III MƏQALƏ
Mərkəzi Asiya–Qafqaz–Avropa vahid enerji dəhlizi
Obrazlı desək, Prezident İlham Əliyevin Mərkəzi Asiya istiqamətində fəaliyyəti avropalıların üstünlük verdikləri “üç dəniz sistemi” formulu ilə məhdudlaşmır, strateji əhəmiyyəti yüksək olan daha geniş geosiyasi anlamda əhəmiyyət daşıyır. Buna görədir ki, “C6”nın meydana gəlməsi Azərbaycan liderinin gərgin və intensiv siyasi-diplomatik addımlarının məntiqi nəticəsidir. Bu formulun arxasında uğurlu bir liderin tarixi töhfəsi dayanır. Bir faktı da vurğulayaq.
Artıq qeyd edilmişdir ki, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanmışdır. Bunun üçün Qara dənizin dibi ilə “yaşıl enerji” kabelinin çəkilməsi nəzərdə tutulmuşdur. Həmin proseslərin məntiqi davamı olaraq 2024-cü il noyabrın 13-də Bakıda “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanmışdır. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı baş vermişdir.
İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti hadisənin çox dolğun geosiyasi anlamını ifadə etmişdir. İlham Əliyev demişdir: “Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir. Üç qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Sazişin imzalanması, deyərdim ki, tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir”.
2025-ci ildə isə Azərbaycan lideri daha yığcam geosiyasi məzmunu olan aşağıdakı tezisi ifadə etmişdir: “Bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik”.
“C6” anlamının 2 aspekti
Həmin aspektlərin siyasi, hüquqi və geosiyasi təməli ilk dəfə 2022-ci il Memorandumunda qoyulmuşdur. Azərbaycan Prezidentinin Memorandumla bağlı fikirlərini bu mövzuda öncəki məqalələrdə vermişik. İlham Əliyev həm də sənədin ümumi geosiyasi anlamını dəqiq və lakonik ifadə etmişdir. Dövlət başçısı Memorandumu “gələcək üçün yol xəritəsi” adlandırmışdır. Burada sənədin ümumi və strateji mənasını açmışdır. Əgər Memorandum gələcəyin yol xəritəsidirsə, o, yalnız enerji sferasını əhatə etmir, həm də Mərkəzi Asiya-Qafqaz-Qərb “zənciri”nin bütövlükdə konseptual və feili anlamlarının geosiyasi sintezini özündə ehtiva edir.
2022-ci il sənədini imzalayan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycan liderinin dəyərləndirməsi ilə razılaşmışdır. Ursula fon der Lyayenin aşağıdakı iki fikri bunun konkret sübutudur: “İmzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir. Bizim memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəliyi nəzərdə tutur”.
Və Aİ rəsmisinin sonrakı tezisi: “qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır”, buna görə də “Mən Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edirəm. Bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycan böyük tərəqqiyə nail olub, nümayiş və təqdim etməyə bir çox nailiyyəti var”.
Aydındır ki, 2024-cü ildə Mərkəzi Asiyadan Qazaxıstan və Özbəkistanın, Qafqazdan isə Azərbaycanın imzaladığı və yuxarıda vurğuladığımız məlum strateji əməkdaşlıq sazişi öncədən dərin düşünülmüş və Prezident İlham Əliyevin aparıcılığı ilə davamlı həyata keçirilən böyük siyasətin məntiqi bəhrəsidir. Onun başlıca mənası Mərkəzi Asiya, Qafqaz və Avropanın vahid enerji dəhlizi üzrə birləşməsindən ibarətdir. Eyni zamanda, burada Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi anlamlarının daxil olması, söhbətin sırf geosiyasi xarakterli prosesdən getdiyini təsdiq edir. Məhz bu iki faktorun işığında “C6”nın geosiyasi anlamının iki aspekti konseptual kontekstdə çox aktuallaşır. Onların üzərində dayanaq.
“Bir qurşaq” anlayışına İlham Əliyev töhfəsi
“Bir Qurşaq, Bir yol” təşəbbüsünün geosiyasi dərki aşağıdakı kimidir. “Bir Qurşaq” Çindən başlayaraq Avropaya qədər geniş bir coğrafiyanın vahid, sabit, təhlükəsiz əməkdaşlıq məkanı olmasını ifadə edir. Həmin geosiyasi məkanın iki coğrafi və həm də funksional (feili aspektdə) “hüdudu” müəyyən edilmişdir (Çin tərəfindən). Onun şimaldan sərhədini Rusiya təşkil edir (yəni Rusiya ərazisindən feili istifadə imkanı yozdur, Ukrayna savaşına görə), cənubdan isə İran faktoruna görə, xeyli risklidir. Bu iki “sərhəd ərazi”nin arasında isə Çindən Avropaya qədər “türk qurşağı” vardır. Onu “Orta Dəhliz” və ya “Orta Yol” adlandırırlar. “Bir Qurşaq” geosiyasi, siyasi, coğrafi və nəqliyyat marşrutu kimi məhz Çini, Türk dünyasını və sonra həm Şərqi Avropa istiqamətini, həm də Cənubi Avropa istiqamətini nəzərdə tutur.
Beləliklə, Türk dövlətlərinin güclü, sabit, inkişafedən, tərəqqipərvər və bəşəri miqyasda humanitar olması dünyanın özünə lazımdır. Türk faktoru bu anlamda artıq XXI əsrin əsas amilidir! XXI əsr həmin bağlılıqda “Türk əsri”dir! Belə alınır ki, “Bir Qurşağın” siyasi, ticari, geosiyasi və təhlükəsizlik müstəvilərində coğrafi, geosiyasi və əməkdaşlıq istiqamətləri üzrə bütöv, təhlükəsiz, işlək olması birbaşa Türk dövlətlərinin birgə fəaliyyətindən asılıdır.
Bu bağlılıqda “C6” “Bir Qurşağın” çox mühüm coğrafi və geosiyasi tərkib hissəsini təşkil edir. Niyə çox mühüm? Çünki hazırda vurğulanan layihə yolunda ən çox təhdidlərə, risklərə və təhlükələrə məruz qalan məhz Türk coğrafiyasıdır. Müxtəlif imperialist ambisiyalı qüvvələr Türk dünyasını çalxalamağa, onu tarixi funksiyasından yayındırmağa cəhdlər göstərirlər. Bu da ön sıraya fəal və təşəbbüskar türk liderin çıxarılması ehtiyacını ortaya qoyur. İlham Əliyev bu vəzifənin öhdəsindən böyük uğurla gəlməkdədir!
Beləliklə, artıq Qərbin siyasi dairələri anlayırlar ki, türklərsiz heç bir qalıcı inkişaf və sülh mümkün deyildir. Bu səbəbdən ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi təmsilçisi son zamanlar iki tezisi vurğulayır: birincisi, Qərb XX əsrin başlanğıcından Osmanlıya qarşı yanlış mövqe tutduğunu anlayır, ikincisi, “Xəzər dənizindən Aralıq dənizinə qədər əməkdaşlıq görəcəksiniz”.
İndi ikinci geosiyasi aspektə baxaq.
“Bir yol”un İlham Əliyev memarlığı
“Bir Qurşağın” geosiyasi tərkib hissəsi kimi Mərkəzi Asiya-Qafqaz və Xəzər dənizi-Qara dəniz coğrafiyasının həssaslığı və aktuallığı real müsbət nəticəverici addımların atılmasını tələb edir. Bunu gerçəkləşdirə biləcək liderin türklərdən olması zərurətini yuxarıda əsaslandırmağa çalışdıq. İlham Əliyev bu bağlılıqda XXI əsrdə aparıcı türk lideridir. Siyasi lider kimi Azərbaycan rəhbərinin tarixi missiyası aspektində bu özəlliyin ayrıca yer tutduğunu düşünürük. Biz, bu kontekstdə Azərbaycan liderinin tarixi missiyasını hələ çox araşdırmalı və onun konseptual obrazını yaratmalıyıq.
Realpolitika çərçivəsində siyasi-diplomatik sahədə isə İlham Əliyev quruculuq xəttini inam və uğurla davam etdirir. Hazırda Azərbaycan Prezidenti “Bir Yol”a konkret geosiyasi anlam və feili reallaşdırılma “dəhlizi” kimi məzmun verən əsas liderdir. Bunu Pekində, Ankarada və Vaşinqtonda açıq etiraf edirlər. Onun son sübutlarından biri “C6”dır! “C6” kontekstində “Bir Yol”u necə izah etmək olar?
Azərbaycanın Mərkəzi Asiya dövlətləri başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qəbul edilməsi “Bir Yol”un iki cəhətdən geniş bir geosiyasi məkanda əməkdaşlıq və təhlükəsizlik baxımından sığortalanması deməkdir.
Birincisi, Azərbaycan faktiki olaraq TDT-nin yerləşdiyi coğrafiyanın hər qarışında “Bir Yol”un təhlükəsizliyini və işləkliyini təmin edə bilmək gücündədir. Təhlükəsizlik aspekti TDT-nin bütövlükdə geosiyasi, iqtisadi, siyasi-diplomatik və hərbi imkanları ilə bağlıdır. Hazırda ÜDM-i trilyon dollarla ölçülən və bu aspektdə inkişaf edən bir TDT qlobal geosiyasətdə aktordur. Avrasiyada indi TDT qədər dinamik və davamlı inkişaf edən ikinci bir təşkilat mövcud deyildir.
İkincisi, Azərbaycan eyni dərəcədə Qərb və Çin üçün, qismən də Rusiya və İran üçün enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin sintezdə təmini nümunəsinə malik dövlət olaraq legitimdir. Burada Rusiya və İranın mövcud qüvvələr balansını pozmaq imkanlarının məhdud olduğunu və Şuşa Bəyannaməsinin, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qazaxıstan-Özbəkistan miqyaslarında imzalanan strateji mahiyyətli sənədlərin verdiyi dividendləri nəzərə alsaq, rəsmi Bakının üzərinə düşən missiyanı uğurla yerinə yetirəcəyinə zərrə qədər də şübhə yeri qalmır.
Bununla geosiyasi anlamı olan və vacib hesab etdiyimiz bir ümumiləşdirmə edə bilərik.
Prezident İlham Əliyev fəal xarici siyasətində məharətli uyğunlaşdırma və realpolitik məqama üstünlük verməklə möhtəşəm tarixi, siyasi və geosiyasi nailiyyətə imza atmışdır. Azərbaycan lideri konseptual yanaşma əsasında praktiki müstəvidə məlum beynəlxalq layihənin “Bir Qurşaq” hissəsi ilə “Bir Yol” kəsiminə vahid geosiyasi kontekstdə səmərəverici məzmun verə bilmişdir. Onun iki mühüm göstəricisindən danışa bilərik. Onlardan birincisi TDT-nin Qəbələ Zirvəsidir, ikincisi isə “C6+1”dir!
Bu naliyyətlərin bir tərəfi Zəngəzur dəhlizinin perspektivi ilə əlaqəlidir. İndi “Tramp yolu” deyilən layihə reallıqda Azərbaycanın aparıcılığı və Türkiyənin qlobal geosiyasi çətirlik funksiyası ilə “TDT” ideyasının triumfudur! Onun təməlində isə ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” tarixi kəlamının nəzəri, konseptual, siyasi, ideoloji və geosiyasi məna çalarları dayanır. Həmin prizmada “C6+1” formulu ilə “TDT+” formulu arasında məntiqi və praktiki bağlantıların təhlilinə keçmək olar.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

