında “Euronews” telekanalına müsahibəsində bu məsələyə münasibətini birmənalı şəkildə bildirib: “Avropa Parlamentinin Azərbaycana qarşı olan qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir”.

Oxuculara xatırladaq ki, AP-nin 2020-ci il müharibəsi dövründə və sonrasında qəbul etdiyi qətnamələrində Azərbaycanla bağlı sərt ifadələr, sanksiya çağırışları və münaqişənin “hərbi həll yoxdur” kimi tezisi ön plana çıxarılırdı. Eyni zamanda, həmin sənədlərdə Ermənistanın uzun illər ərzində beynəlxalq səviyyədə tanınmış ərazilər üzərində faktiki nəzarəti məsələsi ya ikinci plana keçir, ya da ümumi və qeyri-konkret formulalarla qeyd olunurdu. 2023-cü ilin oktyabrında qəbul edilmiş AP qətnaməsində Azərbaycanın sentyabr əməliyyatları “əsassız hərbi hücum” kimi qiymətləndirildi, hətta Qərbdən ölkəmizə sanksiyaların tətbiqi, enerji əməkdaşlığından imtina çağırışları da edildi. Bu zaman illərlə icrasız qalan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə eyni səviyyədə istinadın olmaması diqqətdən yayınmadı. AP sənədlərində humanitar məsələlər – mülki əhalinin təhlükəsizliyi, mədəni irsin qorunması geniş yer tutur, intəhası, əvvəlki mərhələlərdə ermənilərin regionda törətdiyi vəhşiliklər, dağıntılar, azərbaycanlıların məcburi köçkünlük aqibəti gündəmə gətirilmirdi. Özü lobbiçilik, korrupsiyaya və rüşvətxorluq girdabında olan AP son illər ölkəmizi mütəmadi şəkildə islamofobiya, korrupsiya məkanı, dini və etnik diskriminasiyanın “tüğyan etdiyi” postsovet respublikası kimi təqdim etmək cəhdlərindən də əl çəkmir. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin yanvarında “Euronews” telekanalına müsahibəsində bu məsələyə münasibətini birmənalı şəkildə bildirib: “Avropa Parlamentinin Azərbaycana qarşı olan bu qərəzli münasibəti Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir”. Beləliklə, artıq son nöqtənin qoyulması məqamı yetişmişdi və Azərbaycan hakimiyyəti bunu etdi.

***

Dünən Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırıldı və Avropa Parlamenti tərəfindən aprelin 30-da qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəaların qəti şəkildə pislənildiyi onun nəzərinə çatdırıldı və bununla bağlı etiraz notası təqdim olundu. Tam haqlı olaraq kifayət qədər kəskin ritorikanın yer aldığı notada AP-ın qətnaməsindəki müddəaların reallıqları təhrif edildiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanır. O da bildirilir ki, Avroparlamentin bu cür qərəzli yanaşma sərgiləməsi regionda normallaşma prosesinə, eləcə də Azərbaycanla Aİ arasında münasibətlərin perspektivlərinə mənfi təsir göstərir. Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların məntiqi əsasdan tamamilə məhrum olduğu, belə çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bəyan edilir.

2023-cü ildə rəsmi Bakının Konstitusiyaya uyğun olaraq Qarabağ ermənilərinə reinteqrasiya planını təqdim etdiyi, buna baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi, bunun əksini iddia edən bəyanatların yanlış olduğu səfirə bildirildi. Eyni zamanda, səfirin diqqətinə çatdırıldı ki, Aİ Azərbaycan–Avropa İttifaqı münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran addımların qarşısını almalıdır.

“Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın”. Bu, Milli Məclisin dünən qəbul etdiyi qərarın 1-ci bəndidir. Azərbaycan rəsmi olaraq Avropa Parlamenti ilə bütün əlaqələri dayandırır. Milli Məclisin 3 bənddən ibarət qərarında birmənalı şəkildə qeyd olunur ki, Avropa Parlamentinin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur. Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq MM-in bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.

Milli Məclisin qərarında deyilir ki, Azərbaycanın xarici ölkə parlamentləri və beynəlxalq parlament təşkilatları ilə əlaqələrində sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyəti rəhbər tutmasına, parlament dəyərlərinə və ortaq maraqlara əsaslanan açıq, səmimi və konstruktiv dialoqu təşviq etməsinə baxmayaraq, Avropa Parlamenti bu prinsipləri ayaqlar altına atan destruktiv mövqeyi ilə onunla ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı qarşısında başlıca maneəyə çevrilib. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutan Milli Məclisin qərarında Avroparlamentin fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə rədd edilməsinin dayandığına diqqət çəkilir: “Bu qurum torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşıb. Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar - Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyası isə ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə kobud müdaxilə alətinə çevrilib”.

Sonda onu da yada salaq ki, Azərbaycan Milli Məclisi Avropa Parlamentinin məhz ikili standartlara dayanan, qərəzli münasibəti səbəbindən onunla bütün əlaqələrini 2015-ci ildə dayandırmışdı. Amma qarşı tərəfin çoxsaylı müraciətlərini və vədlərini əsas götürərək, əməkdaşlığı yenidən bərpa etdi. Müdriklərimiz qaradan artıq rəng yoxdur – deyiblər. Azərbaycan bu qərarı ilə siyasi iradə, qətiyyət nümayiş etdirdi, haqqın və ədalətin tərəfində olduğunu bir daha sübuta yetirmiş oldu. Bəli, tam əminliklə, bu qərarı Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirə bilərik.

İmran BƏDİRXANLI
XQ



Siyasət