Beyləqanda Təzəkəndin təzə ağartısı

post-img

Beyləqan rayonunun Təzəkənd kəndi bərəkətli Mil düzənliyində yerləşir. Bu yerlərin havası təmiz, suyu bol, torpağı bərəkətlidir. Bu kəndin adamları isə ata-babadan əməksevərdirlər, zəhmətə, torpağa qəlbən bağlıdırlar.

Təzəkəndin səriştəli, təşəbbüskar insanları hər zaman çox olub. 60 il əvvəl doğulub boya-başa çatdığı Təzəkənddə son illər ağartı məhsullarının istehsalı ilə məşğul olan beyləqanlı sahibkar Novruz Əhmədov da öz bacarığı, işə məsuliyyətli münasibəti və xeyirxahlığı ilə ad çıxarıb, bu yolla böyük bir el-obanın hörmətini qazanıb.

Novruz Əhmədovun rəhbəri olduğu “Təzəkəndsüd” süd emalı və qəbulu müəssisəsi son illər respublikanın adlı-sanlı müəssisələrindən birinə çevrilib. Müəssisənin ağartı məhsulları artıq brend kimi qəbul edilir. İstehlakçılar yaxşı bilirlər ki, bu müəssisənin təkif etdiyi məhsulların keyfiyyəti daim yüksək olur.

Bu günlərdə müəssisənin rəhbəri Novruz Əhmədovla görüşüb söhbət etdik. Soruşduq ki, ölkəmizdə süd istehsalı və emalı sahəsində yüzlərlə irili-xırdalı özəl müəssisə var. Necə oldu ki, məhz Təzəkəndə yerləşən bu kollektiv paytaxtın istehlak bazarında özünə inam və etimad qazana bilib?

Bu sualın cavabında müəssisənin direktoru Novruz Əhmədov gülümsündü. Sadə, düz, mehriban insan olduğu üçün səmimi də cavab verdi. Dedi ki, “ağartı məhsullarının istehsalı düzlüyü, halallığı sevir. Burada zərrə qədər nəfsinə uyub haramçılığa yol vermək olmaz. Bəzən deyirlər ki, düz düzdə qalır. Allah haqqı, elə deyil, düzlük, halallıq hər şeyi üstələyir!”

Bəli, “Təzəkəndsüd” süd emalı müəssisəsinin daimi müştəriləri yaxşı bilirlər ki, burada hər şeyin mayası halallıqla yoğrulub. Halallıq isə sahibkar Novruz Əhmədova sadə traktorçu olan atası İldırım kişidən, bir vaxtlar respublikamızda adlı-sanlı, çox hörmətli pambıqçılıq briqadirlərindən biri kimi tanınan Sosialist Əməyi Qəhrəmanı Əhməd Əhmədovdan irsən keçib.

Novruz Əhmədovla söhbətdən öyrəndik ki, hazırda “Təzəkəndsüd” özəl müəssisəsində 50 nəfərdən çox işçi çalışır. Müəssisə bir neçə il əvvəl fəaliyyətə başlayandan bu günə qədər burada işləyənlərin sayı bir neçə dəfə artıb. İstehsalın və satışın həcmi artdıqca, müəssisənin gəliri yüksəlib.

“Təzəkəndsüd” süd emalı müəssisəsi hər gün əhalidən 5-7 ton süd alaraq 15 adda məhsul istehsal edir. Paytaxtın “ən bərkgedən” marketləri bu müəssisədən aldıqları məhsulların keyfiyyətinə görə alıcılardan bircə dəfə də olsun giley-güzar eşitməyiblər, əksinə, müştərilər razılıq ediblər.

Novruz Əhmədov əldə olunan uğurlarla kifayətlənən iş adamlarından deyil. O, doğma kənddə yeni istehsal sahələri yaratmağa çalışır. Təzəkənddə ayda 50-55 min cücə istehsal edən inkubator sexi açılıb. Bu, isə həm yeni iş yerləri, həm də əlavə gəlir deməkdir.

Beyləqanlı sahibkar başa düşür ki, həyat gör-götür dünyasıdır. O, daim öz bilik və bacarıqlarını artırmağa, süd emalı sahəsində yenilikləri rəhbərlik etdiyi müəssisədə də tətbiq etməyə çalışır. 2012-ci ildə qeyri-hökumət təşkilatlarının xətti ilə Gürcüstan və Türkiyədə süd məhsulları emalı üzrə təlim kurslarında olub, 2016-cı ildə İqtisadiyyat Nazirliyinin dəstəyilə qardaş Türkiyənin Bursa vilayətinin “Sütaş” firmasında seminarda iştirak edib.

Novruz Əhmədov 2023-cü ildə Rusiyanın Stavropol diyarının “Mineralnıye Vodı” şəhərində keçirilən XII Azərbaycan-Rusiya regionlararası forumuna qatılıb. Beyləqanlı iş adamı adlarını sadaladığımız təlim və seminarlarda müxtəlif sertifikatlar, o cümlədən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sertifikatını qazanıb.

Novruz müəllim insanlara təmənnasız yaxşılıq etməyi sevən iş adamlarındandır. Birinci Qarabağ müharibəsi zamanı kəndlərindəki xəstəxana hərbi hospitala çevriləndə yaralı döyüşçülərə çörək çatmadığını bilən kimi Novruz Əhmədov hər gün öz həyətində təndirdə çörək bişirtdirib hospitala aparıb. Təzəkənddə və rayon mərkəzində bir çox xeyriyyə tədbirlərinin icrasına yardımlar göstərib. 44 günlük Vətən müharibəsində cəbhə bölgəsinə təmənnasız zəruri ərzaq məhsulları göndərib. Kəndin bir çox infrastruktur layihələrinin həllində də əlindən gələni edib.

Novruz Əhmədov hesab edir ki, hər bir insanın tam xoşbəxtliyi üçün onun şanlı, şərəfli ölkədə yaşaması əsas şərtdir. Bu gün insanlarımızın arzu və diləkləri çin olub, qəlbləri sevinc içindədir. Ona görə ki, Azərbaycanın igid əsgər və zabitləri 44 günlük şanlı savaşda tarix yazıblar. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarmızı 30 illik işğaldan azad edərək qürurumuzu özümüzə qaytarıb.

Beyləqanlı sahibkar söhbətin sonunda belə dedi:

– Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı qalib dövlət kimi bütün dünyaya tanıtdırdı. Ölkəmiz hazırda çox sürətlə inkişaf və tərəqqi edir. Bu günlərdə böyük həvəslə ziyarət etdiyim Şuşanın, Laçın və Kəlbəcərin timsalında bunu aydın gördüm. Buna görə də bu doğma məmləkətin bir vətəndaşı olaraq çox sevinirəm. Ürəkdən inanıram ki, müstəqil Azərbaycanın sabahı daha işıqlı və parlaq olacaqdır.

 



Sosial həyat